Tarix : 2009 Jun 11
Kod 12424

AZƏRBAYCANIN MƏRKƏZİ BANKININ MİSLİ GÖRÜNMƏMİŞ YALANI

Vüqar Bayramov: “Banklar vətəndaşlara ipoteka kreditini nisyə verir...”
Azərbaycan servisi/Aran Agentliyi
Artıq 10 gündür İpoteka Fondu (AİF) kommersiya ipoteka kreditlərinin başlanmasına start verib. Ötən müddətdə nə qədər vətəndaşın ipoteka krediti götürdüyü açıqlanmasa da AİF-dən lent.az-a bildirilib ki, yaxın günlərdə imtiyazlı təbəqədən olanlara güzəştli şərtlər əsasında sosial ipotekanın verilməsinə başlanacaq. Qeyd olunub ki, bunun üçün həm müvafiq dövlət təşkilatlarında, həm də müvəkkil banklarda son hazırlıq işləri görülür və Maliyyə Nazirliyi bir neçə günə fondun hesabına vəsait köçürəcək.
Yeri gəlmişkən, Mərkəzi Bankının sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında sosial ipotekaların maliyyələşməsinə 12-14 milyon manatın ayrılacağını deyib. Onun sözlərinə görə, artıq güzəştli ipoteka krediti almaq istəyən vətəndaşlar müvəkkil banklara müraciət edə bilərlər.
Yeri gəlmişkən, diqqətə çatdıraq ki, 2009-cu ilin dövlət büdcəsindən sosial ipoteka kreditləşməsi üçün 34 milyon manat nəzərdə tutulub. Onu da vurğulayaq ki, sosial ipotekalar 4 faizlə 30 il müddətinə verilir. Bu növ kreditlərin maksimal həddi 35 min manatdır. Güzəştlər əsasında sosial ipotekadan şəhid ailəsinin üzvlərinin (əri, arvadı, övladları), milli qəhrəmanların (özü, əri, arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxslərin, 3 ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyənlərin, elmlər namizədi və ya doktoru, elmi dərəcəsi olan şəxslərin, 3 ildən az olmayan müddətdə hərbi xidmətdə olan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa) istifadə etmək hüququ var. Güzəştli şərtlərlə kredit alanların yaşı 35-dən yuxarı olmamalıdır. İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilərlər.
10 gündə heç kəs ipoteka krediti ala bilməyib
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, ipoteka kreditləşməsi ilə bağlı kifayət qədər qaranlıq məqamlar var: “Həmin məqamlar ipoteka kreditləşməsinin nə üçün başladığını sual altına qoyur. Düzdür, müvəkkil banklar bu gün ipoteka kreditləşməsi üçün müraciətləri qəbul edirlər. Amma problem ondadır ki, banklar  İpoteka Fondunun hesablarına vəsait köçürmədiyini bildirirlər. Bu isə o deməkdir ki, ipoteka proqramının başlanmasına baxmayaraq hələlik heç bir vətəndaş ipoteka krediti almayıb. İpoteka Fondunun, eləcə də Mərkəzi Bankın adi ipoteka kreditlərinin verilməsi üçün vəsaiti yoxdur”.
Mərkəzi Bank  sıfır büdcə ilə ipoteka proqramına başlayıb
Mütəxəssisin sözlərinə görə, müvəkkil banklarda kreditləri vermək üçün vəsait yoxdur: “Bu gün adi ipoteka proqramı bərpa edilib. Adi ipotekaların bərpası heç də ipoteka proqramının icrasına başlanması demək deyil. Çünki İpoteka Fondu və Mərkəzi Bank ipoteka üçün sıfır büdcə ilə ipoteka proqramına başlayıb. Bank dövlət büdcəsindən ayrılan vəsaiti adi ipoteka proqramına yönəltməyib. Büdcədən nəzərdə tutulan vəsait yalnız sosial ipoteka kreditlərinin verilməsi üçün istifadə ediləcək. Mərkəzi Bank adi ipoteka kreditlərinə ipoteka istiqrazlarının satışından əldə olunan gəlirləri yönəltmək istəyir. Bankın proqnozlarına görə isə dövriyyəyə buraxılan istiqrazların satışından təxminən 55 milyon manat vəsait əldə olunacaq. Əslində kifayət qədər paradoksal vəziyyətdir. Hələlik istiqrazlar çap edilməyib və dövriyyəyə buraxılmayıb”. 
