Barak Obama qeyd edib ki, baş nazir Vladimir Putin Rusiyada hələ də böyük hakimiyyətə malikdir
Rusiya servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin BBC-yə istinadlı xəbərinə görə gələn həftə Rusiyaya səfər edəcək Amerika prezidenti Barak Obama Associated Press agentliyinə verdiyi müsahibədə Rusiyanın baş naziri Vladimir Putini, prezident vəzifəsində onun xələfi Dmitri Medvedevdən fərqli olaraq, iki ölkə arasında münasibətlərə köhnə mövqedən yanaşdığına görə tənqid edib.
Prezident Obama deyib ki, onun prezident Dmitri Medvedevlə çox yaxşı münasibətləri var: "Düşünürəm ki, biz bir sıra mühüm məsələlərin həllinə nail ola bilərik, strateji silahların ixtisarından sonrakı dövrə dair müqavilə çərçivələrini müəyyən etməklə Rusiyanın və Amerikanın sahib olduğu nüvə başlıqlarının sayını azalda bilərik".
Barak Obama qeyd edib ki, baş nazir Vladimir Putin Rusiyada hələ də böyük hakimiyyətə malikdir. O, deyib: "Biz prezident Medvedevlə irəlilədiyimiz halda Vladimir Putin anlamalıdır ki, Amerika-Rusiya əlaqələrinə Soyuq Müharibə mövqelərindən yanaşma tərzi artıq köhnəlib, və indi başqa istiqamətdə irəliləməyin vaxtı çatıb".
Barak Obamanın fikrincə, prezident Medvedev bunu başa düşür. "Zənnimcə, Putin bir ayağı ilə köhnə zəmanədəir, o biri ayağı ilə isə yeni zəmanədə".
Prezident Obama deyib ki, ABŞ V.Putini və Rusiya xalqını aydın şəkildə inandırmaq istəyir ki, "Amerika qarşıdurma axtarmır; nüvə silahının yayılmaması, terrorçuluğa qarşı mübarizə, enerji məsələləri kimi sahələrdə əməkdaşlıq istəyir, və bu prosesdə Rusiyanın qismində daha güclü tərəfdaş əldə etmək istəyir."