Tarix : 2009 Jul 10
Kod 12831

ƏLİYEV XALQI SÜLHƏ HAZIRLAMAĞA ÇALIŞIR

Həmsədrlər onun dediklərinə İrəvanda şərh verdi: Dağlıq Qarabağda status səsvermə ilə müəyyən olunacaq
Azərbaycan servisi/Aran Agentliyi
Ermənistan və Azərbaycan prezidentləri arasında yaxın günlərdə Moskvada keçiriləcək növbəti danışıqları hazırlamaq üçün regionda səfərdə olan Minsk Qrupu həmsədrləri dünən İrəvandan Bakıya gəliblər. Ermənistan paytaxtında onlar prezident Serj Sərkisyanla və xarici işlər naziri Edvard Nalbəndyanla keçirdikləri görüşdən sonra mətbuata açıqlamalar veriblər. Həmsədrlər deyiblər ki, tərəflər münaqişənin nizamlanması istiqamətində səyləri davam etdirirlər: "Biz Moskvada konstruktiv görüşün baş tutacağına ümid edirik" deyə amerikalı həmsədr Metyu Brayza bildirib.
Brayza hesab edir ki, Moskva danışıqlarında münaqişənin nizamlanmasının baza prinsiplərini razılaşdırmaq mümkün olmasa belə, güc tətbiqini istisna edən hansısa sənədin imzalanması mümkündür: "Əlbəttə ki, güc tətbiq edilməməsi prinsipi Minsk Qrupu həmsədrlərinin işinin əsas məsələlərindən biridir. Danışıqlar prosesində biz onu həyata keçirməyə çalışırıq". Fransalı həmsədr Bernar Fasye isə əlavə edib ki, ötən ilin payızında prezidentlər arasında imzalanan Moskva bəyannaməsi münaqişənin dinc yolla, beynəlxalq hüquq normaları əsasında həllini nəzərdə tuturdu: «Biz dəfələrlə demişik ki, müharibə heç nəyi həll edə bilməz».
Həmsədrlər onu da deyiblər ki, danışıqlar prosesində snayperlərin ön xətdən çəkilməsi təklifi ilə bağlı müzakirələr davam edir, ancaq nəticə əldə etmək mümkün olmayıb. Bu təkliflə erməni tərəfi çıxış edib. Rusiyalı həmsədr Yuri Merzlyakova görə, bu, «müdrik təklifdir» və cəbhə xəttində gənc insanların həlak olmasını azalda bilər. Bernar Fasye isə snayperlərin geri çəkilməsi məsələsinin danışıqlardakı ümumi atmosferə bağlı olduğunu deyib. Onun fikrincə, əgər ümumi atmosfer yaxşılaşsa, o zaman snayperlərin geri çəkilməsi barədə razılığa gəlmək asanlaşardı.
İrəvanda keçirilən brifinq zamanı həmsədrlər Azərbaycan prezidenti İlham Əliyevin Rusiya televiziyasına müsahibəsi zamanı Qarabağ danışıqlarının bir sıra detallarını açan açıqlamalarını da şərh ediblər. Metyu Brayza deyib ki, İlham Əliyevin son çıxışları onun danışıqlar prosesində əldə edilmiş irəliləyişlərə ölkə əhalisini hazırlamağa yönəlib. «Prezident Əliyevin sözləri ilə diqqətlə tanış olmaq lazımdır. Təbii ki, orada mənfi məqamlar da var, lakin digər pozitiv elementlər də az deyil. Mən onu nə müdafiə edirəm, nə də tənqid edirəm, sadəcə diqqətlə izləyirəm ki, o nə deyir». Brayzanın fikrincə, pozitiv olan odur ki, prezident həmsədrlərin xahişini eşidərək artıq müharibə haqda danışmır, münaqişənin dinc yolla nizamlanmasını müzakirə edir. Amerikalı həmsədrə görə, Azərbaycan prezidenti münaqişənin nizamlanmasının ümumi prinsipləri haqda danışır və hətta bəzi xırda detalları açıqlayır. «Bu, Azərbaycan əhalisini danışıqlardakı irəliləyişlərə hazırlamaq üçün edilir. Çünki bəzi məqamlar Azərbaycan əhalisi tərəfindən qəbul edilmir, ona görə də əhalini inandırmaq lazımdır» - deyə Brayza bildirib.
