Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan iqtisadiyyatının inkişaf dinamikasını başa düşmək baxımından bəzi rəqəmlər fövqəladə maraq doğurur. «Yeni Müsavat» əvvəlki saylarında gedən ifşa kampaniyasını davam etdirir və həmin maraqlı rəqəmlərin üzərinə işıq fokusu salır. Böyük oğurluqlar və böyük oğrularla siz də yaxından tanış olun. 2008-ci ildə Azərbaycana 7 milyard 163 milyon 470, 3 milyon dollarlıq mal idxal olunub. Bu, 1991- ci ilə nisbətən 3, 8 dəfə çoxdur. İdxal çüzi kənara çıxmalarla 1991-ci ildən başlayaraq azalmış, lakin 1998- ci ildən stabil olaraq artıb.
***
Dünya iqtisadi böhranı nəticəsində 2009- cu ildə idxalın artma tendensiyasının davam edib-etməyəcəyini həm mütəxəssislər, həm də praktiklər maraqla gözləyir. Məsələyə marağı artıran məqam budur ki, idxalın aşağı düşməsi dövlət büdcəsinə və «qara kassaya» (gömrük rüsumu, vergi və yığımın daxil olmasında) öz təsirini göstərməyə bilməz. Bunun isə öz növbəsində siyasi nəticələri mütləq olmalıdır: gömrük sisteminə, idxal-ixrac nəzarət mexanizmi vasitəsilə bütün iqtisadiyyata faktiki olaraq total nəzarət edən qrupun maliyyə və siyasi təsir imkanları, nüfuzu aşağı düşməli, Azərbaycanın hakim elitasında çoxdan gözlənilən dramatik dəyişikliklər baş verməlidir...
***
Əslində idxalın həm naturaca, həm də pulla ifadə olunan şəkildə aşağı düşməsi 2008-ci ildə gözlənirdi. Bir sıra ekspertlər ölkəyə gətirilən malların, xüsusilə sənaye və tikintidə istifadə olunan məhsulların həcminin həqiqətən ciddi şəkildə aşağı düşdüyünün qeydə alınmasında israr edirlər.
Lakin bu konkret rəqəmlərdə ifadə olunmadı. Əksinə, idxal olunan məhsulların pulla həcmi 2007- ci ildəki 5 milyard 712 milyon 172 min dollardan artaraq, 2008-ci ildə 7 milyard 163 milyon 470 min dollara çatdı.
***
Analoqu olmayan bu tendensiyanı mütəxəssislər korrupsiya resurslarından istifadə olunması ilə izah edirlər. Bu resurs isə ondan ibarətdir ki, Azərbaycan idxalının səviyyəsi rəsmi gömrük bəyanatlarından 2-3 dəfə çoxdur və kifayət qədər ciddi mütəxəssislərin iddiasına görə, 15 milyard dollar civarındadır. Yaranmış ekstremal situasiyada gömrük-vergi sistemi şəklində təşkil olunmuş mafiyalaşmış qrup bu vaxta qədər uçotdan gizlədilən bəzi malları həm naturada, həm də onların real qiymətlərinə yaxın şəkildə sənədləşdirib, eyni zamanda idxal əməliyyatı aparan firma və şəxslərdən alınan qeyri-rəsmi «haqqı» artıraraq bu artımın bir hissəsini büdcəyə daxil ediblər.
Bütün dünyada qiymətlərin aşağı düşməsi fonunda Azərbaycanda daxili bazarda qiymətlərin saxlanmasının və bir sıra hallarda hətta qalxmasının, yüksək inflyasiyanın saxlanmasının səbəbi də bununla izah olunur. Digər tərəfdən, məsələn, məmurlara verilən «paket» sisteminin həcmi və çərçivəsinin azalması və ya ümumiyyətlə ləğv edilməsi barədə məlumatlar gəlir. Dövlət Gömrük Komitəsinin bəyannamələrinin təhlili göstərir ki, dünyada ərzaq və sənaye malları da daxil olmaqla, bütün idxal mallarının qiymətinin aşağı düşməsinə baxmayaraq, guya bu mallar 2008-ci ildə Azərbaycana 2004 - 2007- ci illərdən daha baha gəlib.
Məsələn, 2004 -cü ildə bir mobil telefon Azərbaycana rəsmi rəqəmlərə görə, 12 dollara idxal edilirdisə, bu rəqəm 2008 -ci ildə 100 dollar civarında rəqs edir. Halbuki, dünya mobil telefon bazarında görünməmiş endirim var. Minik avtomobillərinin sənədləşdirilməsi 2 dəfəyə yaxın artaraq orta hesabla 8 - 10 min dollar ətrafında hərəkət edir. Halbuki dünya avtomobil bazarında qiymətlər 1,5 - 2 dəfə ucuzlaşıb.
Ərzağın dünya qiymətləri 2007- ci ildə son dövrün ən yüksək həddinə çatmışdı. Lakin Gömrük Komitəsinin sənədlərindən belə çıxır ki, 2008 və 2009 - cu illərdə bu məhsullar əvvəlki illərdən daha baha alınır. İdxalın əmtəə strukturu üzrə təhlil göstəriciləri deyilənləri açıq-aydın göstərir.
Korrupsiya resursundan nə qədər, nə müddət və hansı həddə qədər istifadə oluna biləcəyi məlum deyil. Optimist proqnozlar doğrulmasa və 2010- cu ilin ikinci yarısından başlayaraq dünya iqtisadiyyatında və onun tərkib hissəsi olaraq Azərbaycan iqtisadiyyatında canlanma başlamasa vəziyyətin nə ilə sonuclanacağını deməkdə çətinlik çəkirlir. Həddən artıq korrupsiya resursunun buna davam gətirməyəcəyi və kollapsın başlanacağı istisna edilmir.
