Azərbaycan servisi/Aran Agentliyi
Kreml Moskvada ötən şənbə günü Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin restoranlardan birində keçirilmiş üçtərəfli görüşü haqda açıqlama yayıb. Prezident Dmitri Medvedyevin köməkçisi Sergey Prixodkonun bildirdiyinə görə, görüş “konstruktiv” keçib və prezidentlər münaqişənin nizamlanmasına dair açıq qalan məsələlər ətrafında müzakirələri davam etdiriblər. Xəbər verildiyi kimi, Moskvada iyulun 17-də prezidentlər İlham Əliyev və Serj Sərkisyan xarici işlər nazirlərinin və Minsk Qrupu həmsədrlərinin iştirakı ilə bir neçə saat danışıqlar aparıblar.
Bu danışıqlardan sonra həmsədrlər etiraf ediblər ki, prezidentlər hər hansı konkret nəticə əldə edə bilməyiblər. Ertəsi gün Ermənistan və Azərbaycan dövlət başçıları Moskva ippodromunda keçirilən at yarışına tamaşa ediblər. Yarışdan dərhal sonra Rusiya prezidenti ilə birlikdə onlar Moskvadakı restoranlardan birinə yollanıblar və müzakirələr orada davam etdirilib.
Sergey Prixodko bildirib ki, bu, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən dördüncü üçtərəfli görüş idi. Dmitri Medvedyev Minsk Qrupuna həmsədrlik edən ölkələrdən birinin prezidenti kimi bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qarşılıqlı məqbul həll modelinin tapılması üçün səyləri davam etdirəcək”, deyə Kreml rəsmisi əlavə edib. Prixodko qeyd edib ki, üç ölkə lideri münaqişənin nizamlanmasının sonrakı yolları barədə müzakirələr aparıblar. “Davamlı və bizim qiymətləndirmələrimizə görə çox konstruktiv görüş oldu, tərəflər bir sıra açıq qalan məsələlər ətrafında müzakirələr apardılar”, deyə Prixodko bildirib.
Ermənistan tərəfindən də restoran danışıqları haqda analoji şərhlər verilib. İrəvandan yayılan açıqlamaya görə, prezidentlər Əliyev və Sərkisyan Ermənistan və Azərbaycan arasında mövqelərin yaxınlaşması üçün göstərdiyi səylərə görə Medvedyevə təşəkkür ediblər. Moskva danışıqları zamanı prezidentlərin növbəti görüşünün payızda, çox güman ki, oktyabr ayında keçirilməsi barədə anlaşma əldə edilib. Xəbər verildiyi kimi, Moskva danışıqları “Madrid prinsipləri” ətrafında aparılıb. Dağlıq Qarabağa öz müqəddəratını referendumla müəyyən etmək hüququ nəzərdə tutan bu sənədlə bağlı tərəflər arasında kəskin fikir ayrılıqları var. Azərbaycan Dağlıq Qarabağın statusunun müstəqilliyə yol açacaq formada müəyyən edilməsini qəbul etmir və prezident İlham Əliyev bunu danışıqlar ərəfəsində bir daha bəyan edib.
Moskva danışıqlarına həmsədrlər və Qərb böyük ümid bəsləyirdi. Hesab olunurdu ki, tərəflər münaqişənin nizamlanmasının baza prinsipləri ətrafında mövqelərini xeyli dərəcədə uzlaşdıra biləcəklər. Nəticədə bu ilin sonuna qədər baza prinsiplərini razılaşdırmaq mümkün olacaq. Lakin böyük dövlətlər tərəfindən göstərilən təzyiqlərə baxmayaraq Azərbaycan tərəfi indiki təslimçi sülh modeli üzrə anlaşmadan imtina edib. Ermənistanda isə “Madrid prinsipləri” hakimiyyət tərəfindən dəstəklənir, lakin separatçı Dağlıq Qarabağ rejimi və müxalifətin bir hissəsi tərəfindən qəbul edilmir. Belə görünür ki, bu ilin sonuna qədər münaqişənin nizamlanmasının baza prinsipləri ətrafında razılaşma əldə etməyə olan ümidlər boşa çıxır. Artıq birinci dəfə deyil ki, vasitəçilər il başlayanda bu cür planlar qururlar və hər dəfə ilin sonuna əliboş gəlib çatırlar. Prezidentlərin növbəti görüşünün 3 ay sonraya nəzərdə tutulması da danışıqlarda yaranmış ümidsizliyin əlamətidir. Prinsipcə, əgər danışıqları ölü nöqtədən tərpətmək mümkün olsaydı, o zaman prezidentlərin növbəti görüşü bu qədər uzanmazdı. Lakin indi prezidentlər arasında yaxın müddətdə yeni görüşün təşkil olunması mənasız görünür. Ehtimal olunur ki, bu müddətdə xarici işlər nazirləri səviyyəsində hansısa təmaslar ola bilər. Yəni danışıqlar prosesinin dayanmadığını nümayiş etdirmək üçün hansısa formal təmaslardan başqa ciddi addımlar olmayacaq. Gələn il isə Azərbaycanda seçki ilidir. Seçki ilində isə ümumiyyətlə ciddi danışıqlar aparılmır.