Azərbaycandan Həcc ziyarətinə cəmi 2000 nəfər gedəcək. Onlardan 300 nəfəri avtobusla, 1700 nəfəri isə təyyarə ilə müqəddəs torpaqlara səfər edəcəklər
Azərbaycan Servisi/Aran Agentliyi
«Yeni Şərq»in verdiyi məlumata əsasən, Azərbaycandan Həcc ziyarətinə cəmi 2000 nəfər gedəcək. Onlardan 300 nəfəri avtobusla, 1700 nəfəri isə təyyarə ilə müqəddəs torpaqlara səfər edəcəklər. Bu barədə bu gün keçirilən mətbuat konfransında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Hacı Allahşükür Paşazadə məlumat verib. Onun sözlərinə görə, zəvvarların sayının azaldılmasının səbəblərindən biri Səudiyyə Ərəbistanındakı "donuz qripi" ilə bağlıdır. Digər səbəb isə Azərbaycanda Həccə gedənlərin ziyarətə hazırlıqlı olmaması ilə bağlıdır.
"Bəzi ölkələrdə Həccə gedən zəvvarlar Həccin şərtlərini, Hacı olandan sonra həyatlarını necə keçirəcəklərini öyrənirlər. Bizdə isə hamı birbaşa Həccə gedir. Biz kurslar təşkil etsək də ora gələn olmadı. Hətta elə zəvvarlar var ki, ilk dəfə Həccdə namaz qılmağa başlayırlar”, deyə Hacı Allahşükür Paşazadə bildirib.
Qeyd edək ki, Həccə getmək üçün sənəd qəbulu davam edir. 2000 nəfərlik norma bitəndən sonra, yerdə qalan şəxslər gələn il Həcc ziyarətinə gedə biləcəklər. Xatırladaq ki, keçən il Azərbaycandan 6000-ə yaxın zəvvar Həcc ziyarətinə getmişdi.
Bununla yanaşı, Hacı Allahşükür Paşazadə bildirib ki, əgər "donuz qripi" ilə bağlı hər hansı təhlükə olarsa, Həcc ziyarəti tamamilə ləğv oluna bilər. "Amma mən belə bir təhlükə görmürəm. "Donuz qripi" ilə bağlı Həcc ziyarətinin tam ləğv olunması real deyil".
Ziyarətə görə ödəniləcək məbləğ isə dəyişməyəcək. Qeyd edək ki, avtobuslarla Həcc ziyarətinə getmək istəyən zəvvarlar 2050 manat ödəyəcəklər. Təyyarə ilə gedənlər üçün isə iki qiymət var. 4 nəfərlik otaqda qalan zəvvarlar 3500, iki nəfərlik otaqda qalanlar isə 5000 manat ödəməlidir.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri bildirib ki, ona Səudiyyə Ərəbistanından gələn məktubda deyilir ki, əgər donuz qripi ilə bağlı hər hansı peyvənd tapılarsa, onda zəvvarlara bu peyvəndlərdən göndəriləcək.