Tarix : 2009 Jul 28
Kod 13144

TÜRKMƏNİSTAN-AZƏRBAYCAN PROBLEMI

.
Azərbaycan Servisi/Aran Agentliyi
Türkmənistanın Xəzərdəki mübahisəli yataqlara görə Azərbaycanı Beynəlxalq Arbitraj Məhkəməsinə vermək qərarına gəlməsi Rusiyada da diqqətlə izlənilir. Belə ki, Rusiya bu mübahisə nəticəsində «Nabucco» qaz kəməri layihəsinin reallaşmasına olan şübhələrin artdığını hesab edir. Azərbaycan və Türkmənistan «Nabucco» layihəsinin əsas iştirakçılarından hesab olunmaqla yanaşı, bu kəmərlə qaz nəql edəcək əsas hasilatçı ölkələr də hesab olunur.
Xəbər verildiyi kimi, ötən həftə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov hökumətə Azərbaycanı Xəzərdə hazırda «Əsrin müqaviləsi» çərçivəsində istismar olunan «Azəri-Çıraq» yataqları, habelə mübahisəli «Kəpəz» yatağı ilə bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə verməyi tapşırıb. Berdıməhəmmədov deyib ki, bu mübahisələrin danışıqlar yoluyla həll edilməsi mümkün olmayıb və son variant kimi beynəlxalq məhkəməyə müraciət edilir. Türkmənistan prezidenti eyni zamanda ölkəsinin məhkəmənin istənilən qərarını tanıyacağını bildirib. Əgər məhkəmə Türkmənistanı haqlı hesab etsə, Azərbaycan Xəzərdəki yataqların istismarına görə bu ölkəyə kompensasiya ödəməli olacaq.
Azərbaycanla Türkmənistan arasında Xəzər məsələləri ilə bağlı danışıqları aparan xarici işlər nazirinin müavini Xələf Xələfov isə ANS-ə müsahibəsində deyib ki, sözügedən yataqların istismarı ilə bağlı bütün şərtlər, o cümlədən beynəlxalq hüquqi normalar öyrənilib. Ona görə də Azərbaycan Türkmənistanla bu məsələdə məhkəmə çəkişməsinə hazırdır. Rusiyada isə ekspertlər bu mübahisənin necə inkişaf edəcəyini maraqla gözləyirlər. «Troyka Dialoq» investisiya fondundan analitik Valeri Nesterov «Nezavisimaya qazeta»ya bildirib ki, bu mübahisə nəticəsində ambisiyalı «Nabucco» layihəsi şübhə altında qala bilər: «Rusiyanın "Nabucco"ya rəqib «Cənub axını» layihəsini reallaşdırmaq üçün olan əsas ümidləri məhz Xəzər şelfinin bölgüsü məsələsinin həll edilməmiş qalması ilə bağlı idi. Ona görə də Türkmənistanla Azərbaycan arasında mübahisələrin gərginləşməsi «Nabucco»nun həyata keçirilməsi prosesini, daha doğrusu, bu layihənin bir hissəsi kimi nəzərdə tutulan "Transxəzər" qaz kəmərinin çəkilməsini ən azından ləngidəcək. Ən uzağı isə bu mübahisə «Nabucco»nun qaz mənbələrinin sayını İraq və Azərbaycanla məhdudlaşdıracaq".
