Azərbaycandan bir qrup millət vəkili işğal altında olan torpaqlarımıza səfər edib
Azərbaycan servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin verdiyi məlumata görə Azərbaycandan bir qrup millət vəkili işğal altında olan torpaqlarımıza səfər edib.
Səfər zamanı səsləndirilən fikirlər isə müharibə istəməyən, istənilən sülhə razı olan təslimçi çıxışına daha çox oxşayıb.
Tert.am erməni xəbər saytının məlumatına görə Müxalifəti təmsil edən deputat Asim Mollazadə:"Hər bir pis sülh müharibədən yaxşıdır"-deyərək fikirini bu cür davam etdirib: “Yolları, evləri yenidən tikmək olar, amma ən qiymətlisini - insan həyatını heç kim qaytara bilməz, biz bütün insan itkilərinin yerini doldura bilmərik, ona görə də sülh vacibdir".
Polad Bülbüloğlu isə:"Mən bura uzun illər yan-yana yaşamış iki xalq arasında etimad yaratmaq üçün gəlmişəm"-deyib.
Bu arada Qarabağ Azadlıq Təşkilatı bəyənat yayaraq bu səfəri pisləyib və aksiyalar keçirəcəyi barədə məlumat verib.
Bu səfərlə bağlı Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin mətbuat katibi Hacı Ramin Bayramovdan münasibət öyrəndik, o da bu səfəri düzgün hesab etmədiyini önə çəkərək: "Bu görüşdəki səsləndirilən fikirlər təslimçi, hər bir pis sülhə hazır olan aciz insan çıxışına daha çox oxşayır. Çünki adətən bu çıxış edənlərin çoxları nə özləri, nədəki, övladları Qarabağda döyüş görməyiblər. Onların əksəriyyəti keçmişdə ermənilərlə bir yerdə içki məclisində oturub duranlardır. Və hər bir pis sülhə razı olmaq fikirləri şəhidlərimizin ruhunu tapdaq altına qoyub xalqın yaddaşından erməni cinayətlərini silməyə daha çox oxşamırmı? Niyə biz sülhə belə çox həvəsliyik? Bəlkə sərmayəmizin itirilməsindən qorxuruq? Bəlkə döyüşə həvəsləndirən fikirlər hansısa xarici ölkənin marağına ziddir?". Ümumiyyətlə bütün təslimçi görüşləri pisləyən Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin rəsmisi: "Tarixdə hər kəsin etdikləri düzgün qiymətləndirilərək həkk edilir. Gərəkdir ki, bizlər o şeylərə yol verməyək ki, gələcək nəsil bizləri qınayaraq təslimçiliyimizə görə adımızı mənfür insanların sırasında adlandırsın"-deyib.
Görəsən başqa ölkənin rəhbərini Erməni prezidenti ilə görüşməsini qınayanlar indi niyə bu deputatların bu cür görüşməsini qınamırlar?