Vətəndaş Nəzarət Şəbəkəsi içməli su mənbəyi olan Qoşqar çayının çirkləndirilməsindən narahatdır
Azərbaycan Servisi/Aran Agentliyi
FaktXəbərin "AJASH" agentliyinə istinadən verdiyi məlumata əsasən, Vətəndaş Nəzarəti Şəbəkəsinin (VNŞ) Gəncə regional məntəqəsinin apardığı araşdırmalar nəticəsində Göygöl rayonun Aşağı Qızılca və Qızılca kəndlərində əhalinin su təchizatı ilə bağlı ciddi problemlərinin olduğu aşkara çıxıb. Məlumatda bildirilir ki, Göygöl rayonunun Yuxarı Qızılca kəndindən keçən Qoşqar çayı, istər ev təsərrüfatları, istərsə də, kənd təsərrüfatı və s. məqsədlər üçün istifadə olunan, əsas su mənbəyidir. Eyni ilə bunu Aşağı Qızılca kəndi barəsində də demək olar. Qızılca kəndi dağlardan çəkilmiş su kəməri vasitəsilə içməli su ilə təchiz olunur, amma bu kəmər kənddə yalnız iki bulağın qoyulmasına imkan verir. Bu bulaqlar isə yay aylarında quruyur. Hər iki kənddə 800-dən artıq ailə təsəttüfatı və digət təsərrüfatlar var. Qoşqar çayı Daşkəsən rayonunun ərazisindən keçərkən istər rayonda fəaliyyət göstərən sənaye obyektləri, (Buraya Daşkəsən Filizsaflaşdırma Kombinatını, mərmər daşı istehsal edən sexləri, MMC-ləri və s. aid etmək olar ki, bunlar da, qeyri neft-qaz mədən sənayesinə aiddirlər) istərsə də ev təsərrüfatları (əhali) tərəfindən çirkab suları ilə və müxtəlif zərərli kimyəvi maddələrlə çirkləndirilir: “Çayın çirklənmə dərəcəsi elə bir həddə çatdırılıb ki, onun suyundan nəinki məişətdə, hətta təsərüfatda belə istifadəsi mümkünsüz olub. Daşkəsən rayonunun ərazisi ilə sözügedən kəndləri cəmi 15-20 km məsafə ayırır və məsafənin məhdudluğu çayın özü-özünü təmizləməsinə imkan vermir. Demək olar ki, hər iki kəndin əhalisi Daşkəsən rayonu ərazisindən birbaşa çaya axıdılan zərərli kimyəvi maddələrlə, eləcə də, çirkab suları ilə çirklənmiş sudan məişətlərində və təsərrüfatlarında istifadə etməli olurlar. Yuxarı Qızılca kəndində mövcud olan bulaqlar (cəmi iki bulaq) yay mövsümündə quruyur, qurumanın səbəbi isə araşdırılmır”.
Məlumatda daha sonra qeyd edilir ki, Yuxarı Qızılca kəndini su ilə təmin edən boru kəmərinin çaydan qidalandığı yerdən cəmi 100-150 metr yuxarıda fəaliyyət göstərən “Mehman” mərmər sexi (suyun öz axarı ilə lazım olan yüksəkliyə qaldırılması üçün boru vasitəsi ilə çayın Daşkəsən rayon ərazisindən keçən hissəsindən su götürülür) öz cirkab sularını təmizləmədən çaya axıdır və tullantı suyu birbaşa içməli su daşıyan boru kəmərinə daxil olur. Borudan istifadə üçün götürülən sudan mal-qara belə, içmək istəmir. Bundan başqa, çayın suyu ilə becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşür, bitkilər xəstələnərək məhv olur. Beləliklə, sanitar normalardan qat-qat yüksək səviyyədə çirkləndirilən çay suyundan məcburi istifadə edən əhali, müxtəlif xəstəliklərə, o cümlədən dəri xəstəliklərinə tutularaq əziyyət çəkir.
VNŞ-nin regional məntəqəsi bildirir ki, qeyd olunan problemin aradan qaldırılması məqsədi ilə hazırda əhali arasında maarifləndirilmə işi aparılır və imza toplama kompaniyası həyata keçirilir. Məqsəd problemi aidiyyatı qurumlar qarşısında rəsmi olaraq qaldırmaqla onların diqqətlərini problemə cəlb etmək və problemin həlli üçün əməli tədbirlərin həyata keçirilməsinə onları sövq etməkdir.