Əgər münasib şərtlər yaranarsa, İran qazı Avropaya "Nabukko" kəməri ilə nəql edilə bilər
Türkiyə servisi/Aran Agentliyi
Əgər münasib şərtlər yaranarsa, İran qazı Avropaya "Nabukko" kəməri ilə nəql edilə bilər. Bu barədə bazar ertəsi Ankarada CNN türk telekanalında birbaşa efirdə yayımlanan "Nabukko" layihəsi üzrə hökumətlərarası müqavilənin imzalanma mərasimində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
"Əgər münasib şərtlər olsa, o zaman biz İran qazının "Nabukko" ilə nəqlini istəyirik", - deyə Ərdoğan bildirib.
Baş nazir həmçinin qeyd edib ki, Rusiya qazının da bu kəmərlə nəql ehtimalı mövcuddur.
Ərdoğanın sözlərinə əsasən, "Nabukko" layihəsinin reallaşdırılması digər enerji layihələrinin də həyata keçirilməsini tezləşdirəcək.
Dəyəri 7,9 mlrd avro olan "Nabukko" qaz kəməri ilə qazın Xəzər regionundan Avropa İttifaqı ölkələrinə tədarükü nəzərdə tutulub. Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın Bulgargaz, Rumıniyanın Transgaz, Türkiyənin Botaş və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir. Qaz kəmərinin tikintisi 2011-ci ilə nəzərdə tutulub. 2014-cü ildə isə bu qaz kəməri ilə ilk tədarüklərə başlanacaq. Boru kəmərinin maksimal ötürmə gücü ildə 31 mlrd. kubmetr olacaq.