Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi gənclər hərəkatının fəallarına qarşı hücum və təzyiqləri qəti surətdə pisləyən bəyanat qəbul edib
Azərbaycan servisi/Aran Agentliyi
DEVAMM – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi gənclər hərəkatının fəallarına qarşı hücum və təzyiqləri qəti surətdə pisləyən bəyanat qəbul edib. Mərkəzin sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda, o cümlədən, bildirilir: “Xəbər verildiyi kimi, gənclər hərəkatının öncüllərindən olan Emin Milli və Adnan Hacızadəyə hücum olunubdur. Hücum nəticısində Emin Milli və Adnan Hacızadə ciddi xəsarət alıblar. Bu azmış kimi, gənc fəallar polis bölməsinə aparılmış, orada gecə saxlanılandan sonra, şübhəli şəxs qismində 48 saatlıq tutulmuşlar.
DEVAMM olaraq, birmənalı olaraq, baş verənləri gənclər hərəkatına qarşı zorakılıq kimi qiymətləndirir, bu acı olayları ümumilikdə vətəndaş cəmiyyətinə qarşı aparılan məqsədyönlü təzyiq prosesinin tərkib hissəsi kimi dəyərləndiririk.
Biz, haqları pozulmuş insanlarla həmrəyliyimizi bəyan edir və provokasiya icraçılarının məsuliyyətə cəlb olunmasını tələb edirik.
Eyni zamanda, siyasi prioritetlərindən asılı olmayaraq, ölkədə mövcud olan bütün ictimai qüvvələri bu biabırçı olayı pisləməyə çağırır, ölkəmizə utanc gətirən belə orta əsr texnologiyalarına “yox!” deməyə dəvət edirik”.