Təlim Tədris Mərkəzinin yüksək rütbəli zabitləri qandallandı, idarənin keçmiş rəhbəri aradan çıxıb
Azərbaycan servisi/Aran Agentliyi
Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində (TTM) baş verən qanun pozuntuları ilə bağlı adıçəkilən hərbi hissənin bir qrup yüksək rütbəli zabiti istintaqa cəlb olunub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, general-mayor Lənkəran Əliyev TTM rəisi vəzifəsindən çıxarıldıqdan sonra hərbi hissənin əksər xidmət sahələrində yoxlamalar başlanıb. Yoxlama nəticəsində TTM-də külli miqdarda yeyinti faktı müəyyənləşdirilib, Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanılıb.
TTM-in Avtomobil Xidməti rəisi, polkovnik-leytenant Arif Məmmədov, daxili əmrlə Mənzil İstismar Xidmətinin rəisini əvəzləyən, polkovnik-leytenant Elşən Abbasov, təlim transportyor bölüyünün komandiri, müddətdən artıq hərbi qulluqçuların bölük komandiri, kapitan Xanəhmədov (adını müəyyənləşdirmək hələlik mümkün olmayıb - APA), yanacaq anbarının rəisi, baş gizir Fikrət Abbasov barəsində həbs-qətimkan tədbiri seçilib.
TTM-in Əşya Xidməti rəisi, mayor Nazim Həsənov və Maliyyə Xidməti rəisi, polkovnik-leytenant İntiqam Mövlanverdiyev isə istintaqa cəlb olunublar. Məlumatda o da bildirilir ki, general-mayor Lənkəran Əliyevin də cinayətlə bağlı ifadəsi alınıb, onun bu məsələlərlə bağlılığı araşdırılır.
Respublika Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin mətbuat xidmətlərindən məlumat almaq mümkün olmayıb.
Qeyd edək ki, Təlim Tədris Mərkəzində yoxlamalara Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətlindən az sonra başlanılmışdı. Bir qədər sonra TTM-də neqativ hallar aşkarlandı və bunlarla bağlı cinayət işi başlanıldı. Hələ bir müddət öncədən bəlli idi ki, TTM-in rəisi Lənkəran Əliyev bu işlə bağlı vəzifəsindən uzaqlaşdırılıb. Bir neçə gün öncə bir mənbə redaksiyamıza məlumat vermişdi ki, TTM-də aparılan yoxlamalar zamanı dəhşətli yeyinti faktlar üzə çıxıb və bu səbəbdən L.Əliyevin də məsuliyyətə cəlb edilməsi məsələsi gündəmə gəlib. Lakin onu bir neçə gün öncə yenidən istintaqa dəvət etmək istəyərkən cənab L.Əliyevin ölkədə olmadığı bəlli olub. Bu məsələni tam dəqiqləşdirə bilmədiyimiz üçün yazmamışdıq. Lakin dünən məlum xəbərlər yayılandan sonra həmin mənbə ilə yenidən əlaqə saxladıq. Onun sözlərindən aydın oldu ki, L.Əliyevin də həbsinə qərar verilib: “Lakin onu tapa bilmirlər. Onun tabeliyində olan şəxslər bu yeyintilərin TTM rəisindən xəbərsiz həyata keçirilmədiyini bildiriblər. İşini əvvəlcədən bilən Lənkəran Əliyev bir müddət əvvəl ölkəni tərk edə bilib”.
Mənbə bildirdi ki, Müdafiə Nazirliyində həyata keçirilən əməliyyatın general Rail Rzayevin qətli ilə əlaqəsi olması barədə konkret bir informasiyaya malik deyil: “Lakin bu həbslərin generalın qətli ilə bağlı onun qohumu Fuad Ağarzayevin istintaqa cəlb edilməsindən sonra baş verməsi bir sıra şübhələr oyadır. Məsələ ondadır ki, Fuad Ağarzayevin ifadələri alındıqdan sonra Müdafiə Nazirliyində kütləvi həbslərin həyata keçiriləcəyinə dair xəbərlər dolaşırdı. Görünür, bunlar təsadüfi deyilmiş. İstintaqda Rail Rzayevin qətlinin araşdırılması zamanı üzə çıxan xeyli faktlar var. TTM-də həyata keçirilən həbslərin də bunun tərkib hissəsi olması ehtimalı böyükdür”.
Nəzərə çatdıraq ki, TTM Müdafiə Nazirliyində ən yeyintili və korrupsiyanın tüğyan etdiyi qurumlardan biridir.