Ərəb ölkələrinin barışıq istəyən Şimon Peresin təklifinə razılaşması rəsmi Bakının Dağlıq Qarabağ seperatçıları ilə bir masa arxasında oturub danışıqlar aparmasına bənzəyirdi
Azərbaycan servisi/Aran Agentliyi
«Ərəb ölkələrinin barışıq istəyən Şimon Peresin təklifinə razılaşması rəsmi Bakının Dağlıq Qarabağ seperatçıları ilə bir masa arxasında oturub danışıqlar aparmasına bənzəyirdi». Bu barədə ANS PRESS-ə Dini Etiqad və Vətəndaşların Vicdan Azadlığı Mərkəzinin (DEVVAM) rəhbəri İlqar İbrahimoğlu İsrail prezidentinin Astanada Səudiyyə Ərəbistanına ünvanladığı təklifini şərh edərkən bildirib.
Onun sözlərinə görə, İsrailin Fələstində törətdiyi cinayətlərlə ermənilərin Qarabağda törətdiyi cinayətlərin heç bir fərqi yoxdur: «Müsəlmanlar terrora qarşı layiqli cavab verməlidirlər. İstər Peres olsun, istərsə də Sarkisyan siyasi fəaliyyətə terrorla başlayıblar. Terrorçu ilə isə barışmaq olmaz»,- deyə İbrahimoğlu vurğulayıb.
Xatırladaq ki, 1998-ci ildə Qarabağ hadisələri başlayanda ermənilər Qarabağı Fələstinə çeviricəklərini bildirmişdilər. Həmçinin 1992-1993-cü illərdə Dağlıq Qarabağ ətrafındakı rayonları işğal edərkən bunu Azərbaycanı danışıqlara razı salmaq üçün İsraildən örnək götürərək etdiklərini vurğulamışdılar.
Qeyd edək ki, Bakı səfərindən sonra Astanaya gedən İsrail prezidenti Şimon Peres Qazaxıstan paytaxtında bütün ərəb dünyası ilə barışığın əsasını qoymaq üçün Səudiyyə Ərəbistanının kralı Abdulla ilə ya Ər-Riyadda, ya da Qüdsdə görüşmək istədiyini və bu təklifinə cavab gözlədiyini bildirmişdi.