İİR servisi/Aran Agentliyi
Nazirlər bölgədəki hadisələrdən narahatlıq duyduqlarını ifadə ediblər
İranın və Türkiyənin xarici işlər nazirləri Manuçöhr Mottaki, Əhməd Davutoğlu və İslam Konfransı Təşkilatının (İKT) baş katibi Əkmələddin İhsanoğlu Çinin Sincan-Uyğur bölgəsində çox sayda uyğur türkünün ölməsi və yaralanmasına səbəb olan hadisələr barədə müzakirələr aparıblar. Bu barədə məlumatı «CNN Türk» yayıb.
İran Xarici İşlər Nazirliyinin açıqlamasında Mottakinin Davutoğlu və İhsanoğlu ilə apardığı telefon danışıqlarında bölgədə hadisələrdən narahatlıq duyduğu, ərazidəki müsəlmanların haqlarının qorunması üçün Çin hökuməti ilə görüşməyin gərəkli olduğunu bildirdiyi deyilir. İranlı nazir Uyğurustanda baş verənlərlə əlaqədar Çinin xarici işlər naziri ilə görüşəcəyini deyib.
Qeyd edək ki, Çinin Uyğurustan bölgəsində xanlarla uyğurlara arasında baş vermiş qarşıdurmalar nəticəsində 156 nəfərin öldüyü, mindən artıq insanın isə yaralandığı bildirilir.