Tarix : 2009 Jul 15
Kod 12943

Üç aydır təmirə bağlanan ''Şəhidlər camesi'' təmir edilməyəcək

Azərbaycan paytaxtında "Şəhidlər camesi" kimi tanınan məscidin bağlanmasından artıq demək olar ki, üç ay ötür
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan paytaxtında "Şəhidlər camesi" kimi tanınan məscidin bağlanmasından artıq demək olar ki, üç ay ötür. Bu ilin aprel ayının 25-də, məscidin bağlanmasından dərhal sonra məsələyə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilmişdi ki, Allah evi təmir səbəbi ilə bağlanıb və təmir işləri başa çatandan dərhal sonra məscid inanclıların ixtiyarına veriləcək.

Lakin həmin vaxtdan iki ay iyirmi gün keçməsinə baxmayaraq, məscidin nə təmiri, nə də açılmasından bir xəbər verilirdi. Allah evi ilə bağlı son vəziyyəti yaxından öyrənmək məqsədi ilə məscidə yollandıq.

Məsciddə diqqət çəkən ilk dəyişiklik bu idi ki, camenin giriş qapısında qapadılan vaxtdan bəri asılmış “Məscid təmirlə əlaqədar bir müddət bağlıdır” yazısı götürülmüşdü. Məscidin bağlı şüşə qapılarından içəri boylananda giriş fasadında müəyyən dəyişiklik də gözə çarpırdı. Giriş fasadında müqəddəs Qurani Kərimdən qızılı su ilə yazılmış ayələrin rəngi solduğundan onların üzərindəki boya yenilənmişdi. Qalan hər şey isə olduğu vəziyyətdə idi – məscid qapalı, təmirdən əsər-əlamət yox, məscidin həyətində isə bir nəfər də olsun gözə dəymir. Məscidlə bağlı durumun nə səviyyədə olmasını öyrənmək üçün Türkiyə Cümhuriyyəti səfirliyi yanında “Din Hizmətləri Müşavirliyi”-nə müraciət etdik.

Müşavirlikdə bizi müşavirin müavini Bayram bəy qarşıladı. Bayram bəy bildirdi ki, hazırda müşavir Türkiyədə olduğundan onlar son bir ayda məscidlə bağlı heç bir qurumla əlaqə saxlamayıblar. Onun sözlərinə görə, məscid qapadılan vaxtdan bəri burada hansısa qurumların təşkilatçılığı ilə heç bir təmir işi aparılmayıb və bundan sonra da aparılmayacaq. “Məsciddə heç bir təmir işinə ehtiyac yoxdur. Bəzi xırda işləri, o cümlədən məscidin fasadında yazıların boyasını yeniləmək, məscidin həyətində təmizlik işləri aparılmaq kimi işləri biz özümüz görmüşük. Bunu da ona görə etmişik ki, camemiz daha da gözəl olsun. Məscidin nə vaxt açılacağı isə məlum deyil. Hazırda müşavir Türkiyədədir və qayıdandan sonra mütləq bu məsələ ilə bağlı lazımi qurumlarla görüşəcək”, - deyə Bayram hoca qeyd etdi. Məscidin girişindəki yazının kim tərəfindən götürülməsi sualına cavabında isə Bayram bəy bildirdi ki, bu yazını onlar çıxarıblar. “Onsuzda məsciddə təmir işinə ehtiyac yoxdur. Həm də artıq o yazı günəş şüasından saralmışdı. Biz də təmizlik işləri apararkən o yazını çıxartdıq. Biz də sizin kimi məscidin açılmasını gözləyirik, təmiri deyil”, - deyə Bayram bəy əlavə etdi.

  • Yazılıb
  • da (də) 2009 Jul 15