Mərkəzi Bankın buraxdığı ipoteka istiqrazlarının satılıb-satılmayacağı sual altındadır
Dövriyyəyə buraxılmadığı üçün istiqrazların satılmadığını bildirən V.Bayramov belə şəraitdə vəsait də olmadığını diqqətə çatdırır: “Söhbət virtual 55 milyon manatla başlanılan ipoteka proqramından gedir. Bu arada Mərkəzi Bankın buraxdığı ipoteka istiqrazlarının satılıb-satılmayacağı da sual altındadır. Hələlik Mərkəzi Bank dövriyyəyə buraxacağı ipoteka istiqrazlarını hansı formada realizasiya edəcəyi yönündə tam təsəvvürə malik deyil. Çünki bankdan güman olunur ki, istiqrazlar nominal dəyərlə buraxılacaq. Yəni 1000, 2000, 5000 manatlıq ipoteka istiqrazları buraxılacaq və Mərkəzi Bank istiqrazları buraxaraq əhalidən borclanacaq. Borclanan 55 milyon manat 8 faizlə ipoteka kreditlərinin verilişinə yönəldiləcək. Aradakı fərq İpoteka Fondunun gəliri olacaq. Mexanizm kifayət qədər sadədir. Problem isə ondan ibarətdir ki, bu sadə mexanizmin işləmə və ya reallaşma ehtimalları azdır. Əvvəla, indiki halda ipoteka istiqrazlarına ciddi tələbatın olacağı gözlənilmir. Qlobal maliyyə böhranı eyni zamanda qiymətli kağızlar problemidir. Böhran qiymətli kağızların dəyərinin düşməsinə gətirib çıxarıb. Bu da istiqrazlara olan tələbin azalması deməkdir”.
Ekspert bildirir ki, Azərbaycanda da istiqrazlara inamın itməsi müşahidə edilir: “Əslində böhrandan əvvəl də Azərbaycanda qiymətli kağızlara, istiqrazlara maraq olduqca aşağı idi. Çünki hökumət indiyədək iki dəfə istiqraz buraxıb. Mərkəzi Bank dövlət istiqrazları buraxıb və onlar satılmayıb. Həmin dövlət istiqrazları sonradan Maliyyə Nazirliyi tərəfindən alınıb. Daha sonra Maliyyə Nazirliyi dövlət istiqrazları buraxıb. O da satılmayıb. Bu zaman  isə istiqrazlar Mərkəzi Bank tərəfindən alınıb. Hökumət qurumlarının, eləcə də Mərkəzi Bankın dövriyyəyə buraxdığı bu istiqrazların bazarı yoxdur”.
V.Bayramovun fikrincə, qiymətli kağızlar bazarı yoxdursa, o zaman istiqrazları satmaq kifayət qədər problemdir: “Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın təklif etdiyi divident səviyyəsi və ya  faiz dərəcəsi olduqca aşağıdır. 3 faizlik gəlir səviyyəsi olan istiqrazların vətəndaşlar tərəfindən alınacağı şübhə doğurur. Çünki vətəndaş həmin vəsaiti əmanət şəklində banklarda yerləşdirərək daha yüksək gəlir əldə edə bilər. Digər ehtimal odur ki, Mərkəzi Bank bunu kommersiya banklarına satacaq. Amma kommersiya banklarının likvidliyi, maliyyə resurslarının səviyyəsi olduqca aşağıdır. İndiki halda kommersiya banklarının istiqrazların alınmasına könüllü şəkildə vəsait yönəldəcəyi ağlabatan deyil. Əslində bank ipoteka proqramını istiqrazları satıb vəsait əldə etdikdən sonra proses başlamalı idi. Deməli, Mərkəzi Bank ”nisyə" ipoteka proqramına başlayıb. İyulun 1-dən müvəkkil banklar vətəndaşların sənədlərini qəbul edirlər. Lakin onlara nağd şəklində pul deyil, nisyə ipoteka verirlər".
