Tarix : 2009 Jul 17
Kod 12959

MOSKVADA QARABAĞ DANIŞIQLARI BAŞLAYIB

Bu dəfə prezidentlər daha məxfi görüşə qərar verdilər
Azərbaycan servisi/Aran Agentliyi
Bu gün Moskvada Dağlıq Qarabağ münaqişəsinə dair Ermənistanla Azərbaycan arasında prezidentlər səviyyəsində danışıqların növbəti raundu başlayıb. Formal olaraq Rusiya prezidentinin prizi uğrunda hər il təşkil olunan at yarışına baxmaq üçün Moskvaya dəvət edilən prezidentlər İlham Əliyev və Serj Sərkisyan Rusiya paytaxtına yarışdan bir gün əvvəl gediblər. Əvvəlcə Sərkisyanın, sonra Əliyevi təyyarəsi Moskvanın “Domodedovo” aeroportuna enib. Prezidentlərin görüşü isə Bakı vaxtı ilə saat 16-da Moskvadakı “President Hotel”də başlayıb.
Əvvəlcədən elan olunub ki, prezidentlər danışıqlara Minsk Qrupu həmsədrlərinin və xarici işlər nazirlərinin iştirakı ilə başlayacaq, daha sonra Əliyevlə Sərkisyan təkbətək görüşəcək. Ardınca Minsk Qrupu həmsədrləri hər iki ölkənin xarici işlər nazirləri ilə danışıqları davam etdirəcək. Ermənistanın Moskvadakı səfirliyindən isə açıqlama verilib ki,  prezidentlərin görüşünə jurnalistlər ümumiyyətlə buraxılmayacaq. Onsuz da bundan əvvəlki danışıqlar da qapalı keçirdi, ancaq jurnalistlərə danışıqlar aparılan otağa daxil olub bir neçə kadr çəkməyə icazə verilirdi. Bu dəfə isə görünür tərəflər danışıqlara tam məxfilik verməyi qərara alıblar.
Danışıqları təşkil edən tərəfin-Kremlin rəsmisi Sergey Prixodko da Əliyev-Sərkisyan görüşü haqda informasiya almaq üçün gözləyən çoxsaylı yerli və xarici jurnalistlərə xəbərdarlıq edib ki, mətbuat üçün prezidentlərin adından açıqlama nəzərdə tutulmur.
  • Yazılıb
  • da (də) 2009 Jul 17