Rusiyalı analitik hesab edir ki, Azərbaycan Xəzərdəki yataqlar uğrunda sonadək mübarizə aparacaq. Çünki Azərbaycan Xəzərdəki neft ehtiyatlarının limitsiz olmadığını başa düşür və hər bir perspektiv yataq ona qiymətlidir. Eyni zamanda Türkmənistan da bütün mümkün yollarla mübahisədən qalib çıxmağa çalışacaq. «Ona görə də xarici təzyiq olmadan bu ölkələrin razılığa gəlməsi mümkün görünmür» - deyə Nesterov bildirib. «Uralsib» maliyyə şirkətindən analitik Mixail Zanozin isə deyib ki, Xəzərin cənubu mübahisə predmeti olaraq qalır. Üstəlik, dənizin bu hissəsini bölüşdürmək üçün İran, Azərbaycan və Türkmənistan mübarizə aparırlar. Lakin analitik hesab edir ki, Rusiyanın bu mübahisədən udmaq şansı azdır: «Bəli, nəzəri baxımdan Aşqabadla Bakı arasındakı mübahisə "Nabucco"nun həyata keçirilməsi şanslarını azalda blər, ancaq praktikada bu nəzəriyyə özünü doğrultmayacaq". Zanozin hesab edir ki, enerji resurslarının nəqlinin diversifikasiyasının əhəmiyyətini Bakı və Aşqabad yaxşı başa düşür. Ona görə də hər iki ölkə qarşılıqlı məqbul variant taparaq bir tərəfdən beynəlxalq məhkəmədə öz aralarındakı mübahisəni çözə bilər, o biri tərəfdən isə «Nabucco»ya qoşular.
Həqiqətən həm Türkmənistan, həm Azərbaycan cəmi bir neçə gün əvvəl «Nabucco»da iştirakda maraqlı olduqlarını açıqlayıblar. Rusiyanın təzyiqlərinə baxmayaraq, prezident Berdıməhəmmədov türkmən qazının bir hissəsinin bu kəmərlə nəql oluna biləcəyini deyib. Türkmənistan qazını «Nabucco»ya çatdırmaq üçün Xəzərin dibindən iki ölkənin sahilini birləşdirəcək kəmər çəkilməlidir. Lakin belə bir vaxtda Aşqabadın beynəlxalq məhkəməyə üz tutması təəccüblü və gözlənilməz olub. İstisna deyil ki, Türkmənistan prezidenti məhz «Nabucco»ya olan marağın artmasından sonra bu addımı təsadüfi atmayıb. Berdıməhəmmədov başa düşür ki, tranzit ölkələr arasında bugünlərdə Ankarada imzalanan hökumətlərarası sazişdən sonra Qərbin qarşısında dayanan əsas məsələ Azərbaycan və Türkmənistan qazının bu kəmərlə nəqlinə dair müqavilələr bağlamaqdır. Ancaq indi Qərb «Nabucco» üçün iki əsas qaz təchizatçısının öz aralarında mübahisə etməsi ilə qarşılaşır. Görünür, Berdıməhəmmədov siyasi gediş edərək belə düşünür ki, Qərb «Nabucco»nu reallaşdırmaq üçün bu mübahisənin həllinə çalışacaq və təbii ki, tərəfləri kompromislərə getməyə çağıracaq. Bununla da Aşqabad Bakıdan hansısa kompromislər qoparmağa nail olacaq.
Beynəlxalq Arbitraj Məhkəməsi nədir?
Beynəlxalq Arbitraj Məhkəməsində mübahisələrin çözülməsi anlayışı Azərbaycan üçün yeni sayıla bilər. Son illər ilk dəfə bu məsələ keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsindən sonra onun qardaşının rəhbərlik etdiyi «Azpetrol» şirkətinin başqa əllərə keçməsi zamanı gündəmə gəlib. Azərbaycan hökuməti formal olaraq Hollandiya şirkətinin mülkiyyətində olan bu şirkəti əvvəlki sahiblərinin əlindən alıb, həmin şirkət isə Azərbaycanı Beynəlxalq Arbitraj Məhkəməsinə verəcəyini bildirib. Daha sonra «Barmek» şirkətinin prezidenti Hüseyn Arabul onunla imzalanmış müqavilənin birtərəfli qaydada pozulmasından sonra Azərbaycan hökumətini Beynəlxalq Arbitraj Məhkəməsinə vermişdi. Lakin Arabula ölkədən çıxmaq imkanı verilmədiyindən o, öz iddiasının arxasınca gedib zəruri hüquqi prosedurları yerinə yetirə bilmədi.
