Polad Bülbüloğlunun başçılıq etdiyi qrup Şuşadan İrəvana yollandı; Azərbaycan ictimaiyyətindən və müxalifətdən sərt təpki gəldi
Azərbaycan servisi/Aran Agentliyi
Dünən Azərbaycanın və Ermənistanın Moskvadakı səfirləri - Polad Bülbüloğlu ilə Armen Smbatyan, eləcə də Rusiyanın Mədəniyyət və Kinematoqrafiya Federal Agentliyinin rəhbəri Mixail Şvıdko Dağlıq Qarabağa gediblər. Xatırladaq ki, səfirlər bundan əvvəl 2007-ci il iyunun 28-də Dağlıq Qarabağda olublar. O zaman Azərbaycan təmsilçilərinin qondarma «DQR»in bayrağı altında separatçı rejimin rəhbəri ilə görüşməsi ölkədə ciddi etirazlar doğurmuşdu.Səfirlərin Dağlıq Qarabağa marşrutu əvvəlki kimi qalıb.
Azərbaycanlılar Dağlıq Qarabağa Tərtərdən, ermənilər isə Ermənistandan keçiblər. ANS-in Qarabağ bürosunun məlumatına görə, Polad Bülbüloğlunun başçılıq etdiyi heyət dünən səhər Tərtər rayonunun Şıxarx kəndindən işğal altında olan ərazilərimizə keçiblər. Bu məqsədlə cəbhə xəttində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Bu dəfə nümayəndə heyətlərinin tərkibində deputatlar - Asim Mollazadə və Rövşən Rzayev, həmçinin bəstəkar Səyavuş Kərimi, eləcə də uzun müddət Şuşada və Xankəndində işləyən Zahid Abbasov da yer alır. İlk dəfədir ki, Azərbaycandan deputat statusunda Dağlıq Qarabağa nümayəndə gedir və separatçı rejimlə təmas qurur. Erməni tərəfdən də nümayəndə heyətinə bəzi tanınmış şəxslərin daxil olduğu bildirilir.
Dünən səhər nümayəndə heyətləri Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüblər. Bu görüş zamanı Bülbüloğlu deyib ki, onların məqsədi hansısa dövlət vəzifələrini yerinə yetirmək və ya siyasi missiya həyata keçirmək deyil: «Mən bura uzun illər yan-yana yaşamış iki xalq arasında etimad yaratmaq üçün gəlmişəm» deyə, o bildirib. Bako Saakyan isə «xalq diplomatiyası» təşəbbüsün dəstəkləyib. O deyib ki, bu cür təşəbbüslər münaqişənin dinc yolla nizamlanmasını asanlaşdıra və xalqlar arasında etimad yarada bilər.
Erməni mənbələrinin məlumatına görə, Bülbüloğlu deyib ki, son 18-20 il ərzində hər iki tərəfdə bir-biri haqda məlumatı olmayan nəsillər formalaşıb. «Ona görə də biz iki keçmiş mədəniyyət naziri olaraq bu təşəbbüsü başlatdıq, bizim ilk təşəbbüsümüz uğurlu alındı». Bülbüloğlu məlumat verib ki, bu dəfə Xankəndinə daha geniş tərkibli nümayəndə heyəti gəlib və onların bir çox yeni ideyaları var. Bu ideyalar hələ müzakirə mərhələsindədir, ancaq ola bilsin gələcəkdə baş tutacaq. Bülbüloğlu iki xalq arasında düşmənçiliyə görə mətbuatı da qınayıb. Erməni jurnalistləri ondan Dağlıq Qarabağa niyə cəbhə xəttindən keçərək gəldiyini soruşublar. Səfir isə cavab verib ki, onun üçün Dağlıq Qarabağla Azərbaycanın qalan hissəsi arasında sərhədlər mövcud deyil.
