Sərdar Cəlaloğluna demokratik düşərgənin başında duran şəxslərin güllələnəcəyi haqda məktub göndərilib; siyasətçilərin istefa verməsi tələb edilir
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən ADP-nin mərkəzi qərargahına Nazim Muxtarov adlı şəxsin imzası ilə təhdid dolu bir məktub göndərilib. Partiyanın sədri Sərdar Cəlaloğluna ünvanlanan məktubda müxalifətlə, siyasi vəziyyətlə əlaqədar müxtəlif cümlələr yer alıb. Bu barədə ADP mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, məktubun sonunda yazılan bir cümlədə kiminsə güllələnəcəyindən söhbət gedir. Həmin fikir belə ifadə olunub: “Həm də mən sizə müharibə elan edəcəyəm. Sizin aranızda olan bir neçə yaramazlar var ki, onların hamısını da olmasa, birini güllələyəcəyəm”.
Məktubun əvvəlində “birləşmiş müxalifət” ifadəsi işlədildiyindən, ADP mətbuat xidməti güman edir ki, “sizin aranızda” deyərkən müəllif Qarabağ və Respublika Uğrunda Hərəkatı nəzərdə tutub.
Məktub müəllifi S.Cəlaloğludan məktubu məhz birləşmiş müxalifətin rəhbərlərinə çatdırmasını tələb edib. Müəllif əsasən müxalifət liderlərinin bəyanat verərək siyasi səhnəni tərk etməsi tələbini qoyub. Bunun üçün müxalifət liderlərinə bir həftə vaxt da verib.
Məsələ ilə əlaqədar ADP sədrinin birinci müavini Həsrət Rüstəmov Daxili İşlər Nazirliyinə müraciət edib.<%-2>
H.Rüstəmov partiyanın mətbuat xidmətinə bildirib ki, məktubu oxuyan zaman müəllifin psixi durumu dərhal şübhə doğurur: “Odur ki, bu məktubu təsadüfi bir şey kimi diqqətə almamaq da olardı. Amma Dövlət Neft Akademiyasında baş vermiş terror hadisəsi və son bir neçə ayda artan terror təhdidləri bizi ayıq olmağa sövq edir. Ona görə də polisi ən yüksək səviyyədə məlumatlandırmağı lazım bildik. Ümid edirəm ki, məsələ tam ciddi araşdırılacaq və hər hansı bir təhlükə varsa aradan qaldırılacaq.”
Məsələ ilə bağlı ADP sədri Sərdar Cəlaloğlu ilə əlaqə saxladıq. S.Cəlaloğlu bu hadisə ilə bağlı maraqlı faktlar açıqladı: “Nazim Muxtarov son vaxtlar mənə bir neçə məktub göndərib. Əvvəlki məktublarında hər şeydən bezdiyini, müxalifət liderlərindən narazı olduğunu bildirsə də onları güllələməklə hədələmirdi. Ona görə də mən məsələni ciddiyə almırdım. Bu gün (dünən) təqdim etdiyi məktubda isə birləşmiş müxalifətin liderlərini güllələyəcəyini yazıb. O, məktubu qərargaha şəxsən özü gətirir. Yaşadığı ünvanı da yazır. Onun bu hərəkəti ruhi xəstə təsiri bağışlasa da, ölümlə hədələmə məsələsi olduğu üçün düşündüm ki, ruhi xəstələrin də bəzən ən təhlükəli hadisələr törətməsi halları baş verir. Partiyadaşlarıma tapşırdım onu çağırıb danışdırdılar. Məlum oldu ki, vaxtilə Xalq Cəbhəsinin üzvü olub və xalq hərəkatında iştirak edib, 40-45 yaşı olar. Açıq dedi ki, müxalifət liderlərini güllələmək üçün tüfəng və patronlar da əldə edib. Onu bu hərəkətinin qanunsuz olduğuna inandırmaq istədik. Xeyri olmadı. Dedi ki, birləşmiş müxalifətin liderlərinin ya hamısını, buna nail ola bilməsə ən azı birini güllələmək fikrində qətidir. Bildirdi ki, bu hadisəni mütləq bir həftə ərzində həyata keçirəcək. Odur ki, biz qərara gəldik ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə məlumat verək. Onun ünvanını və telefon nömrəsini də müraciətdə göstərmişik. Yəni polisin onu qısa müddətdə tapmasında problem yoxdur. Bu adam ruhi xəstəyə oxşayır və beyninə yerləşdirib ki, qətl törədəcək. Odur ki, polis dərhal tədbir görməlidir. Bizim onu tutub polisə verməyimiz həm polisin işinə qarışmaq olardı, həm də arzuolunmaz nəticə törədə bilərdi. Ona görə də məsələnin qanuni yolla həll edilməsi yolunu seçdik”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirildi ki, quruma ADP-dən müraciət daxil olub-olmadığı haqda onlarda dəqiq məlumat yoxdur.
