Bu gün günün ikinci yarısında Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev Azərbaycana işgüzar səfərə gəlir
Azərbaycan Servisi/Aran Agentliyi
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Azərbaycan və Rusiya prezidentləri iki ölkə arasında iqtisadi-ticarət, o cümlədən yanacaq-energetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller səfər zamanı “Şahdəniz” yatağından hasil olunacaq təbii qazın Rusiyaya satılması barədə sazişin imzalanacağına ümid etdiklərini deyib. O bildirib ki, ilk mərhələdə alınacaq qazın həcmi böyük olmayacaq, sonra isə artırılacaq. A. Miller Azərbaycana çox əlverişli şərtlər təklif etdiklərini söyləyib.
Bir gün davam edəcək səfər çərçivəsində regionlararası əlaqələrin və mədəni-humanitar əməkdaşlığın möhkəmlənməsinə də diqqət yetiriləcək. İlham Əliyev və Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi mövzularını da müzakirə edəcəklər.
Qeyd edək ki, bu gün Rusiyada Azərbaycan Mədəniyyət Günləri başlayır.