Tarix : 2009 Jun 23
Kod 12601

Peresin gəlişi sevincdir, yoxsa üzüntü?

.
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Respublikası ilə İsrailin qarşılıqlı münasibətləri 1990-cı illərdən qurulmağa və zaman-zaman inkişaf etməyə başlayıb. Lakin ötən dövrdə bu münasibətlər daha çox iqtisadi-ticari məcrada, xüsusən də enerji sahəsində öz inkişafını tapıb. Siyasi müstəvidə isə obyektiv və subyektiv səbəblərdən dolayı, ölkəmizlə İsrail arasında hər zaman müəyyən bir məsafə nəzərə çarpıb.
Azərbaycanın erməni təcavüzünə məruz qalması, İsrailin isə ötən 20 ilə yaxın müddətdə bircə dəfə də olsun Ermənistanın təcavüzünü pisləməməsi, üstəlik, 14 mart 2008-ci ildə BMT-nin Baş Məclisində “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” məsələsi müzakirə edildiyi zaman İsrailin Azərbaycanın müəllifi olduğu qətnamə layihəsini dəstəkləməməsi iki ölkə arasında “strateji müttəfiqlik” iddialarının gerçəklikdən uzaq olduğunun bariz nümunəsi kimi səciyyələndirilə bilər.
Xatırladaq ki, 9 bənddən ibarət qətnamə layihəsi BMT Baş Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini ifadə edirdi. O cümlədən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir və məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını əks etdirirdi. İsrail isə bu vacib anda ölkəmizin yanında olmamış, qətnamənin lehinə səs verməmişdir.
Əlbəttə, İsraildən erməni təcavüzkarlığını pisləyən mövqe nümayiş etdirməsini ummağın özü sadəlövhlük olardı. Belə ki, bu dövlətin özü meydana gəldiyi 1948-ci ildən öz varlığını elə təcavüzkarlıq siyasəti əsasında qurub və bugünədək BMT Təhlükəsizlik Şurasının onlarla qətnaməsinə məhəl qoymadan, Fələstin, Livan və Suriya ərazilərini işğal altında saxlayır. Hətta, BMT-nin müvafiq qətnamələrinə zidd olaraq Qüds şəhərini işğal və ilhaq etməklə bərabər, öz dövlətinin paytaxtı elan etmiş, inzibati orqanlarını bu şəhərə köçürmüşdür. Qeyd edək ki, İsrail işğalı nəticəsində 7 milyona yaxın fələstinli öz ev-eşiklərindən didərgin düşmüş, on minlərlə insan öz doğma yurdlarında qətlə yetirilmişdir.
Xarakter etibarilə, İsrail də Ermənistan kimi işğalçı dövlətdir və bunu bütün dünya, o cümlədən BMT də etiraf edir. Ölkəmizin də daxil olduğu İslam Konfransı Təşkilatı əslində elə İsrail təcavüzkarlığının qarşısını almaq məqsədilə ərsəyə gəlmiş, fəaliyyət göstərdiyi 40 il ərzində dəfələrlə bu şıltaq rejimdən işğal siyasətinə son qoymasını tələb etmişdir. Xatırladaq ki, vaxtıyla mərhum Heydər Əliyev də ən sərt şəkildə İsrail təcavüzkarlığını pisləyən bəyanatlarla çıxış etmişdir. Hələ 1990-cı ildə H.Əliyev Ali Sovetin sessiyasında çıxışı zamanı Dağlıq Qarabağla Fələstin, Ermənistanla İsrail arasında paralellər aparmış, təcavüzkarlığın xarakterini bu kontekstdə açıqlamışdır. Əlamətdar haldır ki, hakimiyyəti dövründə prezident Heydər Əliyev İsraildə Azərbaycan səfirliyinin açılmasına yol verməmişdir və ölkəmizin bu məsələdəki mövqeyi günümüzədək dəyişilməz olaraq qalmaqdadır.
Azərbaycana gəldikdə, ölkəmiz işğala məruz qalmış bir dövlətdir. Azərbaycan da təcavüzkarlığa tuş gəlib, ərazisinin 20 faizini itirmiş, 1 milyonluq qaçqın ordusuyla üzləşmişdir. Azərbaycanlılar işğal və təcavüzkarlığın nə olduğunu, onun ağrısını-acısını çox gözəl anlayır. İşğalçı və təcavüzkarın da simasını kifayət qədər yaxşı tanıyır.
Beləliklə, bir daha altını cızaq ki, İsrail işğalçı, Azərbaycan isə işğala məruz qalmış dövlətdir. Xaraktercə bir-birilə uzlaşmayan bu iki qütb arasında hansı yaxınlıqdan, hansı bənzərlikdən danışmaq olar? Əfsuslar olsun ki, belə danışanlar yox deyil.
