Tarix : 2009 Jul 15
Kod 12917

Dənizdəki meyitlər tapıldı

Xəzər dənizində qəzaya uğrayan helikopterdə həlak olmuş neftçilərin meyiti tapılıb
Azərbaycan Servisi/Aran Agentliyi

Viktor Mastavenko və Rafiq Nemətovun cəsədləri sahiblərinə təhvil verilib

İyulun 12-də Xəzər dənizində qəzaya uğrayan helikopterdə həlak olmuş neftçilərin hər ikisinin meyidi tapılıb. Azərbaycan Hava Yolları qapalı səhmdar cəmiyyətinin xidmət rəisi Məhərrəm Səfərlinin ANS-ə verdiyi məlumata görə, bu gecə saat 01:20-də itkin düşmüş sayılan SOCAR-AQŞ-nin «Korvet» firmasından cəlb etdiyi kran üzrə mütəxəssis Viktor Mastavenko və Xəzər dəniz Dalğıc-Xilasetmə İşləri İdarəsinin dalğıcı Rafiq Nemətovun meyidləri dənizin dibindən çıxarılıb və sahiblərinə təhvil verilib. Məhərrəm Səfərlinin sözlərinə görə, qeyri-sabit hava şəraiti və güclü külək vertolyotun dənizin 85-90 metr dərinliyində olan qalıqlarının çıxarılmasına imkan verməyib. Hazırda bütün əlaqədar qurumların texnikası ərazidə hava şəraitini sabitləşməsini gözləyir.

Qeyd edək ki, Azərbaycan Hava Yollarına məxsus və neftçilərə xidmət göstərən hava nəqliyyatı iyulun 12-də Günəşli yatağı yaxınlığında qəzaya uğrayıb. «Mi-8» helikopterinin qəzaya uğraması ilə bağlı baş prokurorluqda cinayət işi açılıb.

Hadisənin səbəbləri araşdırmalar və qara qutunun tapılmasından sonra məlum olacaq.

  • Yazılıb
  • da (də) 2009 Jul 15