Tarix : 2009 Jun 07
Kod 12372

YAXTADA ÜÇ PREZİDENT

Əliyev, Sərkisyan və Medvedyevin Sankt-Peterburq gəzintisindən maraqlı şəkillər yayılıb «Prezidentlər iyulda yenidən görüşə bilər»
Azərbaycan servisi/Aran Agentliyi
Ermənistan və Azərbaycan prezidentləri arasında Sankt-Peterburqda aparılmış danışıqların yekunu ilə bağlı Minsk Qrupunun həmsədrləri rəsmi bəyanatla çıxış ediblər. ATƏT-in rəsmi internet saytında yer alan bəyanatda deyilir ki, danışıqlar konstruktiv atmosferdə keçib və prezidentlər həmsədrlərin yaxın zamanlarda, məsələn, iyulda yenidən görüşmək təklifi ilə razılaşıblar. Bəyanatda qeyd olunub ki, ATƏT Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Metyu Brayza (ABŞ), ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iyunun 4-də Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanın görüşündə iştirak ediblər.
«Bu, prezidentlərin 2008-ci ilin iyununda keçirilmiş ilk görüşündən keçən müddətdə beşinci görüşü idi. Təkbətək və həmsədrlərin iştirakı ilə keçirilən görüşdə prezidentlər Qarabağ münaqişəsinin nizamlanma konsepsiyasını bütünlükdə nəzərdən keçirib və hələ də razılaşdırılmamış elementləri müzakirə ediblər. Müzakirələr konstruktiv atmosferdə keçib və tərəflər arasında baza prinsipləri ilə bağlı fikir ayrılıqlarının azaldan müsbət addımlarla nəticələnib. Müzakirələr zamanı əldə olunan müsbət irəliləyişləri nəzərə alaraq prezidentlər həmsədrlərdən "məkik diplomatiyasını" davam etdirməyi və Madrid sənədi ilə müəyyən olunmuş yeni geniş mövzu açmağı xahiş ediblər. Onlar hələ də bu sənədi danışıqların bazası hesab edirlər".
Xatırladaq ki, Sankt-Peterburqda İ.Əliyevlə S.Sərkisyan əvvəlcə Minsk Qrupu həmsədrlərinin və xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar aparıblar. Daha sonra onların ayrı-ayrılıqda Rusiya prezidenti Dmitri Medvedyevlə görüşləri olub. Axşam isə Medvedyev, Əliyev və Sərkisyan birgə şam ediblər və Neva çayında yaxta səyahətinə çıxıblar. Bu zaman Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr davam etdirilib. Həmsədrlər və xarici işlər nazirləri birgə şam yeməyində və yaxta gəzintisində olmayıblar. Dünən isə Türkiyə qəzetlərində üç prezidentin yaxta gəzintisindən maraqlı şəkillər dərc olunub. Bu şəkillərdən görünür ki, prezidentlər qalstuksuz olublar və qeyri-formal atmosferdə müzakirələr aparıblar. Həmçinin Əliyevlə Sərkisyan yanaşı oturub, Medvedyev isə onlarla üzbəüz əyləşib söhbət edirlər.
Həmsədrlərin bəyanatından məlum olur ki, prezidentlərin bu ayın sonunda İtaliyanın Triyest şəhərində görüşmək planları yoxdur. Bundan əvvəl Əliyevlə Sərkisyanın Triyestdə görüşəcəkləri haqda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirmişdi. Lakin onun dediyi İrəvanda və Bakıda təsdiqlənmədi. İyul ayında prezidentlərin hansı beynəlxalq tədbir çərçivəsində görüşəcəkləri haqda hələ məlumat yoxdur, ancaq həmsədrlər bildirmişdilər ki, bu yay ABŞ, Fransa və Rusiya prezidentlərinin iştirakı ilə Ermənistan-Azərbaycan dövlət başçıları arasında görüş gözlənilir.
  • Yazılıb
  • da (də) 2009 Jun 07