Səfir jurnalistlərlə söhbətdə deyib ki, onların birinci səfərlərindən fərqli olaraq bu dəfə daha qızğın debatlar olub. «Biz iki ölkə prezidentləri və xarici işlər nazirləri arasında danışıqlara qarışmırıq. Sadəcə olaraq çalışırıq ki, iki xalq arasında humanitar kontekstdə əlaqələr yaransın. Nə azərbaycanlılar kosmosa uçmağa hazırlaşır, nə ermənilər. Hər iki xalq birgə yaşamağa məhkumdur. Bu formatda gələcəkdə də əlaqələr yaranmalıdır».
Səfirlər Xankəndindən sonra Şuşaya, oradan isə İrəvana gediblər. İrəvanda Ermənistan prezidenti ilə görüşən nümayəndə heyəti missiyaları ilə bağlı məlumat veriblər. Xatırladaq ki, ötən missiya zamanı da onlar Qarabağdan İrəvana yola düşərək o vaxtkı prezident Robert Köçəryanla görüşmüşdülər və ardınca Bakıya gəlmişdilər.
Dağlıq Qarabağ separatçılarının rəhbəri isə bir gün əvvəl İrəvanda ATƏT-in hazırkı sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyanni ilə görüşüb. Erməni mənbələrinin məlumatlarına görə, Saakyan ATƏT sədrinə Azərbaycan tərəfinin snayperləri təmas xəttindən geri çəkməkdən imtina etdiyini deyib. O, qeyd edib ki, ATƏT-in fəaliyyətdə olan sədri Dora Bakoyanni ilə görüş zamanı atəşkəs rejiminin pozulması məsələsi müzakirə olunub. Saakyanın sözlərinə görə, Qarabağ tərəfi bir müddət əvvəl iki təkliflə çıxış edib - monitorinq qrupunun texniki imkanlarının artırılması və snayperlərin ön cəbhədən çıxarılması haqda. «Lakin Azərbaycan tərəfi snayperləri geri çəkməkdən imtina edib», deyə Saakyan bildirib. Separatçı rejimin rəhbəri onu da deyib ki, prezidentlərin qarşıdakı görüşündə hansısa sənədin imzalanacağını gözləmir.<%1>
Günün sonuna doğru erməni mənbələri nümayəndə heyətinin tərkibində yer alan Asim Mollazadənin də açıqlamasını yayıblar. «İstənilən pis sülh müharibədən yaxşıdır» deyə Mollazadə Xankəndində bildirib. «Bu gün hər iki ölkə - Azərbaycan və Ermənistan, həmçinin hər iki xalq üçün sülhün əldə olunması istiqamətində böyük şans var. Bunun üçün sülh və stabil Cənubi Qafqaz regionunun yaradılmasına imkan verə biləcək ciddi iş və həll variantlarının axtarışı zəruridir. Bu istiqamətdə həm Azərbaycan, həm də Ermənistan iş görməlidir, beynəlxalq təşkilatlarsa onlara sülhün əldə olunmasında köməklik göstərməlidir». Mollazadə qeyd edib ki, hazırda danışıqlar prosesi gedir, ciddi irəliləyişlər var. «Düşünürəm ki, Moskva Bəyannaməsinin imzalanmasından sonra sülhün əldə olunması istiqamətində çox iş görülüb». Maraqlıdır ki, Mollazadənin nümayəndə heyətinin tərkibinə Azərbaycan müxalifətini təmsil edən adam kimi daxil edildiyi ortaya çıxıb. Oyuncaq müxalifət olduğu hər kəsə bəlli olan bu deputat deyib ki, Xankəndinə Azərbaycan müxalifətinin təmsilçisi kimi gəlib. Mollazadə vurğulayıb ki, onun Xankəndində olması, sülhün əldə olunmasında təkcə hakim partiyanın deyil, Azərbaycan müxalifətinin də, maraqlı olduğuna sübutdur.
Dünən gecə «sülh missiyası» Bakıya gəlib. Qəzet çapa hazırlanarkən onların prezident İlham Əliyevlə görüşüb-görüşmədikləri bəlli deyildi.