Tarix : 2009 Jun 16
Kod 12501

Məscidlərin bağlanmasına, sökülməsinə sıradan bir hal kimi yanaşmaq olmaz

Elə düşünürlər ki, məscid olsa, onlara maneçilik törədilməyəcək
Azərbaycan servisi/Aran Agentliyi
“Elə düşünürlər ki, məscid olsa, onlara maneçilik törədilməyəcək"

“Bu günə kimi kimsə qanunsuz məscid tikdiribsə, indi məsələ qanunlara uyğun həll olunmalıdı”. “Hər kəsin haqqı var” verilişinin qonağı olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ceyhun Məmmədov belə deyir.

C.Məmmədovun sözlərinə görə, son dövlərdə Azərbaycanda əcnəbi vətəndaşlar tərəfindən 92 məscid tikilib və onların sənədləri yoxdur:

“Elə düşünürlər ki, məscid olsa, onlara maneçilik törədilməyəcək. Elə olub ki, 20-30 kv.m-lik məscidə yarım milyon pul ayrılıb. İbadət üçün özülü olmayan məscidlər var. Məscid uçacağı təqdirdə məsuliyyəti kim daşıyacaq? Dəfələrlə olub ki, biz inşaat işlərinin dayandırılması ilə bağlı xəbərdarlıq etmişik. Amma dinləməyiblər”.
MƏSCİD QANUNSUZ TİKİLİRDİSƏ, İNDİ NİYƏ YADA DÜŞÜB?


Yasamalda sökülən məscidin inşaatçısı Mirvaleh Möhsümov isə deyir ki, onlara qabaqcadan xəbərdarlıq edilməyib:
“Məscid qanunsuz tikilirsə, niyə fundamenti qoyulanda demirdilər? Gözləyirlər ki, günbəz qoyulsun, minarə qaldırılsın, sonra gəlib sökürlər. Bu nə dərəcədə məntiqlidir?”
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu isə deyir ki, məscidlərin bağlanmasına, sökülməsinə sıradan bir hal kimi yanaşmaq olmaz: “Sovet vaxtından sonra belə bir şey baş verməmişdi. Bu vəziyyət göydən yaranmayıb axı. Belə qanunsuzluqlara niyə göz yumulub, niyə vaxtında bu tikililərin qarşısı alınmayıb? Axı məscidi sökməklə inanclı insanların heysiyyətinə toxunulur”.
MƏSCİDİ SÖKMƏYİN DƏ YOLU VAR. DÖVLƏT QURUMLARI YA BİLMİR, YA DA QƏSDƏN BELƏ ELƏYİR


Hacı İlqarın fikrincə, bəzən dövlət orqanları problemi düzgün həll etməyin yolunu bilmir: “Şəhidlər Camesinə, yaxud da İlahiyyət camesinə polis gəlib deyir ki, bura bağlanmalıdır. Polisin bu işə nə aidiyyəti var? Neft daşlarındakı məscidi söküb dənizə atırlar. Ordakı məscidi ki, icazəsiz tikməyiblər, dövlətin öz qurumu tikib. Olmazdımı, onu səliqə-səhmanla aparıb bir kənara yığaydılar, yenisini tikəndə istifadə edəydilər? Bütün bu işləri bu cür qaba halda həyata keçirmək yolverilməzdir”.

Hacı İlqar məscidlərin sənədləşmə işləriylə bağlı deyir ki, “lap tutaq ki, hansısa şəxslər tərəfindən tikilən məscidlərin sənədi düz olmayıb, bəs Neft daşlarındakı məscid necə? Onu ki Dövlət Neft Şirkəti tikib.”

Hazırda Azərbaycanda 1750 məscid var. 998-i gündəlik fəaliyyət göstərir. 500-dən artıq məscid rəsmi qeydiyyatdan keçib.
 
  • Yazılıb
  • da (də) 2009 Jun 16