Tarix : 2009 Jul 09
Kod 12820

Bakıdakı Əlvan Metallar zavodunda güclü yanğın baş verib

Bu gecə Bakının Qaradağ rayonu ərazisindəki Əlvan Metallar zavodunda güclü yanğın baş verib
Azərbaycan Servisi/Aran Agentliyi
Bu gecə Bakının Qaradağ rayonu ərazisindəki Əlvan Metallar zavodunda güclü yanğın baş verib. ANS PRESS-in hadisə yerindəki əməkdaşının sözlərinə görə, fəaliyyəti dayanmış zavodun dam örtüyü yanıb. Yanğın təxminən 800 kv.metr ərazisini əhatə edib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş Yanğından Mühafizə İdarəsinin rəisi Füzuli Əsədov hadisə yerində olub. O, ANS PRESS-ə açıqlamasında bildirib, yanğının qarşısının alınması üçün Bakının üç rayonunun yanğından mühafizə hissəsinin təxminən 16 yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğının səbəbləri bəlli olmasa da, artıq ilkin ehtimallar mövcuddur. Qaradağ rayon qaz istismarı idarəsinin yanğının baş verdiyi əraziyə gələn nümayəndələri bildiriblər ki, zavoda qaz verilmir. Deməli, yanğının təbii qazdan baş verməsi mümkün deyil. Odur ki, bütün diqqət yanğının səbəbinin elektrik enerjisi ilə bağlı ola biləcəyini deməyə əsas verir. Qeyd edək ki, zavodun həyətində elektrik transformatoru var və hazırda fəaliyyətdədir. Bundan başqa, zavodun ərazisində metal əridilməsi ilə məşğul olan sexin də fəaliyyət göstərdiyi bildirilir.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının vurduğu ziyanın miqyası hələlik məlum deyil.
  • Yazılıb
  • da (də) 2009 Jul 09