Artıq bir aya yaxındır bir sıra informasiya agentlikləri yaxın zamanlarda İsrail prezidenti Şimon Peresin ölkəmizə səfər edəcəyi haqda məlumatlar yayır. Bu məlumatlar Azərbaycanda kimilərinin qəzəbinə, kimilərinin isə sevincinə səbəb olub. Bir sıra təşkilatlar, ictimaiyyət xadimləri işğalçı dövlətin prezidentinin ölkəmizə səfər etməsini məqsədə uyğun hesab etməmişlərsə də, bəzi siyasilərimiz Peresin gözlənilən səfərini alqışlamışlar. Əlbəttə, fikir plüralizmidir və hər kəs öz mövqeyində azaddır. Heç kəsə zorla nəyisə qəbul etdirmək olmaz. Amma bununla bərabər, ədalət naminə, işğala məruz qalmış və dünyadan işğalçı Ermənistanı qınamağı uman Azərbaycanımızın başqa bir işğalçıya qucaq açması nə dərəcədə məqsədə uyğundur? İşğal və işğalçılıq pisdirsə, onda İsrail də bir işğalçı kimi qınanmalıdır. İşğalçıyla isti münasibətlər qurmaq pisdirsə, nə üçün İsrail ilə dostluq edilməlidir? Bu, ikili standarlara yol açmırmı?
Biz Serj Sərkisyanın digər dövlətlərdə böyük ehtiramla qarşılanmasını ürək ağrısı ilə müşahidə edirik. İçimizdə bir üzüntü yaranır. Bu halı qətiyyətlə pisləyirik! Axı nə üçün əli günahsız insanların qanına bulaşmış Sərkisyana qucaq açılır, bəh-bəhlə qarşılanır? Bu bizi üzməyə bilərmi?
Bəs özümüz əli minlərlə günahsız insan qanına bulaşmış Peresə necə qucaq açırıq? Onun pişvazına hansı dəyərlərdən, hansı prinsiplərdən, hansı standartlardan çıxış edərək çıxırıq? Şübhə yox ki, bizim qanlı qətliamlar müəllifini bəh-bəhlə qarşılamamız da eyni hisslər yaşadacaq. Ən əsası və ən təhlükəlisi isə, işğalçılıq anlayışına qarşı sərgilədiyimiz mövqeyimizin qeyri-səmimi olduğu görüntüsü yaradacaq, işğalçılığa isə haqq qazandıracaq. Əfsus!
Təəssüf doğuran başqa bir məqam da budur ki, ölkəmizdə bəzi fikir sahibləri belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Peresin səfərinə qarşı çıxan hər kəs öz milli maraqlarımızdan deyil, hansısa ölkələrin mövqelərindən çıxış edirlər. Əlbəttə, belələrinin olmasını da istisna etmədən sual edə bilərik ki, bəs bunu deyənlərin özləri milli maraqlarımızdan çıxış edirlər, yoxsa İsrailin mövqeyindən? Milli maraqlarımız işğal və işğalçılığa qarşı çıxmağı, təcavüzkar dövlətləri pisləməyi tələb edir, yoxsa işğalçıya, təcavüzkara qucaq açmağı? Milli maraqlarımız təcavüzün hər təzahürünü, işğalçılığın hər nümunəsini pisləməyi tələb etmirmi? Necə oldu ki, işğalçı dövlətin başçısının Bakıya gəlişinə qarşı çıxmaq milli maraqlarımıza zidd oldu, amma işğalçını Azərbaycanın “dostu” və “strateji müttəfiqi” elan etmək milli maraqlarımıza zidd olmadı? Ümumiyyətlə, belə bir sadə məsələyə aydınlıq gətirək: milli maraqlarımız baxımından işğalçılıq fenomeni təqdirəlayiq hesab edilir, yoxsa pislənilir? Milli maraqlar konkret prinsiplər üzərində qurulur və bu sadə məsələyə aydınlıq gətirmədən, təməl prinsiplər müəyyən edilmədən mübahisə etmək mənasızdır.
Belə isə, milli maraqlarımız nöqteyi-nəzərdən, işğalçı İsrailin prezidenti Şimon Peresin Azərbaycana gəlişi sevincdir, yoxsa üzüntü? Hər halda, işğaldan əziyyət çəkən sadə azərbaycanlı üçün bu suala cavab vermək bir o qədər də çətin deyil!
  • Yazılıb
  • da (də) 2009 Jun 23