Tarix : 2009 Jul 07
Kod 12775

Qarabağ azad oluna bilərmi?

5 rayon, 5 ildən sonra da 2 rayon. İlham Əliyev Dağlıq Qarabağ danışıqları haqda yeni açıqlama verib
Azərbaycan Servisi/Aran Agentliyi
5 rayon, 5 ildən sonra da 2 rayon. İlham Əliyev Dağlıq Qarabağ danışıqları haqda yeni açıqlama verib

Prezident İlham Əliyev iyulun 4-də “Rossiya” kanalının “Vesti v subbotu” proqramına müsahibəsində Dağlıq Qarabağ probleminin sülhlə həllinə yönəlik danışıqlar haqda yeni açıqlama verib.

ANS-in məlumatına görə, dövlət başçısı bildirib ki, sülh sazişi imzalandıqdan sonra birinci mərhələdə 5 rayondan, saziş imzalandıqdan 5 il sonra isə Kəlbəcər və Laçından erməni qoşunlarının çıxarılması təklif olunur: “Hesab edirik ki, bu, kompromis müddətdir. Biz Dağlıq Qarabağda yaşayanların narahatlığını anlayırıq. Onlar başa düşürlər ki, Qarabağ coğrafi baxımdan Ermənistandan yenidən ayrıla bilər. Çünki Dağlıq Qarabağın Ermənistanla heç vaxt əlaqəsi olmayıb. Ona görə də konstruktivlik göstərməyə və məsələyə beynəlxalq normalara uyğun baxmağa hazırıq.

Dağlıq Qarabağın statusuna gəldikdə, bu, gələcəyin məsələsidir. Bu gün bizim müzakirə və qəbul etdiyimiz təkliflər arasında statusun müəyyən edilməsi yoxdur. Əlbəttə, Dağlıq Qarabağın müstəqil ölkə kimi fəaliyyətini görmürük. Azərbaycan buna heç vaxt razı olmayacaq. Hesab edirik ki, Ermənistan bunu başa düşür. Biz bu gün münaqişənin nəticəsini aradan qaldırmalıyıq və işğala son qoymalıyıq. Oradakı bütün millətlərin təhlükəsizliyi təmin edilməli, bundan sonra kommunikasiyalar açılmalıdır. Başa düşürük ki, Dağlıq Qarabağın hansısa statusu olmalıdır və bunu yalnız Azərbaycanın tərkibində görürük”.

Bu arada “Trend” agentliyi məlumat yayıb ki, iyulun 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya gələcək. Amerikalı həmsədr Metyu Brayzanın sözlərinə görə, səfərin məqsədi prezidentlər İlham Əliyev və Serj Sərkisyanın iyulun ortalarında Moskvada keçirilməsi planlaşdırılan görüşünü təşkil etməkdir.
  • Yazılıb
  • da (də) 2009 Jul 07