Tarix : 2009 Jul 04
Kod 12726

ŞİMON PERESİN SƏFƏRİ İLƏ BAĞLI SENSASİON TƏFƏRRÜAT

İsrail prezidentini Bakıda şəxsən bu ölkənin ümumi təhlükəsizlik xidmətinin direktoru qoruyub
Azərbaycan Servisi/Aran Agentliyi
İsrail prezidenti Şimon Peresin Bakıya səfəri ilə bağlı ilginc detal ortaya çıxıb. İsrail mətbuatı xəbər verib ki, Peresi Bakıya və Astanaya səfəri zamanı şəxsən İsrailin ümumi təhükəsizlik xidməti ŞABAK-ın direktoru qoruyub. ŞABAK direktoru Yuval Diskin İsrail prezidenti ilə birlikdə Azərbaycana və Qazaxıstana səfər etsə də, onun adı Peresi müşayiət edən nümayəndə heyətinin tərkibində yer almayıb və gizli saxlanılıb.
Bildirilir ki, Diskin səfər zamanı şəxsən İsrail prezidentinin mühafizə xidmətinin işinə rəhbərlik edib, bu zaman onun işi təkcə formal rəhbərliklə bitməyib. Diskin İsrail prezidentinin qatıldığı tədbirlərə dəvət edilən şəxslərin yoxlanılmasında da şəxsən iştirak edib. O, səfər zamanı mühafizənin təşkil olunması sxeminin hazırlanmasına da nəzarət edib, Azərbaycan tərəfdən onunla xüsusi xidmət orqanlarının  və prezidentin mühafizə xidməti təmas qurub. Diskin iyulun 1-də Pereslə birlikdə Qazaxıstandan İsrailə qayıdıb.
Bildirilir ki, İsrail prezidentini müşayiət edən jurnalistlərə nümayəndə heyətinin tərkibində ŞABAK direktorunun yer alması haqda xəbər yaymaq qadağan olunub. İsrailin newsru.co.il saytının Astanadakı əməkdaşı Diskinin Pereslə birlikdə Qazaxıstan paytaxtındakı yəhudi sinaqoquna baş çəkməsini göstərən fotoşəkillər çəkib və redaksiyaya göndərib. Lakin sayt  ŞABAK direktorunun Peresi səfərdə müşayiət etməsi haqda məlumatın yayılmasına qoyulan qadağaya görə həmin fotoları ancaq dünən dərc edə bilib. Məlum olub ki, İsrail prezidentinin Azərbaycana və Qazaxıstana səfərinin təhlükəsizliyi ilə bağlı Təl-Əvivdə ciddi narahatlıq hökm sürürmüş. Astanadan yola düşmək ərəfəsində Peres özü jurnalistlərlə söhbətində etiraf edib ki, baş nazir Benyamin Netanyahu israrla onu səfərdən çəkinməyə çağırıb. Netanyahu bildirib ki, xüsusən Azərbaycanda İsrail prezidentinin təhlükəsizliyi üçün ciddi risk var. Lakin Peres əvvəlcədən planlaşdırılmış səfərdən imtina etməyib. Bununla belə, Bakıya uçmağa cəmi bir-iki saat qalmış İsrail nümayəndə heyətinin tərkibində gözlənilməz dəyişiklik baş verib. ŞABAK direktoru Yuval Diskin nümayəndə heyətinin tərkibinə daxil edilib və Peresin təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyəti üzərinə götürüb.
Xatırladaq ki, İsrail prezidentinin təhlükəsizliyini təmin etmək üçün bu ölkənin xüsusi xidmət əməkdaşları ən müasir qurğularla birlikdə hələ bir ay əvvəldən Bakıya ezam edilmişdilər. İsraildən gələn qrup prezidentin təhlükəsizliyinin təmin olunmasına dair bütün detalları hazırlayıb, bu zaman təhlükəsizliyə görə cavabdeh tərəf də İsraildən gələn qrup olub. İsrailin bu cür narahatlığı səbəbsiz deyildi. İran Peresin Bakıya səfərinə qarşı kəskin etiraz edib və Azərbaycan tərəfinə müxtəlif yollarla təzyiq göstərib. Səfər ərəfəsində isə Bakıda İsrail səfəriliyini partlatmaq planı son anda əngəllənən “Hizbullah”çı qrup üzərində məhkəmə başlayıb.
 
  • Yazılıb
  • da (də) 2009 Jul 04