Bakıdakı gizli neft-qaz biznesi haqda şok məlumat
2 payçısı, 50 manat kapitalı olan «Ansad petrol oil and gas» şirkəti əslində nə işlə məşğuldur?
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanda rəsmi qeydiyyatdan keçən və cəmi 2 payçıya, 50 manat nizamnamə kapitalına malik neft şirkətinin beynəlxalq miqyasda fırıldaqçılıqla məşğul olduğu üzə çıxıb. Qəzetimiz bu faktın izinə dünən Rusiyanın «Qazprom neft» şirkətinin yaydığı rəsmi xəbərdarlıq vasitəsilə düşə bilib. «Qazprom neft» tərəfindən yayılan rəsmi xəbərdarlıqda deyilir ki, son vaxtlar «Qazprom neft» Açıq Tipli Səhmdar Cəmiyyətinə və onun törəmə müəssisələrinə saxta kommersiya sənədlərinin daxil olması halları artıb.
Bununla əlaqədar şirkət Avstriya, Azərbaycan, Ukrayna, Moskva, Belarus, Volqoqradda qeydiyyatdan keçmiş bir neçə şirkət adlarını göstərərək «Qazprom neft»in onlarla heç bir müqaviləsinin mövcud olmadığını və bu şirkətlərlə əməkdaşlıq etmədiyini elan edib.
Azərbaycanda qeydiyyatdan keçən şirkətin adı isə belədir: "Ansad Petrol Oil and Gas". «Qazprom neft» xəbərdarlıq edir ki, bazarın bu iştirakçılarının fırıldaqçılıq əməlləri ilə bağlı hüquqi tədbirlərə əl atmaq səlahiyyətini özündə saxlayır.
Neft və qaz biznesinin dövlət inhisarında olduğu bir ölkədə bu sahədə özəl fəaliyyətlə məşğul olan şirkətlərin sayının o qədər də çox olmadığını nəzərə alaraq "Ansad Petrol Oil and Gas" adlı şirkətlə baglı araşdırmalar aparmağa başladıq. Bu zaman ortaya ilginc və sensasion faktlar çıxdı. İnternetdə aparılan araşdırmalar zamanı məlum oldu ki, bu şirkətin biznes təcrübəsində təkcə Rusiyanın «Qazprom neft» kimi nəhəng şirkəti ilə saxta kommersiya əməliyyatları deyil, başqa ölkələrdən olan iş adamlarına da «atmaq» halları olub. Belə faktlardan biri www.scam.com adlı internet saytında Filippindən olan iş adamlarının yerləşdirdiyi xəbərdarlıqda əks olunub: «Biz Filippinin paytaxtı Manilada yerləşən dizel yanacağı ticarətçisiyik. Azərbaycandan "Ansad Petrol Oil and Gas" şirkətindən və özünü onun təmsilçisi kimi təqdim edən Babayev Asif adlı şəxsdən 40 min ton dizel yanacağı almaq istədik. Onların istəyi ilə müqavilə öhdəliklərinin pozulmayacağına təminat olaraq bizə təqdim edilən hesaba 40 min dollar depozit qoyduq. Məbləğin yarısını-20 min dollarını onların "Əmrah Bank"dakı hesablarına köçürdük. Ancaq bundan sonra "Ansad Petrol Oil and Gas» bank koordinatlarını dəyişdi və bizdən məbləğin qalan hissəsini başqa banka-Türkiyədəki «Türkiye Bankası»na köçürməyimizi istədi. Bu zaman biz Türkiyə bankındakı hesabla bağlı araşdırma aparmaq istədik, lakin Babayev Asif bizi tələsdirərək bildirdi ki, yanacağın ilk partiyasını artıq yola salırlar və buna görə məbləğ ləngimədən köçürülməlidir. Həmin şəxs bizi əmin etdi ki, yanacaq yüklü gəmi artıq Filippinin ərazi sularındadır və məbləğ ödənən kimi gəmi heyətinə limana yan almağı tapşıracaqlar. Biz məbləğin qalan hissəsini də köçürdük, lakin yerli hakimiyyətlə əlaqə saxlayanda məlum oldu ki, Filippin sahillərinə «Ansad» adlı şirkətdən heç bir gəmi gəlməyib. Bu zaman biz Asiflə əlaqə saxladıq, ancaq o, gəminin adını da deyə bilmədi və baş verənlərə izahat vermədi. Daha sonra həmin şəxslə əlaqə yarada bilmədik. Bizim başımıza gələnlər sadəcə olaraq soyğunçuluq idi. Bütün iş adamlarını xəbərdar edirik ki, Azərbaycandan «Ansad» adlı şirkətlə və Babayev Asiflə ehtiyatlı olsunlar".
Araşdırma zamanı məlum oldu ki, bu şirkətin internet saytı da var və orada "Ansad Petrol Oil and Gas" 10 ilə yaxındır Azərbaycanda neft-qaz hasilatı ilə məşğul olan Azərbaycan-Türkiyə birgə müəssisəsi kimi təqdim olunur. Şirkətin rəhbərliyi isə bunlardan ibarətdir: Walter Buglaz Kielholz (prezident), Namiq Eldar Dərgahov (baş menecer), Həsənov Qabil Dağbəyi (direktor) və Quliyeva Məsuliyyət Mafrim (katibə).
