Tarix : 2009 Jun 05
Kod 12332

DÜŞMƏNLƏR SÜFRƏ BAŞINDA

Azərbaycan və Ermənistan prezidentinin Sankt-Peterburq görüşündə Qarabağ nizamlanması üzrə sıçrayış əldə olunmayıb, amma müəyyən irəliləyişlər var
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan və Ermənistan prezidentinin Sankt-Peterburq görüşündə Qarabağ nizamlanması üzrə sıçrayış əldə olunmayıb, amma müəyyən irəliləyişlər var. Hər iki ölkənin XİN rəhbərləri dünən Sankt-Peterburqda keçirilən İlham Əliyev və Serj Sarkisyan görüşünün yekunlarını belə şərh ediblər.

Ermənistan XİN rəhbəri Edvard Nalbandyan bildirib ki, “bu gün hansısa sırayış və ya əhəmiyyətli proqresdən danışmaq olmaz, amma buna baxmayaraq, tərəflər irəliyə doğru addımlayırlar və danışıqları davam etdirməyi təklif ediblər”. Bu zaman o, prezidentlər səviyyəsində daha bir görüş keçirilməsi zərurətini qeyd edib. XİN rəhbərlərinə Minsk qrupu həmsədrləri ilə birgə müvafiq hazırlıq işi aparmaq və “tərəflərin mövqelərinin uyğunlaşdırılması üzrə” növbəti danışıqları davam etdirmək tapşırılıb.

Öz növbəsində, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov erməni həmkarının qiymətləndirməsi ilə razılığını ifadə edib.

«Mən həmkarımın dedikləri ilə razıyam. Yalnız onu əlavə edə bilərəm ki, əvvəlkilərdən fərqli olaraq, bu görüş başqa istiqamətdə keçirilib. Əlbəttə ki, irəliləyişlər var, deyə bilmərik ki, - bu fikir ilə tamamilə razıyam, - görüşdə sıçrayış əldə olunub. Amma, prinsipcə, daha çox anlayış var, tərəflər bir-birinin mövqeyini daha çox dərk edir və ən əsası, irəliləyə doğru getmək, bu məsələni həll etmək zərurəti haqqında ümumi razılıq var və bu qərar çox sevindiricidir», deyə ANS telekanalı Məmmədyarovdan sitat gətirir.

Tərəflər arasında hansı məsələlər üzrə fikir ayrılıqları qalması barədə suala Məmmədyarov belə cavab verib: «Son beş ildə Praqa prosesi çərçivəsində işlənilməsi başlanılan və Madrid sənədinə çevrilən prinsiplər mövcuddur. Bu prinsiplərdən bəziləri üzrə daha çox anlaşma var, indi prezidentlər səviyyəsində müzakirə olunan bəzi prinsiplər üzrə müəyyən anlaşmanın müəyyən cizgiləri hiss olunur. Və bu kontekstdə, deyə bilərəm ki, əgər sənəd qəbul ediləcəksə, bütün məsələlərə dair toplam olaraq ümumi razılıq əldə olunduqdan sonra qəbul edilə bilər».

Qeyd edək ki, dünən Azərbaycan və Ermənistan prezidentləri ayrı-ayrılıqda Rusiya prezidenti Dmitri Medvedevlə görüşüblər, bundan sonra üçtərəfli qeyri-formal görüş keçirilib. /TURAN/
 
 
  • Yazılıb
  • da (də) 2009 Jun 05