Moskvada baş tutacaq görüşdə Obama, Sarkozi və Medvedyevlə bərabər, Əliyevlə Sərkisyan da iştirak edəcək; münaqişənin həlli istiqamətində həlledici addımlar atıla bilər
Azərbaycan servisi/Aran Agentliyi
Dağlıq Qarabağ münaqişəsinə dair 17 illik danışıqlar prosesində analoqu olmayan addım atılır. Məlum olub ki, ilk dəfə Minsk Qrupuna həmsədrlik edən dövlətlərin prezidentləri birlikdə Azərbaycan və Ermənistan dövlət başçıları ilə görüşəcəklər. Moskvada baş tutacaq sammitdə dünyanın böyük dövlətləri, eyni zamanda həm öz aralarında Qafqazda nüfuz savaşı kontekstində Qarabağ münaqişəsini müzakirəyə çıxaracaqlar, həm də Ermənistan və Azərbaycan prezidentlərinə münaqişənin həlli istiqamətində birgə təzyiq göstərəcəklər.
Kremldən açıqlanan məlumata görə, ABŞ prezidenti Barak Obama iyulun 6-da Moskvaya səfər edəcək. Onun səfərinin iyulun 8-dək davam edəcəyi gözlənilir. Rusiya prezidentinin administrasiyası bildirir ki, prezidentlərin gündəmində dayanan əsas məsələlər Cənubi Qafqazdakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsi, habelə regiondan keçən enerji layihələridir. Digər məlumata görə, eyni tarixdə Fransa prezidenti Nikola Sarkozi də Moskvaya gələcək. Onun Rusiya prezidenti Dmitri Medvedyevlə ikitərəfli görüşləri ilə yanaşı, dünyanın üç böyük dövlətinin prezidentləri arasında birgə görüş də gözlənilir. Bu görüşdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan dövlət başçısı Serj Sərkisyan da iştirak edəcək.
Xəbər verildiyi kimi, Əliyevlə Sərkisyan arasında ötən həftə Sankt-Peterburqda aparılan danışıqlardan sonra Minsk Qrupu həmsədrləri bəyan ediblər ki, prezidentlər danışıqları davam etdirməyə qərar veriblər. Həmsədrlər onların növbəti görüşünün, məsələn, iyulun əvvəllərində, baş tutacağını da bildiriblər. Daha əvvəl isə Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza xarici mətbuata müsahibəsində iyul ayında üç həmsədr ölkənin prezidentinin Ermənistan və Azərbaycan dövlət başçıları ilə bir araya gələcəyinin gözlənildiyini açıqlamışdı. Belə görünür ki, Brayzanın anons etdiyi həmin görüş Moskvada baş tutacaq. Hələlik rəsmi İrəvan və Bakı Əliyevlə Sərkisyanın Moskvada üç həmsədr ölkənin prezidentinin iştirakı ilə danışıqlar aparacağı haqda məlumat yaymayıb. Lakin belə rəsmi məlumatın yaxın günlərdə veriləcəyi gözlənilir. O da gözlənilir ki, prezident Sarkozi Moskvadakı Qarabağ sammitindən sonra iyulun ortalarında Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana səfərə gələcək.
