Təqlid mərcələri Çinin Sincan vilayətində müsəlmanların qətliam edilməsini pisləyib
İİR Servisi/Aran Agentliyi
FaktXəbərin verdiyi məlumata görə, tanınmış təqlid mərcəyi Ayətullah Nasir Məkarim Şirazi Çinin müsəlman sakinli məntəqələrində baş verən faciələrdən narahat olduğunu ifadə edərək müsəlmanlara qarşı baş verən kobud hərəkətlərin dünyanın azad və müsəlman xalqların ürək ağrısına səbəb olduğunu bildirib .
Ayətullah Məkarim Şirazi bəyanatında Çinin Sincan vilayətində bu məntəqə müsəlmanlarına qarşı həyata keçirilmiş kobud hərəkətlər və qətliama münasibət bildirərək deyib: “Çin hökumətinin müxalif qrupa dəstək verməsi və müsəlmanların kəskin tapdalanması, onlara aid məscidlərin bağlanması region xalqlarına qarşı fitnəkarlıqların həyata keçirilməsini göstərir.”
Ayətullah Məkarim Şirazi həmin bəyanatda sözügedən bu kobud hərəkətləri pisləyərək, bütün müsəlmanlar və dünyanın azad düşüncəli insanlarından istəyib ki, bu qeyri-insani hərəkətə qarşı kəskin etiraz və nifrətlərini bəyan edib, birgə Çin hökumətinə müraciət edərək ondan yaranmış vəziyyətə son qoyub, günahkarların cəzalandırmasını tələb etsinlər.
İranın Qum şəhərində yerləşən dini hövzənin müəllimi və digər təqlid mərcəyi Həzrət Ayətullah Safi Gülpayqani də Çində baş verən son acı hadisələrə toxunaraq İslam ictimaiyyətinin beynəlxalq səhnələrdə sıx əməkdaşlıq edib həmrəy olmalarını tələb edib. Onun sözlərinə görə, müsəlman ölkələr dünyanın hər bir yerində müsəlmanların hüquqlarının pozulmasına dəlalət edən sözügedən cinayətlərlə əlaqədar reaksiya verib heç bir ayrı-seçkiliyə yol verməməlidirlər. Ayətullah Safi Gülpayqani habelə Almaniyada Mərvə Şərbini adlı müsəlman qadının hicaba riayət etməsinə görə şəhid edilməsini pisləyərək deyib: “Bu qeyri-insani və islamazidd hərəkət insan haqlarının tərəfdarı olduqlarını iddia edənlərin ikili rəftar etmələrini ifşa etdi.”
Ayətullah Nuri Həmədani də bəyanat yayaraq, Çinin müsəlman sakinli məntəqələrində müsəlmanların qətliam edilməsini pisləyərək vurğulayıb: “Çin hökumətinin müsəlmanlara müxalif olan qrupa dəstək verməsi və müsəlmanları geniş qırğın etməsi, məscidləri bağlaması müsəlmanlara qarşı həyata keçirilən bir fitnədir. Müsəlmanlar və azadlıqsevər insanlar bu məsələnin qarşısında sükut etməməli, bu həssas məsələyə laqeyd yanaşmamalıdırlar. Ayətullah Nuri Həmədaninin bəyanatında əlavə olunub ki, dünyanın Qərbində, yaxud Şərqində öz məsləkdaşının şeytani fikir və mədəniyyət ucbatından cinayətlərə məruz qaldığını müşahidə edən hər bir müsəlman məsələyə laqeyd yanaşmalıdır.”
Qum dini hövzəsinin Müəllimlər Cəmiyyəti də bəyanat yayaraq Çin hökumətini bu ölkədəki müsəlmanların vətəndaşlıq hüququna məsuliyyətlə yanaşmağa çağırıb . Bəyanatın digər hissəsində qeyd olunub ki, Çin hökumətinin bu acı faciəni "etnik qarşıdurma" adlandırmasına baxmayaraq, Çin hökumətinin cərəyan edənlərlə bağlı xas bir qrupa dəstək verməsi barədə yayılan məlumatlar və faktlar danılmazdır .
Qum hövzəsinin Müəllimlər Cəmiyyəti bu faciədən narahat olduğunu ifadə edərək, Çin hökumətindən bu faciə ilə bağlı ciddi mövqe tutaraq məsələyə son qoyulmasını tələbə edib.