Görəsən inanclı insana hansı şəraitdə danışmağa icazə verilməlidir ki, ona “casus” və yaxud “din pərdəsi” altında gizlənənlər adı verməsinlər?!
Azərbaycan servisi/Aran Agentliyi
Bu günlər din və vicdan azadlığına, xüsusi ilə İslam dininə qarşı atılan bəzi addımlar və qoyulan “tolerant” məhdudiyyətlər cəmiyyətin ciddi narazılığı ilə qarşılanmışdır. Bu arada Dini Komitə sədri yeni fitvalarla ortaya çıxaraq sanki başqa planetlərdən gələnlərə məsələyə aydınlıq gətirirmiş kimi, etiraz edənləri “böhtançı” adlandırmaqdan belə çəkinməyib.
Görəsən inanclı insana hansı şəraitdə danışmağa icazə verilməlidir ki, ona “casus” və yaxud “din pərdəsi” altında gizlənənlər adı verməsinlər?! Görəsən inanclı insanın gözləri önündə məscid sökülürsə və o dinmirsə ona inanclı demək olarmı? Görəsən müsəlman ölkəsində məscid sökənlərin özləri hansı pərdə altında gizləniblər? Axı hansısa bir boynuyoğunun qanunsuz bostanına daş atmağa cürət tapmayanlar necə Allahın evinə haram tikili adı verə bilərlər? Bu arada Hidayət Orucovun diqqətinə çatdırmaq istərdik ki, İslamda məscidin “qəsbi” (Yəni kiminsə mülkünü qəsb edib orada məscid tikmək) ərazidə tikilməsi haramdır. Digər cəhətdən əgər güman edirik ki, məscidin sənədlərində hər hansı bir çatışmamazlıq varsa, bunu sənədin təkmilləşdirilməsi ilə tamamlamaq olmazmı? Necə deyərlər, sənin Allah və onun dini və ocağı ilə problemin yoxdursa, onu qanuniləşdir, olsun “halal”! Yoxsa mənşəyi bilinməyən fitvalar çıxardaraq özümüzü Allah və tarix qarşısında üzürlümü göstərmək istəyirik?
Axı dolaşıq cümlələrlə insanları çaşbaş salıb “yarım tikili məscid” məscid deyil deməklə məscidin sökülməsini “caiz” bilənlər görəsən yasamalda tikilib başa çatmış “Məhəmməd Peyğəmbər” məscidin sökülməsinə nə ad verirlər?
Hidayət müəllimin müsahibəsinə diqqət yetirəndə adam təəssüflənməyə bilmir. Bu günlər Azərbaycan xalqını təmsil edən 10-a kimi partiya və təşkilat məsələ ilə bağlı aidiyyatı orqanlara müraciət göndərərək, məscidlərin sökülməsi və dinə qarşı olan məhdudiyyətlərin şiddətlənməsinə qarşı öz etirazlarını bildirmişlər. Qeyd etmək lazımdır ki, bu etirazlar təkcə 10 partiya və təşkilatla bitmir. Azərbaycanın müsəlman xalqının hər birini dindirsən İslam və İslam ocaqlarına qarşı atılan belə addımları yekdilliklə pisləyirlər. Odur ki, Hidayət müəllimin xalqı və onun təmsil etdiyi partiya və təşkilatları “böhtançı və qərəzli” adlandırması azından özü bir böhtandır.