Tarix : 2009 Jul 01
Kod 12703

Bakı aeroportu bu gündən gecə saatlarında fəaliyyətini dayandırır

Bu gündən etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanı gecə saatlarında işləməyəcək
Azərbaycan servisi/Aran Agentliyi
Bu gündən etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanı gecə saatlarında işləməyəcək.

Bu barədə «APA-ECONOMICS»ə «Azərbaycan Hava Yolları» QSC-dən (AZAL) bildirilib.

«Bakı şəhəri əhalisinin sosial müdafiəsini və gecə şəraitində normal istirahətini təmin etmək məqsədilə AZAL-ın prezidenti Cahangir Əsgərovun müvafiq əmri ilə iyul ayının 2-dən gecə saat 00:00-dan səhər saat 07:00-dək Bakı şəhərinin əsas hava limanı işləməyəcək. Artıq AZAL əməkdaşlıq etdiyi bütün xarici şirkətlərə bu barədə xəbərdarlıq edib və şirkətlərin uçuş qrafikləri dəyişdirilib», - deyə AZAL-dan bildirilib.

Qeyd edək ki, gecə saatlarında yalnız dövlət, sanitar, humanitar, qəza və bu kimi təyinatlı təyyarələrə uçmaq imkanı yaradılacaq.

Xatırladaq ki, Moskva-Bakı («Rossiya» aviaşirkəti), Bakı-Minsk («BelAvia» aviaşirkəti), İstanbul-Bakı («Turkish Airlines» aviaşirkəti), London-Bakı («BME» aviaşirkəti), Frankfurt-Bakı («Lufthansa» aviaşirkəti), Bakı-Riqa və Riqa-Bakı («Air Baltiya» aviaşirkəti) və s. aviareyslər üzrə uçuş və enmə saat 00:00–07:00 arasında yerinə yetirilirdi. Artıq şirkətlər uçuş qrafiklərində müvafiq dəyişikliklər edib.
  • Yazılıb
  • da (də) 2009 Jul 01