İqtisadçı hesab edir ki, nisyə ipoteka proqramı o zaman real olar ki, İpoteka Fondu müvəkkil banklara vəsait yönəldər.
Mərkəzi Bank tikinti şirkətlərini xilas etmək üçün yalan danışır
MB-nin vətəndaşları aldatmasının səbəblərinə gəlincə, V.Bayramov deyir ki, bankın proqrama başlanması bəyanatının arxasında  uzun müddət fasilə verilən ipoteka kreditləşməsinin  bərpası dayanmır: “Bankın məqsədi əmlak bazarında canlanmanın yaranması və ya tələbin formalaşmasına psixoloji təsir göstərməkdir. Qurumun özü də dəfələrlə etiraf edib ki, ipoteka proqramının bərpasının səbəblərindən biri əmlak bazarında durğunluğun aradan qaldırılmasına yardım etməkdir. Eləcə də bu bazarda tələbin formalaşmasına təsir göstərməkdir. İndi bəlli olur ki, bu, bankın ipoteka kreditləşməsinə başlamasının səbəblərindən biri yox, yeganə səbəbidir. Bank güman edir ki, ipotekaya başladıqdan sonra əmlak bazarında canlanma baş verəcək, qiymət azalmalarının qarşısı alınacaq. Proses tikinti sektorunda canlanmanın yaranmasına gətirib çıxaracaq. Lakin bu baş vermədi. Nisyə ipoteka proqramı ilə əmlak bazarında durğunluğu aradan qaldırmaq mümkün deyil. Yaxın zamanlarda bazarın bu seqmentində canlanmanın baş verəcəyi gözlənilmir.
Sosial ipotekanın bərpası gözlənilmir
Mütəxəssis bildirir ki, 2008-ci ildə dövlət büdcəsindən İpoteka Fonduna 34 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdu: “Ötən ilin mayında vəsaitin 22 milyon manatı büdcədən fondun hesabına köçürüldü. Fond bu vəsaiti yenidən maliyyələşməyə yönəltdi. Nəticədə ipoteka krediti verilmədiyi şəraitdə vəsaitin 65 faizi xərcləndi. Başqa tərəfdən, əgər 34 milyon manat nəzərdə tutulubsa və 22 milyon manat ayrılıbsa, belə halda 12 milyon manatın ayrılmaması əsaslandırılmalıdır. 12 milyon manat İpoteka Fondunun qalığı hesab edilməli idi. 2009-cu ilin dövlət büdcəsində ipoteka kreditləşməsi üçün 14 milyon manat ayrılıb. 2008-ci ilin qənaəti nəzərə alınmaqla 26 milyon manat sosial ipotekaların verilməsinə yönəldilə bilər. Buna baxmayaraq, Mərkəzi Bank bu istiqamətdə 12  milyon manat ayrılacağını söyləyir. 14 milyon manatın necə olacağı isə qaranlıqdır”.
V.Bayramov sosial ipoteka proqramına nə vaxt başlanacağına və bu yöndə vəsaitin nə zaman ayrılacağına dair açıqlama verilmədiyini diqqətə çatdırır: “Bu da əmlak bazarına psixoloji təsir etmək məqsədi daşıyır. Mərkəzi Banka aydındır ki, yaxın vaxtlarda sosial ipotekalar bərpa edilməyəcək”.
  • Yazılıb
  • da (də) 2009 Jun 11