Göründüyü kimi, dünyanın böyük dövlətlərinin liderləri Qarabağ münaqişəsi ilə bağlı hərəkətə keçiblər. Lakin onların heç də hamısının məqsədi münaqişənin tezliklə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmaq deyil. Bu, xüsusən Rusiyaya və onun prezidentinə aiddir. Artıq birinci dəfə deyil ki, Qərbdən münaqişənin həllini sürətləndirmək haqda təşəbbüslər gələn kimi Moskva danışıqlar prosesini Ermənistan vasitəsilə tormozlayır. Elə bu ilin may ayında Praqada Ermənistan və Azərbaycan prezidentləri arasında danışıqların növbəti mərhələsi haqda da belə demək olar. Diqqət yetirək: həmin görüş ABŞ-ın və Avropa İttifaqının təşəbbüsü ilə hazırlanmışdı və prezident Barak Obamanın Türkiyəyə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün ölkəsinin səyləri artırmağa qərar verdiyi haqda bəyanatından sonra keçirilirdi. Danışıqlardan iki gün əvvəl ABŞ dövlət katibi Hillari Klinton Ermənistan və Azərbaycan xarici işlər nazirlərini eyni vaxtda Vaşinqtona dəvət edərək onlarla ayrı-ayrılıqda danışıqlar aparmışdı. Prezidentlər isə ABŞ-ın Praqadakı səfirliyinin iqamətgahında görüşürdülər. Lakin Praqa danışıqlarında heç bir irəliləyiş olmadı, əksinə, gələn xəbərlərə görə, proses Sərkisyanın sayəsində daha da geriyə getdi.
Ötən həftə keçirilən Sankt-Peterburq görüşündə şübhəsiz ki, vasitəçi rolunda Rusiya və prezident Medvedyev çıxış edirdi. Kreml Əliyevlə Sərkisyan üçün xeyli maraqlı proqram da hazırladı və ilk dəfə müharibə vəziyyətində olan iki ölkənin prezidentləri birgə şam yeməyi yeyərək Medvedyevlə birlikdə Neva çayında yaxta səyahətinə çıxdılar. Ancaq həm görüşdən əvvəl, həm sonra Kreml sözçüsünün verdiyi mesaj bundan ibarət idi: Bu danışıqları təşkil etməklə Rusiya heç də münaqişənin həllini tələsdirmək və tərəflərin qarşısına hansısa yüksək vəzifə qoymaq, hər hansı həll modelinə razılıq vermək üçün onlara təzyiq göstərmək fikrində deyil. Kremlə görə, mühüm olan budur ki, hər iki tərəf Rusiyanın üstün vasitəçi rolunu qəbul edir və danışıqları davam etdirməyə hazırdır. Yəni proses nəzarətdədir və kənar güclər, konkret olaraq Qərb onu istədiyi istiqamətə yönəldə bilməz.
Münaqişənin həllini sürətləndirmək səylərini Moskvada necə tormozladıqlarını şübhəsiz ki, Qərbdə də bilirlər. Bu baxımdan Obamanın Qarabağ gündəmi ilə Moskvaya səfər etməsinin məqsədi Rusiya ilə bu məsələni ayırd etməkdir. Ehtimal olunur ki, ABŞ Rusiyanı münaqişənin həllinə yol açmağa inandırmaq üçün hansısa geosiyasi kompromislər vəd edə bilər. Bura Qafqaz regionunda iki böyük dövlətin kəsişən maraqları üzərində hansısa kompromis variantlar da daxildir. Rusiya əmin deyil ki, münaqişə nizamlanandan sonra Ermənistan onun orbitindən çıxıb Qərbə meyl etməyəcək. Elə bugünlərdə Vaşinqtonda aparılan Türkiyə-ABŞ strateji müzakirələri zamanı müdafiə naziri Vecdi Könül açıq şəkildə bildirmişdi ki, Ermənistanın Rusiya və İranın təsirindən qopub Qərbə yaxınlaşmasına nail olmaq lazımdır. Bu mövqeni heç şübhəsiz ki, ABŞ administrasiyasında da bölüşürlər. Lakin onu da nəzərə alırlar ki, Rusiyanın