Tarix : 2009 Jul 06
Kod 12764

DİNİ KOMİTƏ MƏSCİDLƏRİN BAĞLANMASI VƏ YA SÖKÜLMƏSİ İLƏ MƏŞĞUL OLMADIĞINI DEYİR

.
Azərbaycan servisi/Aran Agentliyi
E.Əsgərov: “Dövlət Komitəsində bu saat Günəşlidəki məscidin sökülməsi məsələsi yoxdur. Məscidin sənədlərinin qeydiyyata alınması prosesi gedir”

- Son günlərdə belə bir xəbər yayılmışdı ki, komitə sədri H.Orucov bildirmişdir ki, Yeni Günəşlidəki Fatimeyi Zəhra (s.ə.) məscidi sökülməlidir. Məlumatın yayıldığı günün sonuna doğru isə bu xəbər təkzib edildi. Bu haqda DQİDK-nin sədr müavini olaraq nə deyə bilərsiniz?

- Məndə həmin məscidin sökülüb-sökülməməsi haqqında dəqiq məlumat yoxdur. Mən bildiyimə görə sökülməməlidir. Həmin məscidin icması komitə yaranandan qeydiyyatdan keçməyib. İndi icma qeydiyyatdan keçmək üçün sənədlərini hazırlayır. Bir də onun tikilməsi haqqında sərəncam problemlidir. Bu mələləri həll etmək üçün icma çalışır. Axırı necə olacaq, onu mən deyə bilmərəm. Hər halda hazırda həmin məscidin sənədlərinin qaydaya salınması mərhələsi gedir.

- Belə anlaşılır ki, məscidin sökülməsi gündəmdə deyil?

- Hər halda Dövlət Komitəsində belə bir mövzu yoxdur. Amma sərəncamla bağlı yerli İH, Bakı şəhəri İH hansı qərarı verəcək - bunu mən deyə bilmərəm. Sərəncam verəcək, yoxsa başqa qərar verəcək, deyə bilmərəm.

- Həmin məscidin inşası təşəbbüsü 90-cı illərin ortalarında H.Əliyev tərəfindən irəli sürülmüşdür. Daha sonra o, özü Suraxanı rayonunda səfərdə ikən həmin ərazinin tamamilə məscid tikintisi üçün ayrılmasını və bundan irəli gələn bütün çətinliklərin aradan qaldırılmasını Hacıbala Abutalıbova tapşırmışdı. O zaman H.Abutalıbov Suraxanı rayonun İH-nin başçısı idi. Məscidin sərəncam məsələsi də elə o zaman həll edilmişdi. Çünki bu məsələnin həllini o zaman H.Əliyev H.Abutalıbova şəxsən tapşırmışdı...

- Başa düşdüm, sərəncamla bağlı başqa məlumat da deyirlər. Hər halda Dövlət Komitəsində bu saat o məscidin sökülməsi məsələsi yoxdur. O məscidin sənədlərinin qeydiyyata alınması prosesi gedir. Sənədlər qaydasına düşsün, məscid tam fəaliyyətini bərpa edəcəkdir.

- Deməli komitə sədrinin sökülmə ilə bağlı dediyi bildirilən fikirlər mövcud deyildir?

- Mən dəqiq deyə bilmərəm. Yenə də deyirəm, o məscidin sökülməsi haqqında Komitə göstəriş vermir. Məndə olan məlumata görə, həmin sərəncam Bakı şəhər İH tərəfindən 2003-cü ildə ləğv edilib.

- Düzdür, belə bir sərəncam var. Qanunvericikdə isə belə bir maddə mövcuddur ki, əgər hər hansı bir sərəncam 3 il müddətində həyata keçirilməyibsə, o zaman həmin sərəncam öz qanuni qüvvəsini itirmiş olur.

- Əlbəttə ki, yaxşı olardı ki, ilk sərəncam qüvvəsində saxlanılardı.

- KİV-də Komitə sədrinin rəsmi bir açıqlaması yayılıb: “Dövlət komitəsi məscidləri bağlamır. Komitə tərəfindən yalnız dini icmaların qeydiyyatı məsələsi qaldırılır”. İstərdik buna münasibətinizi bilək. Bağlanan məscidləri kim bağlayır?

- Yasamal rayonunda olan məscidi RİH məsələ qaldırmışdı ki, qanunsuz tikilib. Onun sökülməsi haqqında da Yasamal RİH məsələ qaldırmışdı. Və yaxud da Goranboyda da belə bir məsələ qalxmışdı. QMİ işə qarışdı, məscid sökülmədi. Ümumiyyətlə, DK məscidlərdə yalnız qeydiyyat işləri ilə məşğuldur. Qanuna edilən yeni əlavələr görə bundan sonra yeni məscidlərin tikilməsi və məscidlərin bərpa olunması üçün DQİDK-nin rəyi lazım olacaq. Amma hər halda DK tərəfindən heç bir məscidin sökülməsi barədə heç bir sərəncam verilməmişdir.

- Fatimeyi Zəhra (s.ə.) məscidinin bağlanması haqqında DK-nin rəyi varmı?

- Məndə olan məlumata görə bu yerli icra hakimiyyətinin mövqeyidir ki, bağlansın. O da ola bilər ki, Bakı şəhər İH-nin göstərişi ilə bunu edib. Mən bu problemin tam içində deyiləm, ona görə də tam deyə bilmərəm.

- Müsahibəyə görə təşəkkür edirik.

Gün ərzində Fatimeyi Zəhra (s.ə.) məscidi ətrafında baş verənlərlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin də münasibətini öyrənməyə çalışdıq. QMİ sədrinin köməkçisinin bildirdiyinə görə, QMİ məsulları Qazaxıstanda səfərdə olduqlarından hazırda əlaqə saxlaya bilməyəcəklər. QMİ rəsmiləri vətənə dönəndə onların da münasibətini oxuculara təqdim etməyə çalışacayıq.
Əbazər Əhmədli,
  • Yazılıb
  • da (də) 2009 Jul 06