Azərbaycan başçısı İlham Əliyevin "Dini etiqad azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərin tətbiq edilməsi barədə fərman imzalaması haqqında xəbər vermişdik
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan başçısı İlham Əliyevin "Dini etiqad azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərin tətbiq edilməsi barədə fərman imzalaması haqqında xəbər vermişdik. Fərmanda NK-ə tapşırılır ki, 1 ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Dini etiqad azadlığı haqqında" qanuna əlavələr və dəyişiklik edilməsi barədə" qanuna uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan prezidentinə təqdim etsin. İlk baxışdan burada elə bir ciddi nüans sezilməsə də sonradan məlum olmuşdur ki, fərman imzalanarkən o təhrifə məruz qalmışdır. Beləki, "Dini etiqad azadlığı haqqında" qanundakı son əlavə və dəyişikliklərə görə məscid və digər ibadət yerlərində din xadimləri təyin edərkən QMİ müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Halbuki bu müddəa MM-in qəbul etdiyi sənəddə “razılaşdırılmalıdır” kimi keçməkdədir. Bu görünməmiş nonsensdir. Bunun nə anlama gəldiyini bir sıra hüquqşünas və ictimai fəallardan soruşduq:
Rəşid Hacılı - “Media Hüququ İnstitutu”nun direktoru: “Bu o deməkdir ki, MM-də qəbul olunmuş qanundakı söz dəyişdirilib. Razılaşdırma sözünü məlumatlandırma ilə əvəzləyiblər. Bu gün qanun var. Əgər qanunun mətnində fikir bir cür, fərmanda bir başqa cür gedirsə, əslində heç bunu fərmanda yazmağa ehtiyac yoxdur. Burada da ifadə yanlışlığı var. Hər halda buna diqqətlə baxmaq lazımdır”.
Xatırladaq ki, Milli Məclis tərəfindən qəbul edilmiş sənəddə dövlət komitəsini “məlumatlandırmaq” deyil, Dövlət Komitəsi ilə “razılaşdırmaq” müddəası var idi. Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan hansısa prosedura nəticəsində bu müddəa məlumatlandırmaq formasına salınıb.