Azərbaycan servisi/Aran Agentliyi
“Heç olmasa verərdilər, biz özümüz tikdiyimiz məscidi sökəydik...”
Sən demə, məscid sökən buldozer sürücüsü yerindəcə ağır yaralanıb və keçinib
“Peyğəmbərimiz Muhəmməd (s)” məscidi
Yəqin hər biriniz xatırlayırsınız ki, bir vaxtlar, daha dəqiq desək 26 aprel 2009-cu il axşam saatlarına qədər Azərbaycanın və eyni zamanda İslam mədəniyyətinin paytaxtı olan Bakı şəhərində əziz İslam Peyğəmbərinin adını daşıyan “Peyğəmbərimiz Muhəmməd (s)” adlı gözəl məscid ucaldılmışdı. Bir daha xatırlatmağımız xoşagəlməz olsa da, yada salmaq yaxşı olar ki, elə yuxarıda göstərdiyimiz tarixdə hələ də tam aydınlaşmamış səbəblər üzündən gecə ilə həmin Allah evi yerlə yeksan edildi. Allah evinin uçurdulmasından sonra onun ərazisində nə kimi işlər görüldüyünü və Allah evinin sökülməsi ilə bağlı bəzi səbəbləri öyrənmək məqsədi ilə məscidin ərazisinə yollandıq. Burada gördüklərimiz eşitdiklərimiz, düşünürük ki, sizlər üçün də maraqlı olar.
Allah evinin bikəs ərazisi
Həmin möhtəşəm məscidin ərazisi olduqca tanınmaz hala gəlmişdir. Yerdəki kiçik, bəzəkli daşlardan başqa həmin Allah evini xatırldan bir şey qalmamışdı. Məscidin ərazisi yeni bir hasar ilə ikiyə bölünmüşdü. Arxa tərəf görünür iddiaçı tərəfə verilmiş, qarşı tərəf isə hələ də boş vəziyyətdə idi. Sadəcə olaraq qarşı əraziyə gübrəli, qara torpaq səpilmişdi. Zehnimizdən elə keçdi ki, bəlkə bu ərazidə ağac əkmək istəyirlər?! Haradan biləydik ki, düşündüyümüz elə həqiqətdir. Bu barədə isə az sonra danışacayıq. Elə burada yalqız ərazinin şəkillərini çəkirdik ki, bizə bir nəfər yaxınlaşdı. “Bunlarda görəsən, insaf, vicdan, insanlılıq var?! Bəyəm Allah evini də sökmək olar?!”. Azacıq bu sözləri deyən cavanla danışmışdıq ki, məlum oldu ki, o, bu yaxınlardakı müəssisələrdən birində çalışır. Onun sözlərinə görə, təqribən yeddi gün bundan öncə məscidin sökülmüş ərazisi hasarla ikiyə bölünüb. Birinci tərəf Dövlət İqtisadiyyat universitetinə verilib, ikinci tərəf isə boş qalıb. Daha bir ilginc məlumatı isə bu oldu ki, hadisə baş verən gecə bir nəfər buldozer sürücüsü yerindəcə ağır yaralanıb və keçinib. Az sonra isə bizə daha bir kəs yaxınlaşdı. Bu, məscidi böyük həvəslə inşa etdirmiş Mir Valeh Mövsümov idi. Çox israrla bizi çalışdığı müəssisəyə dəvət etdi. Biz də dəvətini qəbul etdik.
“Allah məni bağışlasın...”
