Tarix : 2009 Jul 20
Kod 12989

AZƏRBAYCAN BRİTANİYA ÜÇÜN ZİBİLXANAYA ÇEVRİLİB

Hər il bu ölkədən arasında Azərbaycan da olmaqla bir çox ölkələrə min tonlarla zəhərli tullantılar daşınır
Azərbaycan servisi/Aran Agentliyi
Böyük Britaniyadan Azərbaycana hər il min tonlarla zəhərli məişət və istehsalat tullantıları daşınır. Bu məlumat Londonda ortaya çıxan qalmaqal nəticəsində məlum olub. Türkiyə mətbuatı Britaniya mediasına istinadən xəbər verir ki, ətraf mühit mühafizəçilərinin sayəsində bu günlərdə Britaniyadan Braziliyaya tərkibində zəhərli maddələr olan 80 konteynerdə yerləşdirilmiş 1400 ton tullantının yola salındığı ortaya çıxıb. Məlum olub ki, bu tullantılar arasında xəstəxanalardan toplanmış yüzlərlə paket dolu insan qanı, plastik zir-zibil və insan sağlamlığı üçün zərərli olan digər tullantılar var.
Qanunsuz yollarla basdırılmaq üçün Braziliyaya göndərilən bu tullantıların qalmaqaldan sonra hökumət tərəfindən geri qaytarılmasına qərar verilib. Bildirilir ki, Braziliyanın ətraf mühitin mühafizəsi agentliyinin işçiləri yoxlama zamanı konteynerlərdə üzərində portuqal dilində “kasıb uşaqlarına verməzdən əvvəl yaxşı-yaxşı yuyun” sözləri yazılmış kiri oyuncaqlar da aşkar edib.
Britaniyanın nüfuzlu “The Times”  qəzeti yazır ki, bu ölkədən zəhərli məişət tullantıları hər il Türkiyə, Qana, Braziliya, Azərbaycan, Liviya, Vyetnam və Çin kimi inkişaf etməkdə olan ölkələrə daşınır. Belə ki, 2007-ci ildə Britaniya 13 milyon ton məişət tullantılarını bu ölkələr arasında bölüşdürüb. Həmin il bu ölkədən 204 milyon ton metal, 260 ton plastik və 13 ton kağz tullantıları da daşınıb. Təhlükəli tullantıların arasında istifadə olunmuş uşaq bezləri, birdəfəlik şprislər və digər tullantılar da var. Qəzet yazıb ki, Britaniyanın ətraf mühit naziri Nillari Bann firmalardan biri tərəfindən Braziliyanın 3 ayrı dəniz limanına göndərilən tullantılarla bağlı araşdırma aparılmasına göstəriş verib. Qəzet üzə çıxarıb ki, Britaniyadan belə tullantılar Qanaya da daşınır. Qanadakı zibilxanada qəzet Britaniya müdafiə nazirliyinin köhnə komputerini aşkar edib.
  • Yazılıb
  • da (də) 2009 Jul 20