Məlumat üçün qeyd edək ki, bir neçə əsas beynəlxalq arbitraj məhkəmələri fəaliyyət göstərir. Beynəlxalq ticarətdə institutlaşmış bir neçə ən populyar arbitrajlar var və onlar şərti olaraq beynəlxalq kommersiya mübahisələrini çözən əsas mərkəzlər hesab edilir. Bunlar London Beynəlxalq Arbitraj Məhkəməsi (Hüseyn Arabul məhz bu məhkəməyə müraciət etmişdi), Stokholm ticarət platası yanında Arbitraj İnstitutu, Beynəlxalq Ticarət Palatası yanında Beynəlxalq Arbitraj Məhkəməsi, Amerika Arbitraj Assosiasiyasıdır. Türkmənistanın Xəzərdəki yataqlarla bağlı Azərbaycandan hansı məhkəməyə şikayət verəcəyi hələ məlum deyil. Ancaq ehtimal olunur ki, Aşqabad Beynəlxalq Ticarət Palatası yanında Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcək. Çünki ərazi və sərhəd mübahisələrindən irəli gələn çəkişmələrə bu məhkəmə baxır.
Sözügedən arbitraj orqanı beynəlxalq ticarət mübahisələrini həll edən ən tanınmış qurum sayılır. Bu məhkəmədə mübahisələrini həll etmək istəyənlər üçün coğrafi məhdudiyyətlər yoxdur və burada iddiaya baxılması üçün konkret müddət nəzərdə tutulur. Məhkəmə iddianın qeydə alınmasından sonra 6 ay ərzində ona baxıb qərar çıxarmalıdır. Bu məhkəmənin qərarlarının böyük əksəriyyəti yerinə yetirilir. Milli məhkəmələr isə onun çıxardığı qərarları şübhə altına ala bilməz. Məhkəmənin sədri və 15 vitse-prezidenti, habelə müxtəlif ölkələrdən olan onlarla üzvü, alternativ üzvləri var. Onların hamısı beynəlxalq hüquq üzrə aparıcı mütəxəssislərdir. Məhkəmənin şikayətləri qəbul edib qeydiyyata alan katibliyi Parisdə yerləşir. Eyni zamanda məhkəmənin qitələr üzrə regional bölmələri də var. Məhkəmədə şikayətə baxılması üçün şikayət edən tərəf müəyyən rüsum ödəməlidir.
İndiki halda Beynəlxalq Arbitraj Məhkəməsinin Xəzərdəki mübahisəli yataqlarla bağlı qərar çıxarması mürəkkəb məsələ hesab edilir. Çünki Xəzərin hüquqi statusu müəyyən deyil və bu məsələ beynəlxalq məhkəmənin deyil, siyasi danışıqların predmetidir. Xəzərlə bağlı beynəlxalq sənədlər isə keçmiş SSRİ-nin hüquqi-normativ aktları hesab oluna bilər. Ekspertlər hesab edir ki, Xəzərin statusu ilə bağlı beş sahilyanı ölkə arasında siyasi danışıqların davam etdiyi bir vaxtda Beynəlxalq Arbitraj Məhkəməsindən Türkmənistanın iddiasına konkret cavab verilməsi çətin olacaq. Keçmiş SSRİ-nin hüquqi-normativ aktlarına görə «Azəri-Çıraq» yataqları Xəzərin Azərbaycan milli sektorunda yerləşir, mübahisəli «Kəpəz» yatağı isə vaxtilə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib. Bu yataq Xəzərin Azərbaycan və Türkmənistan milli sektorlarının kəsişməsi yaxınlığındadır. Hərçənd ki, Türkmənistan həmin hüdudları tanımır.
 
 
  • Yazılıb
  • da (də) 2009 Jul 28