Günümüz ağrılı mövzularla dolu olduğunun deyən xətib, məscidlərlə bağlı təəssüf doğurucu münasibətin hələ də qalmaqda olduğunu açıqlamışdır
Azərbaycan servisi/Aran Agentliyi
19 iyun 2009-cu il tarixdə İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti cümə namazını qılmışlar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinləmişlər.
Cümə xütbələrinin ilkində cümə xətibi, o cümlədən, ilk olaraq özünə və sonra cümə namazı iştirakçılarına ilahi təqvaya riayət etməyi tövsiyə etdi. İslam Peyğəmbərinin (s) bir çox hallarda bizi mühüm mövzulardan xəbərdar etməsinə toxunan xətib, sevgili İslam Peyğəmbərindən (s) bu mövzuda hədis nəql etmişdir: “Bəzən insan uzun müddət cənnət əhlinin işini yerinə yetirir. Amma axırı cəhənnəm əhlinin aqibəti (kimi) olur”.
Diqqəti hədisin mahiyyətində cəmləyən xətib bildirmişdir ki, əziz Peyğəmbərimiz (s) bizi məlumatlandıraraq demək istəyir ki, insan mümkündür ki, uzun müddət cənnət əhlinin işlərini görsün, amma son aqibətdə, nəhayətdə cəhənnəm əhlinə uyğun vəziyyətə düşsün. Təbii ki, belə halda durumu da yaxşı olmayacaqdır. Bu günümüz üçün də bunun aktuallığını nəzərə çatdıran xətib demişdir: “Peyğəmbərimiz (s) bizi xəbərdar edir ki, sənin etdiyin hərəkətlər cənnət əhlinin hərəkətləri ola bilər. Ancaq bundan arxayınlaşma. Xəbər verilir ki, bəzən bu kimi əməllərlə də məşğul olanların aqibəti cəhənnəm əhlininki kimi ola bilər, özü də cəhənnəm əhlindən olar”. İslam tarixinin belə nümunələrlə dolu olduğunu deyən xətib daha sonra inanc əhlinin belə vəziyyətə düşməməsi üçün dinimizin bir sıra reseptlərini sadalamışdır. “Davamlı olaraq öz aqibəti haqqında düşünmək, bu mövzuda rahat, arxayın olmamaq, agah və iradəliliklə bu əməlləri bərkitmək, möhkəmləndirmək” kimi konkret əməl formullarını sadalayan xətib, bu əməllərin insanı cəhənnəm əhli olmaqdan qorumasına diqqət çəkmişdir.
Xütbənin ikinci hissəsində ilk öncə müsəlmanlar üçün Uca Rəbbdən bağışlanma və əfv diləyən xətib özünü və hər kəsi ilahi təqvaya riayət etməyə dəvət etmişdir. 14 Məsumu (ə) bir-bir salamladıqdan sonra, cümə xətibi ilahi təqvaya riayət etməyin hər birimizə vacib olduğunu vurğulayaraq bir neçə aydır qılınması həyata keçirilən cümə namazlarının üzərində dayanmışdır. Bu bənzəri olmayan nemət üçün Allaha sonsuz şükürlərini dilə gətirən cümə xətibi, bu tofiqata görə Uca Allaha təşəkkürlərini ərz etmişdir. Xətib Allahdan diləmişdir ki, bu tofiqat davamlı, ardıcıl olsun.
Günümüz ağrılı mövzularla dolu olduğunun deyən xətib, məscidlərlə bağlı təəssüf doğurucu münasibətin hələ də qalmaqda olduğunu açıqlamışdır. Günəşlidəki “Fatimeyi Zəhra (s.ə.)” məscidi ətrafında yaradılan gərginlikdən söz açan cümə xətibi, Allah evləri olan məscidlərlə bağlı işlərdə diqqətin artırılmasını ifadə etmişdir.
Milli Məclisdə müzakirəyə çıxarılacaq qanunlara münasibət açıqlayan Hacı İlqar, təklif olunacaq əlavə və dəyişikliklərin qəbul ediləcəyi təqdirdə onları insan haqlarını məhdudlaşdıracaq normalar kimi dəyərləndirmişdir. Onlardan birinin birbaşa imana, inanca aid olduğunu deyən xətib, onun mahiyyəti ilə cümə namazına toplaşanları tanış etmişdir: ““Etiqad azadlığı haqqında” qanuna edilməsi gözlənilən son əlavə və dəyişikliklərin bir mahiyyəti budur ki, məscidlərə ruhani təyinatına birbaşa icra hakimiyyətləri tərəfindən nəzarət ediləcək. İkinci məsələ isə lap təəssüf edicidir. Əslində “xaricdə təhsil almış” ruhanilər dedikləri “köklü islam təhsili almış” insanlar nəzərdə tutulur ki, bu adı da bilərəkdən qanunda belə verirlər. Köklü islam təhsili almış insanların fəaliyyətinə qadağa qoyulmasına cəhd edilir”. Əslində bu günə gəlib çıxmağımızın səbəbi kimi köklü İslam təhsili almış insanların toplumun önündə layiqli şəkildə gedə bilməmələri olduğunu deyən xətib: “Bu bir daha müsəlman cameəsinin daha da diqqətli olmasını zəruri edir”, - demişdir. Xətib sözügedən əlavə və dəyişikliklərin qəbul ediləcəyi təqdirdə, sovetdən sonra din yönündə əldə edilənlərin də sual altına düşə biləcəyi haqda narahatlığını izhar etmişdir.
Mənəvi tədbirlərin, mövludların sayına deyil, keyfiyyətinə diqqət yetirməyin zəruriliyinə diqqəti yönəldən xətib, davamında bir daha qarşıdan gələn nurani üçaylıqdan söz açmışıdır. Buna görə də toplumun bir daha yenidən İslama yönəlişinin artacağına işarə etmişdir. İslamı Allahın qoruduğunu deyən xətib, bunun yanında hamını öz mənəvi durumu haqda düşünməyə dəvət etmişdir.
Ölkədə hər gün intihar halların baş verməsinə, bu halların artmasına bir daha diqqəti yönəldən xətib, intiharların gündəmə gəlməsini, son zamanlarda sayının artmasını ölkədə mənəvi dayaqların zəifləməsindən doğmasını vurğulamışdır.
Verilən nemətlərə görə onların qədrini bilməyi Allahdan istəyən xətib, bunun müqabilində şeytanın (lən.) arsenalında xeyli silahların olmasını bildirmişdir. Davamında xətib demişdir ki, şeytan (lən.) əlində olanları tərpədir və sanki bizə göstərir, biz isə bunlardan seçir və həyata keçiririk. Hacı İlqar vurğuladı ki, İslami mühitdə hərc-mərclik, qarışıqılıq olanda Allah düşmənləri, şeytan (lən.) nökərləri çox sevinir. “Sevindirməyək onları”, - deyə xətib cümə xütbələrini yekunlaşdırmışdır.
Xütbələr yekunlaşdıqdan sonra Hacı İlqar İbrahimoğlunun imamlığı ilə mömin və möminələr cümə namazını qılmış, zikrlər, dualar etmiş, salavatlar zikr etmiş, sonda “Fərəc” duasını oxumuşlar.