Azərbaycan servisi/Aran Agentliyi
BMT-nin İnsan Haqları Komitəsi bu ayın sonunda təşkilatın Baş Assambleyasına Azərbaycandakı insan haqlarının durumuna dair çox sərt hesabat təqdim edəcək. Bu məlumatı adının açıqlanmasını istəməyən BMT rəsmisi «Röyter» agentliyinə verib. Xəbər verildiyi kimi, BMT-nin İnsan Haqları Komitəsi iyulun 21-də və 22-də Cenevrədə Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmələr keçirib. Bu dinləmələrdə Azərbaycan hökuməti adından cavabdeh qismində xarici işlər nazirinin müavini Xələf Xələfov və ölkəmizin Cenevrədəki beynəlxalq təşkilatlar yanında səfiri Elçin Əmirbəyov təmsil ediblər.
«Komitə üzvlərinin bu həftə verdikləri bəyanatlardan aydın görünür ki, hesabat çox sərt olacaq» - deyə BMT-dəki mənbə agentliyə bildirib. Onun bildirdiyinə görə, BMT-nin İnsan Haqları Komitəsi Azərbaycanın insan haqlarına necə riayət etməsi haqda hesabatını iyulun 31-də təqdim edəcək. Hesabat eyni vaxtda BMT-nin baş katibinə də təqdim olunacaq.
Agentlik qeyd etdiyinə görə, öz iclasına toplaşan 18 üzvlük komitə araşdırıb ki, Azərbaycanda nə baş verir? Jurnalistlər niyə tutulur və öldürülür? Həbsxanalarda niyə intiharlar baş verir? Müxalifət nümayişlərinə niyə qadağa qoyulub? Komitə qarşısında çıxış eləyən Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, Azərbaycanda jurnalistlər yalnız qanunu pozduqlarına görə tutulublar. Bu zaman komitə üzvlərindən biri ona sərt cavab verərək deyib ki, belə görünür, Azərbaycan polis zorakılığını üzərindən atmağı özünə adət edib. Digər komitə üzvləri də Xələfovun cavabını şübhəylə qarşılayıblar. Bildirilir ki, azərbaycanlı nazir müavini ona ünvanlanan sərt suallar qarşısında çətin vəziyyətə düşüb.
Xələfov vəziyyətə izah verməyə çalışaraq deyib ki, Azərbaycanda proletariat diktaturası olub, ədliyyə sistemi o diktaturanın altında idi, həmin diktatura bir gecəyə yox olmur. Komitənin Cenevrədəki iclası Avropa İttifaqı ölkələrinin 27 səfirindən ibarət nümayəndə heyəti ilə birlikdə keçirilib. Səfirlər də Azərbaycanda insan haqlarının və azadlıqların vəziyyətindən narahatlıqlarını bildiriblər. İlk dəfədir ki, Azərbaycanda insan haqlarının durumuna dair bu səviyyədə geniş beynəlxalq müzakirələr keçirilir.
Müzakirələrin davam etdiyi bir vaxtda Bakıda ofisləri olan beynəlxalq QHT-lər Cenevrədə mətbuat konfransı keçiriblər və deyiblər ki, Avropa İttifaqının və beynəlxalq aləmin tənqidləri söz olaraq qalacaq, çünki Azərbaycan neft və qaz ölkəsidir. Cenevrədəki «Human Rights House Foundation» təşkilatından olan Florian İrminger isə deyib ki, təcrübəmizə görə, Amerika və Norveç sərt mövqe tutmalıdırlar, çünki onların öz nefti var. İnsan haqları müdafiəçiləri onu da bildiriblər ki, Avropa İttifaqının Azərbaycanla münasibətlərdə neft-qaz maraqlarına üstünlük verməsi onları narahat edir və bu siyasət dəyişməlidir.
Debatlar zamanı Azərbaycanda baş verən son hadisələr, o cümlədən iki gənc fəalın həbsi də müzakirə predmeti olub.
Qeyd edək ki, Azərbaycanda indiyədək insan haqlarının durumu ilə bağlı çoxsaylı sərt və tənqidi hesabatlar olub. Lakin hakimiyyət son illər nüfuzlu beynəlxalq insan haqları təşkilatları tərəfindən hazırlanan belə hesabatlara, sadəcə olaraq, əhəmiyyət verməmək praktikasını seçib. Bir qayda olaraq rəsmilərin həmin hesabatlara münasibəti belə olur: «Qərəzlidir, obyektiv deyil və Azərbaycan hansısa qeyri-hökumət təşkilatının dedikləri ilə oturub-durmur». Lakin deyəsən, bu dəfə vəziyyət mürəkkəbdir. Çünki Azərbaycanda insan haqlarının durumu artıq hakimiyyət rəsmilərinin dediyi kimi hansısa qeyri-hökumət təşkilatlarının yox, BMT-nin gündəmindədir. Azərbaycan BMT üzvü kimi bu təşkilatın insan haqlarına dair bəyannaməsini imzalayıb və ona uyğun olaraq üzərinə öhdəliklər götürüb. Bu baxımdan hakimiyyətin BMT-nin qurumu tərəfindən hazırlanan hesabatı qulaqardına vurmaq imkanları olmayacaq. Göründüyü kimi, hakimiyyət Cenevrə dinləmələrindən narahat olaraq insan haqları ilə bağlı iradlara cavab vermək üçün xarici işlər nazirinin müavini səviyyəsində öz təmsilçisini göndərib.
Gözlənilir ki, BMT-nin İnsan Haqları Komitəsi tərəfindən hazırlanan sərt hesabat təşkilatın Baş Assambleyasının payızda işə başlayacaq növbəti sessiyasında müzakirəyə çıxarılacaq. Hesabatla bağlı BMT baş katibinin də Azərbaycan hakimiyyətindən izahat tələb edəcəyi istisna deyil. BMT qarşısında öhdəliklər götürmüş ölkə kimi Azərbaycanın həmin hesabatı rədd etməsi özünü bütün beynəlxalq birliyə qarşı qoyması demək olardı.