İran Ali rəhbərinin Azərbaycandakı nümayəndəsi Milli Təhlükəsizlik Nazirliyində (MTN) dindirilmədiyini deyib
Azərbaycan servisi/Aran Agentliyi
İran Ali rəhbərinin Azərbaycandakı nümayəndəsi Milli Təhlükəsizlik Nazirliyində (MTN) dindirilmədiyini deyib.
"Azərbaycan mətbuatında mənim MTN-ə çağırılmağım barədə yayılan məlumatı təkzib edirəm. Mənim bu məsələdən xəbərim yoxdur", - İran Ali rəhbərinin Azərbaycandakı nümayəndəsi ruhani Seyyid Əliəkbər Ocaqnejad cümə günü Trend News-a bildirib.
Trend News-un arayışı: İyunun 2-də Azərbaycan mətbuatında "İran səfirliyinin əməkdaşı MTN-ə çağrıldı!" başlıqlı məlumat dərc olunub. Məlumatda bildirilir ki, bugünlərdə İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin keçmiş rəhbəri, ruhani Əliəkbər Ocaqnejad təhlükəsizlik orqanlarına aparılaraq orada dindirilib.
Ocaqnejad əlavə edib ki, bu cür məlumatlar qəsdən və məqsədli şəkildə bəzi maraqları təmin etmək məqsədi ilə yayımlanır.
Diqqətinizə çatdıraq ki, bir neçə gün bundan əvvəl Türkiyənin nüfuzlu bir neçə saytı Seyyid Əliəkbər Ocaqnejadın ölkədən çıxarıldığını yaymışdı.
İslam-Azeri saytı bu xəbəri araşdırdıqda məlumatın dezinformasiya olduğunu aşkarlamış, İslam-Azeri-nin Türkiyədəki müxbiri bu saytlara səhvlərini düzəltməyi xahiş etmişdir.
Bir neçə saatdan sonra bu xəbər saytları xəbərlərinə düzəliş vermişlər.