Moskvada baş tutacaq sammitdə münaqişənin həlli istiqamətində həlledici addımlar atıla bilər
Azərbaycan Servisi/Aran Agentliyi
Dağlıq Qarabağ münaqişəsinə dair 17 illik danışıqlar prosesində misli görünməmiş addım atılır. Məlum olub ki, ilk dəfə Minsk Qrupuna həmsədrlik edən dövlətlərin prezidentləri birlikdə qarşı duran tərəflərin dövlət başçıları ilə görüşəcəklər. Moskvada baş tutacaq sammitdə dünyanın böyük dövlətləri eyni zamanda həm öz aralarında Qafqazda nüfuz savaşı kontekstində Qarabağ münaqişəsini müzakirəyə çıxaracaqlar, həm də Ermənistan və Azərbaycan prezidentlərinə münaqişənin həlli istiqamətində birgə təzyiq göstərəcəklər.
Kremldən açıqlanan məlumata görə, ABŞ prezidenti Barak Obama iyulun 6-da Moskvaya səfər edəcək. Onun səfərinin iyulun 8-dək davam edəcəyi gözlənilir. Rusiya prezidentinin administrasiyası bildirir ki, prezidentlərin gündəmində dayanan əsas məsələlər Cənubi Qafqazdakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsi, habelə regiondan keçən enerji layihələridir. Digər məlumata görə eyni tarixdə Fransa prezidenti Nikola Sarkozi də Moskvaya gələcək. Onun Rusiya prezidenti Dmitri Medvedyevlə ikitərəfli görüşləri ilə yanaşı, dünyanın üç böyük dövlətinin prezidentləri arasında birgə görüş də gözlənilir. Bu görüşdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan dövlət başçısı Serj Sərkisyan da iştirak edəcək.
Xəbər verildiyi kimi, Əliyevlə Sərkisyan arasında ötən həftə Sankt-Peterburqda aparılan danışıqlardan sonra Minsk Qrupu həmsədrləri bəyan ediblər ki, prezidentlər danışıqları davam etdirməyə qərar veriblər. Həmsədlrər onların növbəti görüşünün ”məsələn, iyulun əvvəllərində” baş tutacağını da bildiriblər. Daha əvvəl isə Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza xarici mətbuata müsahibəsində iyul ayında üç həmsədr ölkənin prezidentinin Ermənistan və Azərbaycan dövlət başçıları ilə bir araya gələcəyinin gözlənildiyini açıqlamışdı. Belə görünür ki, Brayzanın anons etdiyi həmin görüş Moskvada baş tutacaq. Hələlik rəsmi İrəvan və Bakı Əliyevlə Sərkisyanın Moskvada üç həmsədr ölkənin prezidentinin iştirakı ilə danışıqlar aparacağı haqda məlumat yaymayıb. Lakin belə rəsm məlumatın yaxın həftələrdə və ya günlərdə veriləcəyi gözlənilir. O da gözlənilir ki, prezident Sarkozi Moskvadakı Qarabağ sammitindən sonra, iyulun ortalarında Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana səfərə gələcək.