Hətta rəsmi dini çevrələrin ilk şəxslərini belə. Birmənalı olaraq vurğulamaq gərəkdir ki, başdan-başa diskriminasiya xarakterli və mövhumatı, radikalizmi, ekstremizmi gücləndirən addımdır
Azərbaycan Servisi/Aran Agentliyi
Dini etiqad azadlığı haqqında qanuna Milli Məclis tərəfindən qəbul edilmiş son əlavələrlə əlaqədar DEVAMM-ın sədri, İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu şərh verərək bildirmişdir: “2009-cu ilin əvvəlindən başlayaraq inancla bağlı heç bir məntiqi və əsası olmayan bir irticavi məhdudlaşmalar başladı. Məsçidlər söküldü, bağlandı, qanuna dəyişiliklər oldu. Amma bu sonuncusunun məntiqi ümumiyyətlə başdan-başa irticavidir. O dərəcədə irticavidir ki, hətta hər zaman mövqe bildirməyən rəsmi dini çevrələr də bunları sover totalitarizminə qayıdış kimi dəyərləndirdi. Belə, “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsindəki dəyişikliyə görə məscidə ruhaninin təyin edilməsində müvafiq icra hakimiyyəti orqanı iştirak edəcək. İstər Sovet dönəmində, istər sonrakı dövrdə praktikada bu elə bu cür də baş verirdi. Amma bunu qanuna daxil etmək - Konstitusiyanın dinlə bağlı bütün maddələrinin üzərindən xətt çəkmək deməkdir. Bu vətəndaşın vicdan azadlığına birbaşa qarışmaq və tənzimləmə cəhdidir.
21-ci maddəyə dəyişikliklə bağlı isə demək olar ki, bu - Vətənimizdə akademik İslam təhsilli bütün ruhaniləri ofsayd vəziyyətinə salmaq deməkdir. Hətta rəsmi dini çevrələrin ilk şəxslərini belə. Birmənalı olaraq vurğulamaq gərəkdir ki, başdan-başa diskriminasiya xarakterli və mövhumatı, radikalizmi, ekstremizmi gücləndirən addımdır. Bu inanca qarşı, ümumən mənəviyyata qarşı atılmış bir addımdır.
Amma, düşünürəm ki, bütün bunları edənlər sadə bir həqiqəti unudurlar. İman nurunu və vicdanın səsini insanların qəlblərindən, düşüncələrindən, vücudlarından çıxartmaq - mümkün olan bir məsələ deyil. Ən acısı isə odur ki, Azərbaycan insanının inanc və mənəviyyatı ilə nə törədilməsinin fərqinə belə varılmır.
Uca Allahdan xalqımız üçün gerçək səbir və bu imtahanlardan layiqincə çıxmaq tofiqatını diləyirəm”.