Lakin www.ansadpetrol.com adlı saytda nə şirkət prezidentinin fotosu və barəsində bioqrafik məlumatlar, nə də digər şəxslər haqda belə informasiyalar yoxdur. Buna baxmayaraq, "Ansad Petrol Oil and Gas" MDB məkanında ən iri özəl neft-qaz şirkətlərindən biri kimi təqdim olunur. Şirkət haqda məlumatlarda o da deyilir ki, "Ansad Petrol Oil and Gas" Azərbaycanda ən iri özəl neft şirkətlərindən biri olmaqla bərabər onun payına qlobal neft hasilatının 0.2 faizi, qlobal neft məhsulları satışının isə 0.4 faizi düşür. Bildirilir ki, şirkət benzin, dizel yanacağı, etalon və digər neft məhsullarının ixracı ilə də məşğuldur. Guya şirkətin quyularından təkcə 2006-cı ildə 1.7 milyon barrel neft və 1.2 milyard kubmetr qaz hasil olunub. Şirkət Qazaxıstan, İran, Özbəkistan və Rusiyada da işləyir. Ümumi fəaliyyət sahəsi isə MDB respublikaları, Asiya, Latın Amerikası ölkələri, Karib hövzəsi ölkələri və ABŞ bazarlarıdır.
Saytda göstərilirdi ki, şirkətin ixrac departamenti Bakı, Nizami küçəsi 340 ünvanında yerləşir, əlaqə telefonu isə 436 83 87-dir. Təkcə bu qeyri-müəyyən ünvan göstəricisi və bir nömrədən ibarət əlaqə telefonu «Azərbaycanın ən iri özəl neft şirkəti» barədə şübhələnməyə əsas verirdi. Göstərilən nömrəyə zəng vurduq və məlum oldu ki, həmin telefon nömrəsi daxil olan zəngləri qəbul etmir və bağlıdır.
İnternet araşdırmaları zamanı şirkətin digər ünvanı ortaya çıxdı: Bakı, Bəhram Ağayev küçəsi, 100A, telefon: 498 28 71. Bu nömrəyə də zəng vurduq və məlum oldu ki, bağlıdır. Şirkət haqda üzə çıxan digər məlumatda isə göstərilirdi ki, «Ansad Petrol» 2000-ci ildə yaranıb, Neftçala şəhərinin Şəsnəabad qəsəbəsində yerləşir, əlaqə telefonları isə 492 61 01 və 492 62 06-dır. Göstərilən telefon nömrələrindən birinə edilən zəng də cavabsız qaldı, digər nömrənin isə göstərilən adda şirkətə dəxli olmadığı məlum oldu.
Nəhayət, Vergilər Nazirliyinin internet saytında axtarış apardıq və məlum oldu ki, həqiqətən "Ansad Petrol Oil and Gas" adlı dövlət qeydiyyatından keçmiş şirkət fəaliyyət göstərir. Şirkətin təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət, ünvanı AZ1025, Bakı səhəri Xətai rayonu, Fəzail Bayramov ev.14, nizamnamə kapitalı cəmi 50 manat, payçılarının sayı isə 2-dir. Şirkətin qanuni təmsilçisi kimi Dərgahov Namiq Eldar oğlu adlı şəxs göstərilib. Şirkətin qeydiyyata alındığı tarix isə 2008-ci il aprelin 18-i göstərilirdi və məlum olurdu ki, bu şirkət Azərbaycanda son illər tətbiq edilən hüquqi şəxslərin qeydiyyatının «Bir pəncərə» sistemindən faydalanıb.
Məsələ ilə bağlı ARDNŞ ilə də əlaqə saxladıq və "Ansad Petrol Oil and Gas" adlı şirkət barədə eşidib-eşitmədikləri haqda soruşduq. Şirkətdən bildirdilər ki, bu adda şirkət barədə ilk dəfədir eşidirlər, ancaq Azərbaycanda «Anşad Petrol» adlı müştərək neft-qaz çıxarma müəssisəsi fəaliyyət göstərir. Bu şirkət Türkiyənin «Atilla Doğan Petrol» şirkəti ilə birgə qurulub və həqiqətən 9 ilə yaxındır fəaliyyətdədir. Göstərilən şirkətin əlaqə nömrələrini tapıb onlarla əlaqə saxladıq. Şirkətdən «Ansad Petrol» haqda eşidərkən təəccübləndilər və bildirdilər ki, informasiyanı rəhbərliyə çatdıracaqlar. Şirkət əməkdaşı bildirdi ki, onlar uzun müddətdir fəaliyyətdə olan və beynəlxalq şəbəkədə yer alan biznes qurumudur, «Ansad Petrol» adlı şirkəti təsis edənlər isə görünür, «Anşad Petrol»un adından istifadə edərək beynəlxalq miqyasda fırıldaqçılıq əməlləri ilə məşğul olmağa çalışırlar. Maraqlıdır ki, Ədliyyə Nazirliyi də «Ansad Petrol»u qeydiyyata alarkən onunla oxşar adda şirkətin fəaliyyətdə olduğunu nəzərə almayıb və fırıldaqçılıq ehtimalından şübhələnməyib. Belə görünür ki, burada hüquqi şəxslərin qeydiyyatını sadələşdirən «Bir pəncərə» sisteminin təsiri olub.