İlahiyyat məscidi ətrafında yenidən əcaib hadisələr baş verməkdədir. Az öncə İlahiyyat məscidinin hocalarından biri olan İbrarim Məmişin evinin söküldüyü haqqında redaksiyamıza məlumat daxil oldu...
Azərbaycan Servisi/Aran Agentliyi
İlahiyyat məscidi ətrafında yenidən əcaib hadisələr baş verməkdədir. Az öncə İlahiyyat məscidinin hocalarından biri olan İbrarim Məmişin evinin söküldüyü haqqında redaksiyamıza məlumat daxil oldu. Belə bir hadisənin baş verməsi reallıq kimi görünməsə də, məscidlərlə bağlı acı təcrübələr məlumatın reallıq ehtimalını kifayət qədər gücləndirirdi. Elə bu səbəbdən də bir başa hadisə yerinə yollandıq.
İlahiyyat məscidinin ərazinə çatanda isə... Necə deyərlər; “Lələ köçüb, yurdu qalıb”. Həqiqətən də İbrahim hocanın evi sökülmüşdü. Özü isə hal-hazırda Türkiyədədir. Onun Türkiyəyə nə zaman qayıtdığını bilməsək də, evinin sökülməsi haqqında qabaqcadan məlumatlı olduğunu öyrəndik. İbarhim hocanın evi sökülmədən öncə Azərbaycanı tərk etdiyi bildirilir. Bu haqda bizə məscidin digər imamı Bayram hoca bildirdi. Bayram hocanın sözlərinə İbrahim hoca xarici vətəndaş olduğundan buna hər hansı bir əks reaksiya göstərə bilməyib; “Nə reaksiya göstərəcəyik. Biz xarici vətəndaşıq. Bizə dedilər ki, bura bizə aiddir. Bu yeni bir söhbət deyil. Bundan qabaq da bu məsələ var idi. Buranın söküləcəyəni bizə söylədilər. Diyanət İşləri Vəqfi də bundan xəbərdardır. Onlar da dedilər ki, biz bu məscidi tikdik və hədiyyə etdik azərbaycanlı bacı-qardaşlarımıza. Bura Türkiyə cümhuriyyətinin deyil. “Biz hədiyyə etdik” deyirlər”. Bayram hocanın bildirdiyinə görə hadisələrə Türkiyə cümhuriyyətinin ölkəmizdəki səfirliyinin də mövqeyi səfirliyin Diyanət İşləri Vəqfinin mövqeyi ilə eynidir. Onlar bu məscidin Azərbaycana hədiyyə edildiyini bildiriblər; “Demişlər ki, bizə məscid tikin. Tikiblər. Sonra deyiblər ki, bizim kadrlarımız yoxdur, Türkiyədən imam gəlsin. Türkiyədən də imam gətirilmişdir. Tamam. Bizim başqa edə və deyə biəcəyimiz yoxdur. Biz buraya istənilmədiyi halda gəlməməmişik. Türkiyə cümhuriyyəti ilə razılaşdırıldıqdan sonra biz buraya gəlmişik”. “İlahiyyat” və “Şəhidlər” məscidi ətrafında bütün bu baş verənlər həmin razılaşmanın sona çatmasımı deməkdir? deyə verdiyimiz sualı isə hoca belə cavablandırdı; “Xeyr, bu o mənada deyil. Bu o mənada idi ki, deyirdilər ki, bizim kadrlarımız yetişsin. Bu söküntünün bu mövzuya aidiyyəti yoxdur. İbrahim hocanın evinin sökülməsi tikilən bu binalarla əlaqədardır. Dedilər ki, buradan yol çəkirik. Ona görə də sökdülər. İbarihimin evinin sökülməsini deyəndə mənim də yaşadığım evin də söküləcəyini də dedilər. Hər an mənimkini də sökə bilərlər. Vaxtını mən də bilmirəm. Biz buraya xidmət üçün gəlmişik. Xidmət lazımdırsa, varıq. Amma nə zaman xidmətimiz lazım deyilsə gedərik”.
Məscid ərazisini gəzərkən yaxınlıqdakı tikinti aparan şirkətin fəhlələrindən öyrəndik ki, hocanın evi günorta saatlarında onların şirkətinin fəhlələri tərəfindən sökülmüşdür. Onlara bu haqda əmrin isə Bakı Dövlət Universiteti tərəfindən verildiyi bildirildi. Araşdırma zamanı “İlahiyyat” məscidinin hasarına bitişik binalar haqqında bir sıra bilgilər əldə edə bildik. Onu da deyək ki, “İlahiyyat” məscidi ətrafındakı olaylar hələ yenicə gündəmə gəldikdə məhz bu binalara görə BDU rektorunun istəyinə əsasən “İlahiyat” məscidinin də söküləcəyi bildirilirdi. Qayıdaq binalar haqqında əldə etdiyimiz məlumatlara.
İlahiyyat məscidinə bitişik inşa edilən 5 bina “BDU” mənzil-tikinti kooperativinə (MTK) məxsusdur. “BDU” MTK-nın sədri isə BDU-nun prorektoru İsmayıl müəllimdir. MTK məsullarından birinin bildirdiyinə görə hocanın evinin sökülməsi əmri də məhz İsmayıl müəllim tərəfindən verilmişdir. Binalara gəldikdə isə, onların BDU-nun 300-dək müəllimi üçün tikildiyi bildirilir.
BDU rektorluğuna zəng edərək İsmayıl müəllimlə əlaqə yaratmağa çalışdıq. Oradan isə bizə bildirdilər ki, 10 dəqiqədən sonra əlaqə saxlayaq. 10 dəqiqədən sonra isə telefon zənglərimizə cavab verən tapılmadı.
Bizi isə o an düşündürən bu suallar idi; Görəsən BDU müəlimləri kimlərin isə (xüsusən də ruhanilərin) evinin sökülməsi hesabına onlara verilən evlərdə yaşayarlarmı? Və yaxud məscid ərazisinin qəsb edilməsi hesabına onlara veriləcək evlərdə yaşamaq istərlərmi? Mövzunu diqqətdə saxlayacağıq.