Daxil olan məlumatlara görə, siçovulların batan gəmini tərk etməyə başlaması sindromu müşahidə olunmağa başlayıb. Gömrük sistemindən qaçışlar başlayıb və durum düzəlməsə, bu proses güclənəcək. Bu mövzuda «Yeni Musavat»ın İqtisadi Təhqiqatlar Qrupunun geniş materialı dərc ediləcək....
***
Mütəxəssis - iqtisadçılardan fərqli olaraq proseslərdə irrasional məzmun və xətlər görən bəzi ekspertlər Azərbaycan iqtisadiyyatında yaranan problemləri digər səbəblərlə, daha doğrusu, əlamətlərlə əlaqələndirirlər. Bu cür mühakimələrin mövzuya aid olan cəhəti onların həmin əlamətlərinin idxalla, konkret olaraq diri heyvan idxalı ilə bağlı olmasındadır.
***
Heyvanlar canlı varlıqlar aləminin iki əsas qrupundan (digər qrup bitkilərdir) biridir. Yer üzündə 1, 5 milyonadək heyvan növü mövcuddur. Müxtəlif sistematiklər 10- dan 33- dək heyvan tipi müəyyən edirlər. Ümumiyyətlə, 16 tip müəyyən edilib (ibtidailər, süngərlər,arxeeosiatlar, bağırsaqboşluqlar, ibtidai qurdlar, molyuskalar, buğumlular, prozopigilər, kampatozoylar, padaksonilər, çiyinayaqlılar, poqonoforlar, dərisitikanlılar, qılıcıqçənəlilər, yarımxordalılar, xordalılar).
Heyvanları zoologiya və bir çox konkret zooloji elmlər öyrənir. Heyvanların insan həyatında rolu böyükdür. Heyvanlar qida mənbəyi, sənaye xammalı olub həm də işçi qüvvəsidir.
***
2003- cü ildə Azərbaycana 1.511, 6 min dollar, 2004 cü ildə 1.615, 2 min dollar, 2005- ci ildə 1.283, 4, 2006-cı ildə 1.338, 6, 2007- ci ildə 1.425, 3 min dollarlıq diri heyvan gətirilib. Və bu, ümumi idxalın əmtəə strukturunda xüsusi çəkisi üzrə 0,06 - 0,02-% təşkil edib.
Lakin bu prosesin görünən tərəfdir. Rəsmi sənədlərdə Azərbaycana gətirilən diri heyvanlar içərisində, at, qatır, ulaq, iribuynuzlu keçilər, qoyunlar, diri ev toyuqları, yırtıcı quşlar və s. var. Məsələn, 2008-ci ildə Azərbaycana 3 ədəd ( məbləği 3 min dollar) safqanlı cins atlar, ulaqlar, qatırlar və at qatırları, 100,2 min dollarlq 16 digər diri atlar, qatırlar, ulaqlar və at qatırları, 503 ədəd 1.531,4 min dollarlıq safqanlı cins diri iribuynuzlu heyvanlar, 163 min manatlıq 1200 digər iribuynuzlu heyvanlar, 8 min manatlıq 375 diri qoyunlar, 683 min dollarlıq 1 milyon, 318 min 877 ədəd (cəkisi 185 qramdan artıq olmayan) diri ev toyuqları, 8 min dollarlıq, 2084 ədəd digər diri heyvanlar idxal olunub. Bundan əlavə, 15,9 min dollarlıq 1,2 ton diri dekorativ balıq, 8, 1 min dollarlıq digər diri balıqlar gətirilib.
***
Rəsmi məlumatlarda 010690 əmtəə kodu ilə keçən digər diri heyvanlar termini diqqəti cəlb edir. Məsələ burasındadır ki, 2005- ci ilə aid rəsmi sənədlərdə bu kodla 1507207 diri heyvanın idxal olunduğu və bunların cəmi dəyərinin 44. 5 min dollar olduğu bildirilir. Bu «digər diri heyvanın» birinin dəyərinin təxminən 3 sent olması deməkdir ki, qətiyyən ağlabatan görünmür. Yenə həmin sənədlərdə 2005- ci ildə Azərbaycana bir ədədi 2 dollara 150 ilanın və ya tısbağanın idxalı barədə məlumatlar var. Gömrük bəyannamələri hər üç aydan bir yandırıldığından yuxarıda adı çəkilən 1, 5 milyon «digər heyvanın» mənşəyini və növünü, onların hansı şəxslər tərəfindən və hansı məqsədlə idxal edildiyini dəqiqləşdirmək mümkün deyildir. Qeyd edək ki, bu kodla idxal olunan heyvanlar 2008- ci ildə cəmi 2084 ədəd təşkil edib, lakin onun qiyməti 100 dəfə artaraq 4 dollara çatıb.
***
İrrasionalistlər bu sirli «digər diri heyvanın» ilan olduğuna diqqət çəkir və ölkədə kütləvi şəkildə müşahidə olunan ilan sürülərinin bu idxalla bağlılığını bildirirlər. İqtisadi və sosial dinamikanın məntiqinə görə, bu ilanlar ilan inqilabının əlamətləridir. Arxada idxal olunan bağalar köməyə çatacaq.
Əski inanclara görə, yer kürəsi suda üzən bağanın üzərində qərar tutub...