Tarix : 2009 Jun 13
Kod 12446

BAKIDA YENİ NÖV FIRILDAQ

Özlərinə yüksək vəzifəli məmur “vizitka”sı düzəltdirən şəxslər vətəndaşları aldadaraq, onların vəsaitlərini mənimsəyir
Azərbaycan Servisi/Aran Agentliyi
Bakıda böyük bir fırıldaqçı dəstə peyda olub. Onların əməlləri barədə redaksiyamıza bir neçə mənbədən məlumatlar və faktlar daxil olub. Həmin dəstə şərti olaraq “vizitka fırıldaqçıları” adlanır. Məlumatlara görə, dəstənin üzvləri yüksək vəzifələrdə işlədikləri, ən məşhur məmurların köməkçiləri olduqları göstərilən vizit kartları düzəldirlər. İş o yerə çatıb ki, onlar hətta bu işdə prezidentin də adından istifadə edirlər. Onlar daha çox dünyagörüşü və savadı olmayan şəxsləri aldadırlar.
“Vizitka fırıldaqçıları”nın qurbanlarından olan Zəngilan rayon köçkünü Əsədov Ülvü Əsəd oğlu başına gələnlərlə bağlı əməkdaşımıza bunları deyib: “Binəqədi qəsəbəsi ərazisində bir neçə sot torpaq sahəm var idi. Orda ev tikmək istəyirdim, ancaq Dövlət Neft Şirkətinin işçiləri buna imkan vermirdilər, deyirdilər ki, guya həmin ərazi ARDNŞ-indir. Sonra ordakı qonşular dedilər ki, bir nəfər var, prezidentin yanında işləyir və o, bu məslələri həll edə bilir. Məni həmin adamla tanış etdilər. Həmin şəxs  prezidentin yanında işlədiyini dedi və özünü ”Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü" kimi təqdim etdi. Bu, Aqil Zöhrabov adlı şəxs idi. O mənə “vizitka” (həmin vizit kartın surətini də dərc edirik) verdi. Həmin “vizitka”da da onun “Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü” olduğu yazılmışdı. Mənə dedi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində tanışı var və mənim torpağımı sənədləşdirəcək. Buna görə məndən 1500 dollar istədi və mən həmin pulu verdim".
Ü.Əsədovun sözlərinə görə, bundan sonra A.Zöhrabov ona zəng edərək, məsələni yoluna qoyduğunu bildirib: “Mənə dedi ki, problemi həll eləmişəm, get başla evini tikməyə. Mən də dediyi kimi elədim. Təxminən 1500 dollar da tikintiyə sərf etdim. Amma yenə evimi uçurtdular. Bundan sonra nə qədr axtardımsa, Aqil Zöhrabovu tapa bilmədim. Bir müddət onun telefonuna zəng çatmadı. Bir neçə aydan sonra onunla danışa bildim və qəti şəkildə pulumu geri qaytarmasını tələb etdim. Evinin yerini söylədi və dedi ki, axşam saat 8-də evdə olacam, gəlib pulu apararsan. Dediyi vaxt onun evinə getdim. Orda məlum oldu ki, polisə yalan məlumat verib ki, guya mən onun uşağını oğurlamaq istəyirəm. Onun uşağı mənim nəyimə lazımdı, bir uşağım var onu güclə saxlayıram. Bundan sonra mənə aydın oldu ki, Aqil Zöhrabov fırıldaqçılıqla məşğuldu və onun yaşadığı ərazi üzrə Binəqədi rayon Polis İdarəsinin 6-cı bölməsinə müraciət etdim. İş müstəntiq İbrahim Babaşova verildi. Müstəntiq tezliklə pulumun qaytarılacağını bildirdi. Amma sonra ondan bir xəbər çıxmadı. Növbəti dəfə yanına gedəndə isə Aqil Zöhrabovun adına olan və onun ”Prezident yanında Dövlət Dəstəyi Şurasının üzvü" olduğunu göstərən “vizitka”nı mənə verib dedi ki, bu adam prezidentin yanında işləyir, mən buna heç nə edə bilmərəm. Daha sonra mənə bir qəzet göstərdi; orada səhv eləmirəmsə Aqil Zöhrabovun kiməsə yardım etməsindən yazılmışdı.  Daha sonra mən öyrəndim ki, bu adam QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü deyi. Şuranın sədri Azay Quliyevə müraciət etdim və o, Şuranın hüquqşünası Vüsal müəllimin mənə kömək edəcəyini dedi. Mən Şuraya müraciət etmişəm və Vüsal müəllim müraciətimi araşdırır. Sonradan öyrəndim ki, Aqil Zöhrabov xeyli adamı aldadıb".
Məsələ ilə bağlı müraciət ediyimiz Prezident  yanında Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Şuranın Aqil Zöhrabov adlı üzvünün olmadığını dedi: “Belə bir adamın Şuranın adından istifadə etməsi barədə bizdə də məlumat var. Aldadılan vətəndaşlar bizə müraciət eləsin, biz məsələni araşdırıb işi göndərək prokurorluğa”.
Qey edək ki, bu müraciət redaksiyamıza 10 günə yaxındır daxil olub, amma A.Zöhrabovun özü ilə danışa bilmədiyimizdən və bəzi məsələləri dəqiqləşdirməyə çalışdığımızdan, yazını dərc etmirdik. Nəhayət, dünən A.Zöhrabovla əlaqə saxlaya bildik. O,  vizitkada yazılanların doğru olduğunu və QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü kimi fəaliyyət göstərdiyini dedi.
A.Zöhrabov “Axı Azay Quliyev deyir ki, Şuranın belə üzvü yoxdur” qeydimizə belə cavab verdi: “Mən QHT Forumunun üzvüyəm. Elə Forum da Şura deməkdi də”. Bunun ardınca isə Ü.Əsədovun yalan danışdığını və onu şantaj etdiyini deyərək, şikayətçini təhqir etdi: “Ulvü məni şantaj edir, bu barədə Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Onun başına oyun açacaqlar. Siz kimsiniz ki, bu işlə maraqlanırsınız? Mən sizin oturduğunuz yeri tapıb sizinlə də söhbət edəcəm”.
A.Zöhrabov bunları deyib telefonu qapatdı.
Yazıda adı keçən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq, məsələnin araşdırılması isə hüquq-mühafizə orqanlarının üzərinə düşür.
Hər halda, söhbət adi məsələdən yox, hətta ölkə prezidentinin də adından istifadə edilməklə, həyata keçirilən fırıldaqdan gedir.
  • Yazılıb
  • da (də) 2009 Jun 13