Paytaxtda Təzəpir məscid kompleksində tikinti-təmir işləri tam başa çatıb. Tikintisinə 2006-cı ildə başlanılan Təzəpir məscid kompleksi ölkədə ən böyük məsciddir
Azərbaycan servisi/Aran Agentliyi
Paytaxtda Təzəpir məscid kompleksində tikinti-təmir işləri tam başa çatıb. Tikintisinə 2006-cı ildə başlanılan Təzəpir məscid kompleksi ölkədə ən böyük məsciddir. Məscidi ilk dəfə XX əsrin əvvəllərində Nabat xanım Aşurbəyli rus çarından icazə alaraq inşa etdirib.
Onun ölümü ilə yarımçıq qalan məscidin inşasını daha sonra Nabat xanımın oğlu davam etdirib və Təzəpir məscidi 1914 -cü ildə artıq məscid kimi fəaliyyətə başlayıb. Üç il fəalliyyət göstərən məscid oktyabr inqilabından sonra bağlanıb və müxtəlif illərdə müxtəlif idarələr kimi fəaliyyət göstərib. 1943- cü ildən sonra isə yenidən məscid statusunu alaraq fəaliyyətini bu günə kimi davam etdirir.
Təzəpir məscid komleksində məscid və Qafqaz Müsəlmanları İdarəsinin inzibati binası ilə yanaşı konfrans zalı, ölüxana, yas və kəbin mərasimlərinin keçirilməsi üçün zallar var.
Ölüxana təmənnasız fəaliyyət göstərir. Burada 5-dən artıq otaq var. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev bildirib ki, otaqların birində meyidlərin saxlanılması üçün xaricdən gətirilən xüsusi soyuducular quraşdırılıb.
Burada yas mərasimləri üçün hər biri 200-350 nəfər tutumu olan 6 mərasim zalı da var. Ölüsü düşən hər bir insan istədiyi vaxt sifariş verərək bir neçə saata yas süfrəsi hazırlada bilər. Qiymətlər isə yası verəcək insanın özündən asılıdır. Yəni kim necə süfrə istəyirsə, hazırlamaq mümkündür. Mərasim zallarının inşa olunmasında əsas məqsəd küçə və yollarda qurulan çadırların yığışdırılmasıdır.
Hacı Salmanın sözlərinə görə, ikinci məqsəd bəzi mollalarla bağlıdır. «Məclisi aparmaq üçün bəzən bizə aidiyyatı olmayan mollalar gəlirdilər. Orada müxtəlif söhbətlər olurdu. Bunların hamısının qarşısının alınması üsün burada öz nəzarətimizdə olan, məsləhət bildiyimiz mollalar həmin məclisləri apara biləcəklər»,-deyə Hacı Salman bildirib.
Kəbin mərasiminin keçirilməsi üçün isə 5 zal fəaliyyət göstərəcək. Həmin zallarda təmir işləri aparılır. Kəbin mərasimi səhər saat 12-yə kimi yekunlaşmalıdır. Çünki saat 12-dən sonra yas mərasimlərinin keçirilməsi başlanılır.
Kompleksin tərkibində olan məscidin içərisi əsaslı təmir edilib. Burada qadın və kişilərin ayrı ayırlıqda namaz qılması üçün xüsusi böyük otaqlar var. Həmin otaqlarda 750 nəfər rahatlıqla namaz qıla bilər. Həmçinin məscidin həyətində də namaz qılması üçün hər bir şərait yaradılıb. Məscidin günbəzinin, eləcə də minarəsinin bəzədilməsində 24 əyyarlıq qızıldan istifadə olunub. Həmçinin Təzəpir məscid kompleksində 400 nəfərlik konfrans zalı da fəaliyyət göstərir ki, orada keçirilən tədbirləri internet vasitəsilə dünyanın istənilən ölkəsində də izləmək mümkün olacaq.
Məscid kompleksində 5 mindən artıq kitabın saxlanıldığı kitabxana da fəaliyyət göstərir. Bu kitabların əksəriyəti demək olar ki, əlyazmalardır. Həmin əlyazmaları azərbaycanlı ədiblər ərəb dilində yazıblar. Ərəb dilində yazılan qədim Quran kitablarının əkəsriyyətinin vərəqləri yumurta sarısı ilə rənglənib ki, vaxt ötdükcə yazılar pozulub silinməsin. Quran kitabları ilə yanaşı İslam hüququ, fəlsəfəsi, tarixi və digər kitabları da tapmaq olar.
Həmçinin kitabxanada İvrit dilində yazılan tövrat, habelə gürcü və rüs dilində yazılan incil də saxlanılır ki, bura gələn insanlar dini cəhətdən rahat mütaliə apara bilsinlər.
Təzəpir məscid kompleksinin tərkibində Bakı İslam Universiteti də fəaliyyət göstərəcək. Burada 350 tələbə rahatlıqla dərs keçə biləcək.
Məscid kompleksi açılışından sonra əhalinin istifadəsinə veriləcək.