Qarabağ probleminin “Madrid prinsipləri” əsasında həllinə etiraz əlaməti olaraq Qarabağ Azadlıq Təşkilatı (QAT) bu gün aksiyalar keçirib. Bu xəbəri Turana QAT sədri Akif Nağı verib
Azərbaycan Servisi/Aran Agentliyi
Qarabağ probleminin “Madrid prinsipləri” əsasında həllinə etiraz əlaməti olaraq Qarabağ Azadlıq Təşkilatı (QAT) bu gün aksiyalar keçirib. Bu xəbəri Turana QAT sədri Akif Nağı verib.
Aksiya saat 14-də ATƏT-in Minsk qrupunun həmsədlərindən olan RF-nin Azərbaycan səfirliyi önündə başlayıb. QAT sədri iştirakçıların burada etiraz olaraq yolu bağladıqlarını bildirib.
O, növbəti aksiyanın Azərbaycan Xarici İşlər Nazirliyi önündə keçirildiyini vurğulayıb. “Burada polislər aksiya iştirakçıları ilə çox kobud davranıb, 4 nəfər aksiya iştirakçısı saxlanılıb və 27 saylı polis bölməsinə aparılıb”, - deyə QAT sədri nazirlik önündə keçirilmiş aksiyanın taleyinə aydınlıq gətirib bildirib. A.Nağı aksiyaların digər həmsədr dövlətlərin səfirlikləri önündə də keçiriləcəyini söyləyib.
A.Nagı bütün bu müqavimətlərə baxmayaraq, aksiyaların davam edəcəyini deyərək, analoji aksiyaların Şəkidə, Ağdaşda, Ağsuda da keçirildiyini nəzərə çatdırıb.
Belə ki, bazar ertəsi Şəki şəhərində Qarabağ Azadlıq Təşkilatının (QAT) yerli şöbəsinin fəalları Qarabağ nizamnaməsi üzrə «Madrid prinsipləri»nin əleyhinə etiraz aksiyası keçiriblər.
«Bu prinsiplər Dağlıq Qarabağın statusu üzrə referendum keçirilməsini nəzərdə tutur ki, bu da Azərbaycanın ərazi bütövlüyünə birbaşa təhlükədir», deyə QAT-ın Şəki şöbəsinin rəhbəri Elxan Rəhimli Turanın bölgə müxbirinə bildirib.
Aksiya rayon icra hakimiyyətinin binası yaxınlığında keçirilib. İştirakçılar «Azərbaycanın ərazi bütövlüyü təmin edilsin!», «Referenduma yox!», «Beynəlxalq sülhməramlı qüvvələrə yox!», «Ya Qarabağ, ya ölüm!» şüarlarını səsləndiriblər.
Polis aksiyanın gedişatına müdaxilə etməyib.