Tarix : 2009 Jul 09
Kod 12821

BAKIDA NAZİRİN QƏBUL OTAĞINDA ÖZÜNÜ DOĞRADI

Səyyarə Heydərova: "Özümü öldürməyə məni Kamal təhrik etdi"; yaralı qadına 20 dəqiqə heç kim yardım göstərməyib
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən saat 12:30 radələrində ədliyyə naziri Fikrət Məmmədovun qəbul otağında qanlı hadisə baş verib. 2007-ci ildə qanunsuz həbs olunmuş keçmiş deputatlığa namizəd Səyyarə Heydərova nazirin qəbuluna buraxılmadığı üçün qollarını doğrayıb. Hadisədən 5-6 saat sonra özünə gəldiyini söyləyən qadın bildirdi ki, F.Məmmədovun qəbuluna Prezident Administrasiyasından göndərilib.
“2007-ci ildə vətəndaşların hüquqlarını müdafiə etdiyim üçün qanunsuz şəkildə həbs edilmişəm. 2008-ci il yanvarın 8-də qanunsuz həbsimə etiraz olaraq aclıq aksiyasına başladım. Bir neçə gün sonra səhhətim pisləşdi və məni Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərdilər. Orada psixiatriya şöbəsində qanunsuz olaraq saxlanıldım. Məni heç bir psixi problemim olmadığı halda bu şöbəyə qəsdən yerləşdirmişdilər. Xəstəxananın baş həkimi Rəşad Dəmirov məni səhv müalicə etdirib öldürtmək istəyirdi. Orada 58 gün aclıq etdim, amma məni guya müayinə edib yazırdılar ki, heç bir problemim yoxdur. Məni psixiatriya şöbəsində heç bir iynə-dərman qəbul etdirmədən 22 gün saxladılar. Sonra mənə məlum oldu ki, Rəşad Dəmirov mənim guya xeyli dərmanlar istifadə etdiyimi yazıb və bunları ”yoxa çıxarıb". 50 gün aclıqdan sonra guya məndə heç bir xəstəlik aşkarlanmadı. Hansı ki, mən heç terapevtin üzünü də görməmişdim. Faktiki olaraq mən Dəmirovun qəsdləri nəticəsində II qrup əlil olmuşam. Həbsdən buraxılandan sonra onun da cəzalandırılması üçün şikayət etmədiyim yer qalmayıb. Sonuncu dəfə iyulun 6-da Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbuluna getdim. Onun köməkçisi mənə dedi ki, bu barədə şikayəti şəxsən ədliyyə naziri Fikrət Məmmədova etməlisən, biz sizin adınızı yazırıq, ayın 8-də saat 10-da nazirin qəbuluna gedin. Bu gün (dünən-red.) qəbula getdim. Prezident Aparatından nazirin qəbuluna göndərilən şəxslərin siyahısında mənim də adım var idi. Saat 12-dək orada gözlədim, nazir hamını qəbul etdi; lakin qəbul otağının rəisi Kamal adlı şəxs məni görüşə buraxmadı. Dəqiq bilirəm ki, bunlar Rəşad barədə tədbir görmək istəmir, onun əməllərini ört-basdır etməyə çalışır. Kamala dedim ki, siz Prezident Aparatının tapşırığına niyə məhəl qoymursunuz. Məndən çıxıb getməyimi tələb etdi. Məni ələ saldığını görəndə dedim ki, başqa yolum yoxdur, özümü burada yandıracam. Qayıtdı ki, istəyirsən sənə benzin verim. Məni özünü öldürməyə təhrik edirdi faktiki olaraq. Yenə məni ələ salmağa başlayanda dedim, özümü doğrayacam. Kamal mənə “istəyirsən sənə ”lezva" da verim" söyləyəndə dözə bilmədim və şüşə butulkanı sındırıb qəbul otağında venalarımı doğradım".
S.Heydərovanı orada qan aparsa da, 20 dəqiqə ərzində nazirlik işçiləri ora təcili yardım çağırmayıb. Yalnız hadisə yerinə gələn 27-ci polis bölməsinin əməkdaşları özləri həkim çağırıb. Axşam saatlarında S.Heydərovanın səhhəti ağır olaraq qalırdı. Xəbəri gec aldığımız üçün Ədliyyə Nazirliyinin olaya rəsmi münasibətini öyrənə bilmədik.
 
  • Yazılıb
  • da (də) 2009 Jul 09