Bizə yer göstərdi, əyləşdik. Biz də elə bu vəziyyətdən istifadə edib Allah evi söküləndən sonra onun təəssüratlarını öyrənmək qərarına gəldik. “Qəlbimi sındırıblar. Sanki mənim qəlbimi sındırıblar. Mən necə ola bilərəm?! Heç nə başa düşmək olmur. Avropada, xristian dövlətlərində məscidlər açılır. Belçikada bu yaxınlarda səkkiz məscid açıblar. Azərbaycan, Bakı, müsəlman dövləti, İslam mədəniyyətinin paytaxtı... Mənə çatmır. Elmlər namizədiyəm, qəzet redaktoruyam, amma belə şeylər mənə çatmır. Qardaş, hər şey bir qırağa, məscidə də toxunmaq olar?! Allah evinə balaca daş da atmaq olmaz. Sən məscidi ver buldozerin qabağına?! Sadəcə bir söz deyim ki, kim ki, bunun sifariçisi idi, kim ki, bunu icra etdi - gec-tez mütləq bilirəm Böyük Yaradan qarşısında cavab verəcək. Bircə Allah məni bağışlasın. Bəlkə mən nəyisə düz eləmədim, bəlkə nəyisə gərək düz eləyəydim, başqa hərəkət görəydim, bilmirəm...”
“Absurda bax!...”
“Doqquzca kvadrat ərazi Dövlət İqtisad universitetinin ərazisinə daxil idi. Onu söküb dayana bilməzdilər?! Ən dəhşətlisinə baxın! İş indi Apellyasiya məhkəməsindədi, apellyasiya məhkəməsinin gündəliyindədi. Apellyasiya məhkəməsinin gündəliyindədir ki, bu məscid sökülsün, ya sökülməsin. Mən heç bir yerə də şikayət eləyə bilmirəm. İşə gərək appelyasiya məhkəməsində baxılsın. 24 aprel tarixində Ali məhkəmənin iclası oldu. Ali Məhkəmə işləri göndərdi Apellyasiya məhkəməsinə. 26 apreldən 27 aprelə keçən gecə gəldilər onu sökdülər. Apellyasiya məhkəməsinin qərarı hələ yoxdur. İndi məhkəmə hansı işə baxacaq? Qərar yoxdur ay qardaş, qərar yoxdur! Belə qanunsuzluq olar?! Qanunsuz məsciddi, ya məscidi sökənlər?! Təsəvvür eləyin, mühakimə olunmalı bir kəsi gecə ilə öldürürlər. Məhkəmə də durub onun işinə baxmaq istəyir. A kişi, kimin işinə baxırsız, o adam yoxdur artıq. Mənim doqquz kvadrata görə başıma belə oyun açdılar, indi iki kupçalı yerimi zəbt eləyirlər...”
Məscidin ərazisi ağac əkmək üçün lazım idi
“Doqquz kvadrat ərazini bəhanə gətirib məscidi sökdülər, indi qanunsuz olaraq mənim yerimi əlimdən alıb orada ağac əkirlər. İqtisadiyyat universitetinin ərazisini hasarla ayırıb veriblər özünə, icazəsi, sənədləri mənim əlimdə olan ərazidə də ağac əkmək istəyirlər. Yerli icra hakimiyyətindən zəng vurub deyiblər ki, sabah həmin əraziyə qara torpaq səpəcəyik. Ağac əkmək istəyirlər. Vallah, mən belə şey görməmişdim. Elə ağaclara görə məscidi qanunsuz adlandırb sökdülər? Və ya indi yadlarına düşdü ki, məscid qanunsuzdur? Mən əvvəlcə minarə üçün yeddi metrə özül qazdırdım. Hamı gəldi dedi ki, Allah atana rəhmət eləsin. Bacarırsan, Azərbaycanda get bir pəncərəni qapı elə! Qoyarlar?! Mən minarəni 25 metr qaldırdım. Bu səkkiz mərtəbəli bina deməkdi. Niyə qoydular?! Yaxşı, indi deyirsiz zəbt eləmişəm, birincisi bu Allahın evidi, mən bunu özüm üçün tikməmişdim. İkincisi, mən deyirdim ki, gəlin qalan ərazinin də haqqı nədirsə verək, təki məscid sökülməsin. Üçüncüsü, mən deyirdim ki, bunu verirəm dövlətə. İqtisadiyyat universiteti dövlətin deyil məgər? Məscidi də verəcəkdim dövlətin sərəncamına.
