Azərbaycan Servisi/Aran Agentliyi
“Yeni Müsavat”ın srağagünkü sayında Qarabağ Azadlıq Təşkilatı Ağsaqqallar Şurasının sədri Asif Məmmədlinin təmsil etdiyi təşkilatın icazəsiz kütləvi aksiyalar keçirməsinin əleyhinə danışması QAT sədri Akif Nağının etirazı ilə qarşılanıb. Akif Nağı “Bakı-xəbər” qəzetinə bildirib ki, Asif Məmmədli Ağsaqqallar Şurasının sədri deyil: “Qarabağ Azadlıq Təşkilatının Ağsaqqallar Şurasında sədr vəzifəsi yoxdur. Şuraya kollegial rəhbərlik edilir, sədrlik də növbəlilik prinsipilə aparılır. Asif Məmmədli də uzun illərdir Ağsaqqallar Şurasının üzvü kimi fəaliyyət göstərir”.
A.Hağı dolayısı ilə bildirir ki, A.Məmmədlinin hansı mövqedə olmasından asılı olmayaraq, onlar geri çəkilmək fikrində deyillər: “Asif bəy öz etiraz fikrini təşkilatda müzakirələr zamanı da bildirdi və biz bu məsələni müzakirə etdik. Təşkilatda hər kəsin müstəqil fikir söyləmək hüququ var və bunu heç kəs boğmur. Asif bəy də müəyyən məqamlarla bağlı aksiyaların arzuolunmaz olduğunu deyib. Amma sonda əksəriyyət hansı mövqeni deyirsə, o qərar qəbul olunur. Bunu təşkilatın nizamnaməsi tələb edir. Ona görə də mən Asif bəyin mövqeyinə hörmətlə yanaşmağıma baxmayaraq, hesab edirəm ki, onun fikri çoxluq tərəfindən dəstəklənmədiyi üçün ümumi qərara üstünlük veriləcək”.
Məsələ ilə bağlı Asif Məmmədlinin mövqeyini öyrəndik. A.Məmmədli bildirdi ki, Ağsaqqallar Şurasının sıravi üzvü kimi təqdim olunması doğru deyil: “Mən hazırda Ağsaqqallar Şurasının icraçı katibiyəm. Əvvəllər bu vəzifənin əvəzinə Ağsaqqallar Şurasının sədri vəzifəsi var idi və mən də həmin vəzifəni tuturdum. Bir neçə il öncə ”Ağsaqqallar Şurasının sədri" adı dəyişdirilərək “Ağsaqqallar Şurasının icraçı katibi” adlandırıldı. QAT-ı yaradanlardan biri mənəm. Akif Nağıdan öncə bu təşkilatı mən və digər bir neçə həmkarım yaratmışıq. Akif sonradan gəlib. Biz QAT-ı yeni yaradan da dəfələrlə aksiyalar keçirmişik, başımızı da yarıblar. İndi icazəsiz aksiyaların əleyhinə olmağım o demək deyil ki, mən mübarizədən çəkilirəm. Hamı bilir ki, mən hətta QAT-ın sədrindən də sərt mövqedə olan adamam. Bütün tədbirlərdə, iclaslarda mən açıq şəkildə deyirəm ki, Qarabağın azad olunmasının yolu Azərbaycanda hakimiyyətin dəyişməsindən keçir. Nə qədər ki, bu hakimiyyət iş başındadır, Qarabağ azad olunmayacaq. İcazəsiz aksiya tərəfdarı olanların bəziləri bu fikirləri dilinə belə gətirmir. Mən ona görə icazəsiz aksiyanın tərəfdarı deyiləm ki, gənclər polis dəyənəyi altına salınır, təqib edilir. Ona görə də aksiyalara çıxanların sayı getdikcə azalır. Beynəlxalq aləmdə də belə rəy yaranır ki, Azərbaycanda Qarabağın azadlığını, güzəştlərə gedilməməsini yalnız 15-20 adam istəyir ki, onlar da QAT-ın piketlərində iştirak edənlərdir. Mən bu cür zərərli məsələləri nəzərə aldığımdan və gəncləri düşündüyümdən məlum mövqedəyəm. Şəxsən mən və ağsaqqalların əksəriyyəti icazəsiz aksiyalara getmirik. Mənim bu mövqedə olmağım Akif Nağıya qarşı olmağım demək deyil. Mən QAT-ın sanmbalını saxlamasını istəyirəm".