Söhbət etdiyimiz ekspertlər ADP-nin DİN-ə müraciət etməsinin doğru addım olduğunu bildirdilər. Müxalifət liderlərinin ölümlə hədələnməsi bir avantüristin boşboğazlığı da ola bilər. Amma buna tam əmin olunmadığı üçün ehtiyat tədbirləri görülməsi, hüquq-mühafizə orqanlarının araşdırma aparması zəruridir.<%-2>
Bir neçə məqama diqqət yetirdikdə hədələyici məktubun ciddiyə alınmasının vacibliyi önə çıxır. Birinci məqam: Azərbaycanda hansısa partiya sədrinə bu tipli məktubun göndərilməsi faktı ilk dəfədir baş verir.
İkinci məqam: Azərbaycanda Neft Akademiyasında dəhşətli terrorun həyata keçirilməsindən cəmi iki ay keçib. Bu terrorun arxasında dayanan qüvvələrin Azərbaycanda qarışıqlıq və siyasi gərginlik yaratmaq məqsədilə hansısa siyasətçiyə terror etmək fikrinə düşməyəcəyinə heç kim təminat verə bilməz.
Üçüncü məqam: Böyük dövlətlər Azərbaycanda mövqelərini möhkəmlətmək uğrunda mübarizə aparırlar. Azərbaycan hakimiyyətinə açıq və gizli təzyiqlər edilir. Bir-birinin ardınca ölkəmizə nüfuzlu dövlətlərin rəhbərlərinin səfərləri reallaşır.
Dördüncü məqam: Azərbaycan qazının ələ keçirilməsi uğrunda Qərblə Rusiya rəqabət aparır. Rusiya ilə rəsmi Bakı qazla bağlı razılaşma əldə edib. Bu məqam təxminən 15 il öncə Azərbaycanda baş verən qətl hadisələrini yada salır. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlanan neft müqavilələri bağlanan ərəfədə Azərbaycanda bir neçə siyasi qətl törədildi. Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilov və general Şəmsi Rəhimov güllələndi.
Beşinci məqam: İsrail prezidentinin Azərbaycana səfər etməsini bir sıra dövlətlər həzm edə bilmirlər və onların Azərbaycanı cəzalandırmaq fikrinə düşdükləri istisna deyil.
Bütün bunlarla yanaşı, ortada ölkə müxalifətinin liderlərinə qarşı açıq təhdid var və bu faktın özü də məsələnin ciddi şəkildə araşdırılmasını, tədbir görülməsini zəruri edir. Ola bilər ki, hansısa qüvvələr Azərbaycanı qarışdırmaq istəyir.
Həm də tamamilə mümkündür ki, təsir agentləri vasitəsi ilə istiqamətləndirilən Nazim Muxtarov planlaşdırılan təxribatda əsas icraçı deyil. Onu sadəcə qabağa verib, ortalığı gərginləşdirmək, daha sonra isə yatırtmaq istəyirlər. Bundan sonra isə tamamilə başqa bir icraçının əli ilə elan olunan istiqamətdə qətllər törədib, ölkəmizi qarışdıracaqlar. Ona görə də hər bir kəsin ayıq olmasına, hüquq mühafizə orqanlarının isə məsələyə son dərəcə ciddi yanaşmasına ehtiyac var.