Amerikalı diplomata görə, Əliyevin açıqlamalarındakı müsbət məqam odur ki, o münaqişənin dinc yolla nizamlanması haqda danışır və Dağlıq Qarabağ əhalisinə təhlükəsizlik təminatının verilməsinin vacibliyini deyir. Onun sözlərinə görə, danışıqların indiki mərhələsində siyasi qarantiya olduqca mühümdür. Rusiyalı həmsədr Yuri Merzlyakov isə deyib ki, indiki mərhələdə Əliyevi Dağlıq Qarabağın müstəqilliyinə razılaşacağını düşünmək sadəlövhlük olardı. Merzlyakova görə, Əliyev Qarabağın statusu haqda danışarkən bu məsələnin gələcəkdə həll oluna biləcəyini deyib: «Bu zaman o, Dağlıq Qarabağda öz müqəddəratını təyin etməyə dair səsverməyə aparan prosesi nəzərdə tutur. Həmin səsvermədə Qarabağ əhalisi Azərbaycanın tərkibində qalıb-qalmamaq məsələsini həll edəcəklər. Təbii ki, Ermənistanda və Qarabağda əhval-ruhiyyə başqadır. Qəribə o olardı ki, Ermənistan və Qarabağ Azərbaycanın tərkibində statusa razılıq versinlər. Lakin statusun müəyyən edilməsi prosesi qısa vaxta başa gəlməyəcək».
Məlum olub ki, həmsədrlər bu dəfə də «pis hava şəraitinə görə» Dağlqı Qarabağa gedə bilməyiblər. Fransalı həmsədr Bernar Fasye məlumat verib ki, onların səfəri zamanı Xankəndinə getmək də nəzərdə tutulmuşdu. «Lakin təəssüf ki, mürəkkəb meteroloji şərtlərə görə bizim vertolyotun ora enməsi məsləhət bilinmədi» - deyə Fasye bildirib. Maraqlıdır ki, həmsədrlər regiona bundan əvvəlki iki səfərdə də «hava şəraitinin pis olduğuna görə» Dağlıq Qarabağa getməyiblər. Rusiyalı həmsədr Merzlyakov deyib ki, Dağlıq Qarabağ danışıqları barədə bütün məlumatları alır. Lakin indiki mərhələdə Dağlıq Qarabağın danışıqlarda birbaşa iştirakı nəzərdən keçirilmir: «Biz həmişə demişik ki, münaqişənin nizamlanmasının baza prinsipləri imzalanandan sonra Dağlıq Qarabağ həmin prinsiplərə dair detallar ətrafında aparılan danışıqlara cəlb olunacaq» - deyə o bildirib.
Həmsədrlərin İrəvanda verdikləri açıqlamalardan da göründüyü kimi, Azərbaycan prezidenti danışıqlar prosesinin detalları haqda danışarkən Dağlıq Qarabağın statusunun necə müəyyən ediləcəyini konkretləşdirməsə də, bunun səsvermə yoluyla edilməsi müzakirə predmetidir. Səsverməyə qədər isə Dağlıq Qarabağda aralıq status olmalıdır. Prezident Əliyev «Vesti»yə müsahibəsi zamanı Dağlıq Qarabağın statusunun ancaq azərbaycanlıların Şuşaya qayıtmasından sonra müəyyən edilə biləcəyini deyib. Onun fikrincə, status 10 ildən, 100 ildən sonra müəyyən edilə bilər, yaxud ümumiyyətlə müəyyən edilməmiş qalar. Beləliklə, Əliyevin açıqlamalarının və vasitəçilərin dediklərinin əsasında belə nəticəyə gəlmək mümkündür ki, danışıqlarda Dağlıq Qarabağın statusunun necə müəyyən edilməsi məsələsi açıq qalır və bu məsələdə tərəflərin mövqeləri arasında kəskin uçurum var. Ermənistan bəribaşdan səsvermənin vaxtını müəyyən edib onun keçirilməsinə, nəticələrinin isə Azərbaycan tərəfindən tanınmasına-yəni indiki halda Dağlıq Qarabağın müstəqilliyinə təminat almadan ərazilərin boşaldılmasına razı olmur. Azərbaycan tərəfi isə belə təminatı sadəcə olaraq vermək istəmir və hesab edir ki, status məsələsi bəribaşdan bu formada həll edilə bilməz. Əgər səsvermə olacaqsa belə, o, azərbaycanlıların Dağlıq Qarabağa, o cümlədən Şuşaya qayıtmasından sonra mümkün ola bilərdi. Bu variantın isə nə dərəcədə uzun çəkəcək proses olduğu hamıya aydındır. İndiki halda erməni tərəfinin buna razılıq verməsi ağlabatan deyil.
 
 
  • Yazılıb
  • da (də) 2009 Jul 10