Article 19" Cenevrəyə hesabat göndərdi: ”Bu hakimiyyətlə beynəlxalq qanunlar əsasında haqq-hesab çəkilməlidir
Azərbaycan servisi/Aran Agentliyi
“Azərbaycan hökuməti Vətəndaş və Siyasi Hüquqlar barədə beynəlxalq Konvensiyanın ifadə və informasiya azadlığına dair bir neçə müddəasını pozub”. Bu bəyanatı jurnalistlərin hüquqlarını müdafiə edən nüfuzlu beynəlxalq “Article 19" təşkilatı BMT-nin İnsan Haqları Şurasına göndərdiyi hesabatla verib. Cenevrədə yerləşən BMT İnsan Haqları Şurasında Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələrə bu həftənin bazar ertəsi başlanıb və dünən gecəyarı yekunlaşmalı idi.
"Article 19"-un Cenevrəyə göndərdiyi hesabatda xüsusi olaraq 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun məsələsi qaldırılır. Hesabatda bildirilir ki, Azərbaycanda jurnalistlərə qarşı törədilən əməllər üçün cəzasızlıq atmosferi mövcuddur.
Sənəddə bildirilir ki, Azərbaycan hökuməti lisenziyalaşdırma və tənzimləmə kimi prosedurlardan müstəqil yayınçıların və beynəlxalq radioların yerli tezliklərdə fəaliyyətinin qarşısının alınması üçün istifadə edir.
Bu da bildirilir ki, hökumət media əməkdaşlarının təqibində onların böhtan maddəsi ilə məhkəmələrə çəkilməsi və ya xuliqanlıq kimi əlaqəsiz ittihamlarla mühakimələrə verilməsi praktikasından istifadə edir. “Article 19"-un baş direktoru Doktor Agnes Kalamard BMT İnsan Haqları Şurasına göndərdiyi məkrubda insan haqlarının rüsvayçı tarixçəsinə malik olan Azərbaycanın pislənməsinə və bu rejimin beynəlxalq qanunlara əsasən haqq-hesaba çəkilməsinə çağırır.
Gözlənilirdi ki, Cenevrədə keçirilən müzakirələrdə Azərbaycanda iki gənc fəalın həbsi ilə bağlı da məsələ geniş müzakirə olunacaq. Müzakirələrdə Azərbaycan hakimiyyətini ölkəmizin Cenevrədə yerləşən beynəlxalq qurumlardakı təmsilçisi Elçin Əmirbəyov təmsil edir. Bundan əvvəl digər beynəlxalq jurnalist və insan haqları təşkilatları da Azərbaycandakı vəziyyətlə bağlı öz hesabatlarını İnsan Haqları Şurasına göndəriblər. Azərbaycan ötən il bu şuranın üzvü olub, lakin builki seçkilərdə şuranın tərkibinə seçilməyib və burada beynəlxalq insan haqları təşkilatlarının müraciətlərinin rolu olub. BMT-nin İnsan Haqları Şurasının tərkibində dünyanın bir çox diktatura rejimləri də təmsil olunurlar. Bu səbəbdən təşkilatın insan haqları sahəsində fəaliyyəti adekvat deyil. Bu il beynəlxalq insan haqları təşkilatlarının müraciətlərindən sonra ABŞ şuranın tərkibinə daxil olub.