Mən Adnanın atası Hikmət Hacəzadənin fikirlərini bölüşürəm. Hələ mənim üçün də tam aydın deyil ki, bu gəncləri niyə həbs ediblər
Azərbaycan Servisi/Aran Agentliyi
Gənclər Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı beynəlxalq aləmdən mütəmadi olaraq sərt reaksiyalar gəlsə də, Azərbaycan hakimiyyəti geri çəkilmək niyyətində görünmür. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdirinin son açıqlaması bunu bir daha təsdiqləyir.
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu gənclərin həbsinin gerçək səbəbinin ona hələ də bəlli olmadığını bildirir: “Mən Adnanın atası Hikmət Hacəzadənin fikirlərini bölüşürəm. Hələ mənim üçün də tam aydın deyil ki, bu gəncləri niyə həbs ediblər. Çünki bunların hər hansı siyasi prosesdə iştirakları yoxdur, cəmiyyətə elə bir təsir rıçaqları yoxdur. Bu günə qədər ortaya hər hansı ciddi iddialar qoymayıblar. Bu baxımdan mən baş verənlərin gerçək səbəbini anlaya bilmirəm. Baş verənlər Sovet dövrünün qəribəliklərini xatırladır”.
İ.İbrahimoğlu hesab edir ki, beynəlxalq aləmin reaksiyaları mütləq öz nəticəsini verəcək: “Gənclərin günahsız həbsi, onların rastlaşdığı bu təxribatla bağlı beynəlxalq aləmin münasibətləri kifayət qədər əhatəli və genişmiqyaslıdır. Birləşmiş Millətlər Təşkilatından tutmuş Avropa strukturlarına qədər məsələyə kəskin reaksiya verilib. Ölkə daxilində də vətəndaş cəmiyyəti qurumları məsələ ilə bağlı fəallıq etdilər. Bu münasibətin bildirilməsi zəruri idi. Əslində bu, gənclərin növbəti təxribatlardan sığortalanmasıdır. Eləcə də gənclərə mənəvi dəstəkdir. Amma bunun nəticəsində nə olacaq, bunu zaman göstərəcək. Onu bilirəm ki, beynəlxalq aləmin müdafiəsi gənclərin xeyrinədir”.