Tarix : 2009 Jul 18
Kod 12961

MEDVEDYEV “NABUCCO” LAYİHƏSİNƏ LAĞ ETDİ

Hələ heç kim mənə izah edə bilməyib ki, bu qaz haradan gələcək
Rusıya Servisi/Aran Agentliyi
Rusiya prezidenti Dmitri Medvedyev Almaniyada apardığı danışıqlardan sonra deyib ki, əgər “Nabucco” qaz kəməri Avropaya fayda versə, onda deməli Rusiyaya da fayda gətirəcək. Almaniyaya iyulun 16-da həyata keçirdiyi qısamüddətli səfərdən sonra kansler Angela Merkellə keçirdiyi mətbuat konfransında Rusiya prezidenti jurnalistlərin suallarına cavab olaraq bunları deyib: “Biz heç də "Nabucco"ya qısqanclıqla yanaşmırıq. Qoy tikilsin. Əgər qaz “Nabucco” ilə axsa, deməli, o, kiməsə lazımdır. Lakin indiyə kimi heç kim mənə izah edə bilməyib ki, bu qaz haradan gələcək".
Medvedyev əlavə edib ki, Rusiya enerji təchizatının təhlükəsiz və diversifikasiyalı olmasının tərəfindədir. Lakin bu təchizatlar mövcud müqavilələrə əsaslanmalıdır: “Bunu deməklə yanaşı, Avropanın xeyrinə edilən nə varsa, yaxşıdır. Çünki biz özümüz də avropalıyıq”. Dmitri Medvedyev onu da deyib ki, rus qazını Baltik dənizinin dibilə Avropaya çatdıracaq “Şimal axını” Avropanın təhlükəsizliyini artıracaq. Bununla bağlı o İsveçdən layihənin ekoloji tərəfini bəyənməyi xahiş edib. Alman kansleri Merkel də deyib ki, iki qaz kəməri bir-birini tamamlaya bilər: “Mən burada ziddiyyət görən adamlardan deyiləm. ”Nabucco" bir layihədir, “Şimal axını” başqa. Biz Avropanın növbəti bir neçə ildə və onilliklərdə yanacaq ehtiyaclarına nəzər salanda, görürük ki, Avropa və Rusiya arasında ticarət münasibətlərini gücləndirmək üçün çoxlu imkanlar var. Avropa İttifaqı “Nabucco” layihəsinin reallaşdırılmasına çalışacaq. Mən bunu hansısa siyasi mübarizə kontekstində deyil, bizim tələbatların ödənilməsi kontekstində görürəm".
Xatırladaq ki, bu günlərdə Ankarada tranzit ölkələr arasında “Nabucco” layihəsinə dair hökumətlərarası saziş imzalanıb. Lakin kəmərlə nəql ediləcək qazın haradan alınacağı məsələsi hələ aydın deyil. “Nabucco” tərəfdaşları əsas real mənbə kimi Azərbaycanı görürlər. Sazişin imzalandığı vaxtda Londonda olarkən Azərbaycan prezidenti İlham Əliyev bir daha ölkəsinin “Nabucco” ilə qaz nəql etməkdə maraqlı olduğunu vurğulayıb. Ancaq o deyib ki, bu, “Nabucco”da Azərbaycana nə dərəcədə sərfəli şərtlər təklif edilməsindən asılı olacaq. Rusiya isə Azərbaycan və digər Xəzəryanı ölkələrin ixrac qazının hamısını əldə etməyə çalışır və bu ölkələrə “Nabucco”dan uzaq durmaları üçün təzyiq göstərir. Bu baxımdan Rusiya prezidentinin kəmərlə nəql etməyə qazın tapılacağına inanmadığını ortaya qoyması göstərir ki, Kreml asanlıqla bu layihənin həyata keçirilməsinə imkan yaratmaq fikrində deyil.
“Nabucco” layihəsinin həyata keçirilməsində maraqlı olan ABŞ isə Xəzər regionu ölkələrini bu layihəyə qoşulmağa inandırmağa çalışır. “Amerikanın səsi” xəbər verir ki, Vaşinqtonda yerləşən Brukings İnstitutunda ABŞ, Avropa və Enerji təhlükəsizliyi təşəbbüsləri Mərkəzi “Avropanın enerji təhlükəsizliyi sahəsində Türkiyə və Rusiyanın rolu” mövzusunda konfrans keçirib. ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar konfrasının əsas məruzəçisi olub.
Morninqstar Obama administrasiyasının beynəlxalq münasibətlərin vacibliyini dərk etdiyini deyərək, Amerikanın enerji sektorunu siyasi və diplomatik əlaqərin əsası hesab etdiyini bildirib. Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi kimi vəzfəsinə rəsmən aprel ayının 6-da başlayan Riçard Morninqstar deyib ki, ABŞ enerji məqsədlərinə təklikdə nail ola bilməz. Bu ölkənin enerji diplomatiyası onun beynəlxalq müstəvidə müttəfiqləri və dostlarının yardımını tələb edir.
Türkiyədə “Nabucco” qaz kəməri layihəsinin hökumətlərarası imzalanma mərasimindən yenicə qayıdan Morninqstar “Nabucco”nu Avropaya açılan yeni bir qaz dəhlizi adlandırıb. O deyib ki, mərasim Türkiyə və layihədə iştirak edən digər dövlətlərin layihənin həyata keçirilməsi öhdəliklərinə sadiq qaldığına gözəl bir nümunədir. Morninqstar bildirib ki, Azərbaycan və ya Türkmənistanın enerji ehtiyatlarının bir damlası belə ABŞ-ın payına düşməsə də, bunun beynəlxalq qaz təchizatı sahəsi üçün mühüm əhəmiyyəti var. Riçard Morninqstar enerji təhlükəsizliyinin təminatı üçün regionlardakı siyasi durumların vacibliyini də vurğulayıb.
  • Yazılıb
  • da (də) 2009 Jul 18