Ermənistanı öz orbitində saxlamaq üçün nə dərəcədə güclü rıçaqları var. Bu rıçaqlardan biri və ən güclüsü də elə Qarabağ məsələsidir. Deməli, Obamanın Moskvaya səfəri daha çox Rusiya ilə Qarabağ məsələsi və regionda nüfuz bölgüsü ilə bağlı strateji anlaşma əldə etmək məqsədi daşıyacaq. Eyni tezisləri Fransaya və onun prezidentinin Obama ilə eyni vaxtda baş tutacaq Moskva səfərinə də aid etmək olar. Fransa indiki halda Avropa qitəsinin aparıcı dövləti və Avropa İttifaqının lider ölkəsi kimi çıxış edir. Yəni məsələ daha geniş mənada ABŞ və Avropanın Rusiya ilə enerji ehtiyatları ilə zəngin regionda strateji nüfuz bölgüsü kimi nəzərdən keçirilməlidir, Qarabağ da bu bölgüdə aparıcı elementlərdən biridir. Fransa prezidenti Nikola Sarkozi ötən ilin avqustunda Gürcüstanda hərbi əməliyyatlar zamanı təcili atəşkəs təşəbbüsü ilə çıxış edərək Rusiyanı atəşi dayandırmağa razı sala bildi. Daha sonra Fransanın təklifi ilə hazırlanan atəşkəs razılaşmasına əsasən rus qoşunları Gürcüstanın işğal edilmiş ərazilərindən (separatçı bölgələr istisna olmaqla) çıxarıldı. Başqa sözlə, Sarkozinin bu mürəkkəb bölgədə sülhyaratma təcrübəsi var.
Olduqca mühüm və maraqlıdır ki, hər üç dövlətin prezidenti Qarabağ münaqişəsini təkcə öz aralarında deyil, eyni zamanda münaqişə tərəflərinin rəhbərləri ilə birlikdə müzakirə etməyə hazırlaşırlar. Bundan əvvəl dəfələrlə istər «Böyük səkkizlər» klubu formatında, istərsə də digər iri beynəlxalq forumlarda Rusiya, Fransa və ABŞ prezidentləri öz aralarında ikitərəfli danışıqlarda və ya kollektiv müzakirələrdə Qarabağ məsələsinə toxunublar. Bu barədə böyük dövlətlər adından birgə bəyanatlar, çağırışlar da olub. Ancaq üç prezidentin birlikdə münaqişə tərəflərinin rəhbərləri ilə danışıqlar aparmaq qərarı misli görünməmiş addımdır və münaqişə ilə bağlı bütün diqqətləri özünə cəmləyir. Bəs bu sammitdə hansı nəticələr ola bilər və ya nələr gözlənilir?
Belə ehtimal etmək olar ki, sammit zamanı Minsk Qrupuna həmsədrlik edən böyük ölkələrin liderləri münaqişə tərəflərinə danışıqlar masası üzərində olan təkliflərə razılıq vermələri üçün birgə təzyiq edə bilərlər. Bugünlərdə prezident İlham Əliyev Dağlıq Qarabağın müstəqilliyinə aparan mexanizmə razılıq verilməsi üçün Azərbaycana təzyiqlər olduğunu öz çıxışında təsdiqlədi. Lakin təzyiqlər daha çox kimə yönələcək? Rusiya prezidenti Qərb liderlərinin Sərkisyana hansısa təzyiq cəhdlərinə imkan verə bilərmi? Bu kimi suallar hələlik açıq qalır. Ancaq onu demək olar ki, hazırda ABŞ və Fransanın münaqişənin həllini tezləşdirmək maraqları kifayət qədər böyükdür. Bu maraqlar həmin ölkələrin regionda nüfuzlarını gücləndirmək planlarından irəli gəlir. Aİ Ermənistan və Azərbaycanı da əhatə edən «Şərq tərəfdaşlığı» təşəbbüsü irəli sürüb. Rusiya bu təşəbbüsü qəzəblə qarşılayıb və xüsusən Ermənistanı onun təsir dairəsindən qoparmaq səylərinə sərt reaksiyalar verməyə hazırdır. Moskva sammiti məhz bu cür mürəkkəb geosiyasi oyunlar, böyük güclərin kəsişən maraqları və onların arasındakı ziddiyyətlər fonunda keçiriləcək.