Ay qardaş, bax bu məscid ilə üzbəüz xəstəxanadır. Hər gün nə qədər xəstə pəncərəsindən məscidə boylanırdı, dualar edirdi. Neçə-neçə xəstənin yaxını gəlib deyirdi ki, dua etmişik Allaha xəstəmiz sağalsın, bu məscidə ehsan gətirərik. Nə qədər insan soruşurdu haçan açılacaq, nə zaman burada ibadət etmək mümkün olacaq. Uşaqlıqdan bizi belə öyrədiblər ki, yeganə sonsuz varlıq varsa, o da Allahdır. Bu da Allahın evi idi...”
“Kitabəni lomla, ağır çəkiclərlə sındırdılar...”
Məscidin üz tərəfində bəzəkli daşlarla, qranitlərlə Qurani-Kərimin kitabəsini düzətmişdik. Onun da üstündə yazmışdıq: ”Mərhəmətli və Bağışlayan Allahın adı ilə. Allah göylərin və yerin nurudur” (“Nur” surəsi, ayə 35). Yazıb vurmuşduq məscidin divarının üstünə. Bax, təsəvvür edirsiz, onu lomla, ağır çəkiclə sındırdılar. Biz görmüşük ki, Quranı öpüb gözün üstünə qoyarlar. Lomla, çəkiclə sındırmaq - bu insana xas olan hərəkətdir?! Sən məscidi ver buldozerin qabağına, özü də heç bir məhkəmə qərarı olmamış?!
Heç olmasa verərdilər biz özümüz məscidi sökəydik. Məhkəmənin qərarını gözləyərdilər, sonra bizə deyərdilər ki, qardaş, qanunsuzdur, gedin məscidi sökün. Yasamal rayonu məhkəməsinin qərarında xüsusi ilə qeyd edilirdi ki, məscidi sökmək onu tikən şəxsə həvalə edilsin. Onu da gözləmədilər. Elə bil ki, özləri xüsusi amansızlıqla Allah evini sökmək istəyirdilər”.
“Dini komitə bizə dəfələrlə deyib ki, məscid işinə biz baxmırıq, nə oldu, indi baxdı...”
Mən, keçən ilin oktyabr ayının 13-də məscidin işləri dayandırılmayana qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə ünsiyyətdə olmamışam. İndi onlar deyirlər ki, dəfələrlə məni çağırıb xəbərdarlıq ediblər. Mən heç zaman onların qəbulunda olmamışam. Məscidin tikinti işləri dayandırıldıqdan sonra Dini Komitə ilə nə qədər əlaqə saxlamışıqsa, deyib ki, sən bir bizim idarənin adına bax, biz dini qurumlarla məşğuluq, məscid işinə biz baxmırıq. Yasamal rayonu məhkəməsinin qərarı çıxandan sonra isə Dini Komitə mənə məktublar göndərdi, deyirdi ki, bu məsələ qanun çərçivəsində həll ediləcək. Bu idi qanun - məscidi sökmək?! Allah hamısını yaxşı bilir, qardaş, mən kiməm ki?!”
“Biz Allah evinə layiq olmadıq...”
“Sonda onu deyə bilərəm ki, istər Bakıda, istər Goranboyda, istər Qarabağda, istər Ermənistanda - Allah evinə əl uzatmaq cinayətdir, cinayət. Ancaq biz Allahın evinə layiq olmadıq. Biz onun qədrini bilmədik, Allah da bizim əlimizdən aldı. Məscidi ancaq gərək təmizləyəsən, gözəlləşdirəsən, gərək şəhərdə ən gözəl yerlər məscidlər olsun. Erməni kilsəsi qalıb şəhərin düz mərkəzində. Mən demirəm ona nəsə edək, amma məscidlə bu cür rəftar etmək olar?! Amerika prezidenti məscidə gedir, İslam mədəniyyəti paytaxtında isə məscid sökülür...
Bircə onu deyim ki, imkanım olan kimi Allahın köməyi ilə, Allahın icazəsi ilə məscid tikməyə hazıram. Ancaq, o kəslər ki, Allah evi haqqında yalan danışırlar, kimlər ki, istər Neft daşlarında, istər Yasamalda məscidləri sökməyi sifariş edir - mütləq cavab verəcək. Allahdan qorxmaq lazımdı”.